19/07/2018 06:09
728 x 90

Şərəfli xidmət yolu... - FOTO

img

Qusar Rayon Polis Şöbəsinin binasının foyesində şəhid əməkdaşlarımızın xatirəsinə güşə yaradılıb.

Güşəyə baxdıqca xəyallara dalmamaq mümkün deyil. Şərəfli polis andına sadiq bir-birindən igid mərd zabitlərimiz. Onların arasında bir əməkdaşımız da var ki şəkli insanı özünə cəlb edir. Polis mayoru Qalib Quliyev. Onun dik duruşlu baxışları insana sanki bir güc verir.

Şəhid polisimizin 44 illik şərəfli həyat yolundan söz açmaq istəyirəm.

İgid zabitimiz 1969-cu ilin martın 21 də Qubanın Çiçi kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Türmənistan Respublikasında hərbi xidmətə yollanıb. Vətənə qayıtdıqdan sonra Quba Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmətə başlayıb. Xidmətinin ilk illəri Dağlıq Qarabağ uğrunda döyüşlərin daha geniş miqyas aldığı, düşmən təcavüzünün genişləndiyi vaxtlar idi. Qalib digər həmkarları ilə dəfələrlə müharibə gedən ərazilərə ezam olunub, igidliklə vuruşub.

Daha gənc vaxtlarında polis olmaq istəyən Q.Quliyev öz istəyinə çatmışdı. Amma bu ona kifayət etmirdi. Nümunəvi xidmət edən, savadı və dünyagörüşü fərglənən Qalib təhsili artırmaq üçün DİN Polis Akademiyasına daxil olub və 1995 ci ildə “polis leytenantı” xüsusi rütbəsi alaraq Qusar RPŞ-nin Cinayət Axtarışı bölməsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. Qusarda xidmət heç də asan deyildi. Amma göstərdiyi qüsursuz xidmətin nəticəsi idi ki çətin tapşırıqların əksəriyyəti məhz Qalibə tapşırılırdı. O isə hər zaman alnı açıq, üzü ağ rəhbərliyin etimadını doğruldurdu.

Dəfələrlə cinayətkarlıqla mübarizədə çətin və təhlükəli əməliyyat axtarış tədbirlərində iştirak edən Qalib 2007-ci ildə sərt sınağa çəkilmişdi. Həmin il sentyabr ayının 26-da polisin keçirdiyi əməliyyatda 3 güllə yarası alan igidimiz uzun müddət müalicədən sonra yenə öz vəzifəsinin başında idi. Qəlbindəki Vətən sevgisi, dövlətə xidmət, vətəndaşların təhlükəsizliyinin keşiyində dayanmaq istəyi Qabili bu hadisədən sonra daha da güclü etmişdi.

Amma 2013-cü ildə hər şey tamamilə dəyişdi. Oktyabrın 16-da Qusarda ağır cinayət baş verdi. RPŞ-nin əməkdaşları tərəfindən özlərini “Meşə qardaşları” adlandıran radikal dini qruplaşmanın üzvlərinə qarşı əməliyyat tədbiri keçirilidi. Polis mayoru Qalib Quliyev də hadisə yerinə gedən əməliyyat qrupunda idi. Gizlənən cinayətkarlar polis əməkdaşlarını qəfildən atəşə tutdular. Qusar RPŞ-nin əməkdaşları Məhəmməd İbrahimov, Mövlud Əliyev və Cəmil Nəsirov atışma zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildilər. Lakin polis mayoru Qalib Quliyev aldığı güllə yaralarından həlak oldu. O an bütün Qusar sakinləri bu itkini öz faciələri kimi qarşıladılar. Heç kim buna inanmaq istəmirdi. Ağır cinayətlər törədərək cəzadan yayınmaq üçün polisə silahlı müqavimət göstərən qatı cinayətkarları hamı lənətləyirdi.

Onun vətən uğrunda göstərdiyi igidlik ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Möhtərəm Prezidentimizin 1 iyul 2014-cü il tarixli sərəncamı ilə Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Qalib Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olundu.

Allah rəhmət eləsin!

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru
polis leytenantı

Son xəbərlər