24/09/2018 18:05
728 x 90

3 il əvvəl təqaüdə çıxsa da, polkovnik Habil Əlişanov yenə sıralarımızdadır...

img

Deyirlər, insan övladı dünyanı tanımağa, özünü dərk etməyə başladığı gündən hər yerdə ədalət axtarır. Əksər hallarda da hərə öz mənafeyini önə çəkir, əməllərinə haqq qazandırır, axtardığı ədaləti öz tərəfində bilir,öz yanında görür.

Elə bu zərurətdən qadağalar ortaya çıxıb. Daha sonra təkmilləşdikcə təkmilləşən qanunlar cəmiyyətdə ictimai münasibətləri tənzimləyib, insanları hüquq pozuntularından qoruyub, hüquqi normalar ərsəyə gəlib.

Qanunun aliliyini, kimin tərəfində olmasını müəyyən edən peşələr də sonradan meydana çıxıb. Deyim ki, bu peşə sahibləri dünyanın hansı yerində, hansı quruluşda yaşamasından asılı olmayaraq cəmiyyətdə ən nüfuzlu insanlar hesab olunublar.

Hüququn tərəfindən, qanunların aliliyi mövqeyindən çıxış edən insanlar ümumilikdə cəmiyyətin mənafeyini müdafiə edir. Onların əməyindən, araşdırmalarından, apardıqları istintaqdan, çıxardığı qərarlardan daha çox cəmiyyət xeyir görür.

Xoşbəxtəm ki, ömrümün 40 ilini daxili işlər orqanlarında xidmətə həsr etmişəm. DİN-in müxtəlif qurumlarında istintaq sahəsində çalışmışam. Bu illər məni çox bərkə-boşa çəkib, çox sınaqlardan çıxmışam. Sevinirəm ki, bu sahəni yüksək səviyyədə bilən peşəkarlar dünən də olub, bu gün də var, sabah da olacaq...

Xidmətim ərzində çox dəyərli insanlarla çiyin-çiyinə çalışmışam. Onlardan biri də polis polkovniki Habil Əlişanovdur. Elə bu yaxınlarda 60 yaşının tamam olmasını fürsət bilib onun haqqında öz ürək sözlərimi qələmə aldım.

Habil müəllimi çoxdan tanıyıram. Xarici görünüşündən, ünsiyyətdən illər öncə gördüyüm kimi də qalıb - bəstə boylu, yığcam bədənli, gülərüz, mehriban.

Yerişindən, duruşundan cavan görünür, amma ağsaqqal kimi çox dəyərli tövsiyələr verir.

H.Əlişanov Qubada doğulub boya-başa çatıb. Orta məktəbi qızıl medalla, universitetin hüquq fakültəsini fərqlənmə diplomi ilə bitirib. Bir müddət Dəvəçi Rayon Daxili İşlər Şöbəsində (Şabran RPŞ) müstəntiq, baş müstəntiq işləyib. Sonradan xidməti fəaliyyəti DİN İstintaq İdarəsi ilə bağlı olub. O öz biliyi, peşəkarlığı, yüksək erudisiyası, sağlam mühakimə yürütmək bacarığı və analitik təfəkkürü ilə fərqlənib. Vəzifə pillələri ilə irəliləyib, Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinədək yüksəlib.

Dəyərli xidməti rəhbərlik tərəfindən yüksək qimətləndirilib. Dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

3 il əvvəl təqaüdə çıxsa da, yenə də sıralarımızdadır, bizimlədir. Səmimi dost, qayğıkeş insan, peşəkar hüquqşunas kimi öz ənənələrinə sadiq qalır, çətinə düşəndən dəyərli fikirlərini, məsləhətlərini heç vaxt əsirgəməyib, əsirgəməz də. Çünki o, ədalət yolunun yolçusudur.

Fərhad SÜLEYMANOV
DİN Veteranlar Şurasının sədri

Son xəbərlər