19/07/2018 06:10
728 x 90

Elm günü dövlətin alimlərə dəstəyinin daha bir forması kimi…

img

Firdovsiyyə Əhmədova: “Hesab edirəm ki, belə bir günün təsis edilməsi elmlə məşğul olan insanların əməyinə qiymət verilməsi baxımından həm də əlaqədar qurumlara bir mesajdır”
Vaqif Abışov: “Elm gününün təsis edilməsi elmin inkişafına təkan verən amillərdən biridir”
Amal Həsənli: “Bu günün təsis edilməsində əsas məqsəd Azərbaycan elmini dünyaya tanıtmaq, bu sahədə çalışan alimlərin fəaliyyətini stimullaşdırmaqdır”
Faiq Ələkbərli: “Elm gününün təsis edilməsi və nöbvəti ildən qeyd edilməsi elmin dövlətin həyatında oynadığı mühüm rolu ön plana çıxaracaq”

 

Azərbaycan elminin inkişafı, gənc alimlər nəslinin yetişməsi, alimlərin sosial rifah halının yaxşılaşdırılması kimi məsələlər dövlətin prioritet saydığı məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Elm günü təsis edilib. Sərəncamda qeyd edilir ki, hər il martın 27-si Azərbaycanda Elm günü kimi qeyd ediləcək.

Sərəncam cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq imzalanıb. Elm gününün təsis edilməsi elmin gələcək inkişafında, bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasında, alimlərin əməyinin stimullaşdırılmasında nə kimi rol oynayır?

Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, Elm gününün təsis edilməsinin xüsusi əhəmiyyəti var. Alim hesab edir ki, elm üçün xüsusi günün təsis edilməsi elmin və elmlə məşğul olan insanların çiyinlərinə məsuliyyət qoyur: “Bilirsiniz, elmi işçilər üçün ayrıca bir günün təsis edilməsi bütün hallarda müsbətdir və təqdir olunası bir göstəricidir. Bu onu göstərir ki, cəmiyyətdə elmə münasibət müsbətdir və elm dövlət başçısı səviyyəsində qiymətləndirilir. Ancaq xüsusi günün təsis edilməsi həm dövlət qurumlarının, həm də elmi işlə məşğul olan insanların qarşısına yeni vəzifələr qoyur. Söhbət ondan gedir ki, Azərbaycanda elmin inkişafı tarixi intensiv olaraq əsasən XX yüzilliyin payına düşür. 27 martın da Elm günü kimi təsis edilməsi də təsadüfi deyil. Çünki 27 mart tarixində Azərbaycan Elmlər Akademiyası təsis edilib. Hesab edirəm ki, belə bir günün təsis edilməsi elmlə məşğul olan insanların əməyinə qiymət verilməsi baxımından həm də əlaqədar qurumlara bir mesajdır. Yəni onsuz da elm sahəsini seçən, elmlə məşğul olan insanlar fədakar insanlardır. Çünki elm elə bir sahədir ki, ən yaxşı halda insanın şöhrətlənməsinə, cəmiyyətdə tanınmasına, mənəvi nüfuz qazanmasına səbəb olur. Amma alimlərinin əməyinin qiymətləndirilməsi isə artıq elm sahəsində çalışan insanların iradəsi xaricində olan bir məsələdir. Hesab edirəm ki, Prezident sərəncamı ilə xüsusi olaraq Elm gününün təsis edilməsi elmi işçilərin, elmlə məşğul olan insanların əməyinin dəyərləndirilməsi baxımından növbəti addımlarla müşayiət olunacaq. Ən azından, bu, elm sahəsində çalışan insanlarda bir ümid doğurur. Digər tərəfdən isə, elm adamlarının da müvafiq olaraq öz məsuliyyətlərini artırır, onların elm sahəsində daha səmərəli çalışmalarına stimul verir. Elm gününün təsis olunması həm yaradıcılıq baxımından stimul yaradan bir addımdır, başqa bir tərəfdən isə zehni əməyi, əqli əməyi dəyərləndirmək baxımından da müvafiq qurumlara verilən bir tapşırıqdır ki, alimlərin əməyi qədərincə, yüksək səviyyədə dəyərləndirilsin”.   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bizimlə söhbətində dövlət başçısının sərəncamı ilə xüsusi olaraq Elm gününün təsis edilməsini yüksək qiymətləndirərək bildirdi ki, bu, elm və elm xadimləri üçün böyük təkanverici gücə malikdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq elm sahəsini diqqət mərkəzində saxlayır. Prezidentin bir neçə gün əvvəl Elm gününün təsis edilməsi ilə bağlı imzaladığı sərəncam olduqca böyük əhəmiyyətə malikdir. Bir alim kimi bu sərəncamı müsbət qarşılayıram. Bilirsiniz ki, müxtəlif peşə sahibləri ilə bağlı xüsusi günlər var, ancaq elm adamları üçün yox idi. Elm gününün təsis edilməsi elm sahəsi və həyatını bu sahəyə həsr edən insanlar üçün böyük bir stimuldur. Elm gününün təsis edilməsi elmin inkişafına təkan verən amillərdən biridir. Bundan sonra hər il martın 27-də Elm gününün qeyd edilməsi həm də ona görə müsbət haldır ki, elm adamları, elm xadimləri həm də özləri elm qarşısında gördükləri, görəcəkləri işlərlə bağlı hesabat verəcəklər. Yəni bu, rəsmi xarakter daşıyacaq. Alimlər düşünəcəklər ki, gələn il bizim bayramımız qeyd ediləcək, ona qədər elm üçün işlər görməliyik, yaxud bu bir il ərzində elmdə nə yeniliklər etmişik, ona nə kimi fayda vermişik, perspektivdə hansı işlərin görülməsini nəzərdə tutmalıyıq? Bu baxımdan, bu günün təsis edilməsi çox əhəmiyyətlidir, eyni zamanda da alimlərin özünün eləmə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq”.

V.Abışov hesab edir ki, Elm gününün təsis edilməsinin başlıca əhəmiyyətindən biri də gənclərin elm sahəsinə daha kütləvi gəlməsinə, maraq göstərməsinə səbəb olmasıdır. “Mən Elmlər Akademiyasında işləyən bir alim kimi gənclərin elmə gəlməsinə tərəfdaram. Deyim ki, gənclərin elm sahəsinə gəlməsinə problem olan bəzi amillər var. Ancaq bu günün təsis edilməsi gənclərin elmə gəlməsini sürətləndirəcək, bu onlara gerçək bir stimul verəcək ki, elm sahəsinə gəlsinlər və elmi fəaliyyətlə məşğul olsunlar. Bu sərəncamda ancaq müsbət çalarlar var. Bu. elmin inkişafına həqiqətən də təkan verəcək və buna təbii ki, alimlərin hər birinin münasibəti müsbət olmalıdır” -deyə V.Abışov qeyd etdi.

AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, gənc alim Amal Həsənli də hesab edir ki, Prezidentin sərəncamı ilə Elm gününün təsis edilməsi elm sahəsində çalışan insanlara, xüsusən də gənclərə güclü stimul verəcək: “Azərbaycanda elmin müxtəlif sahələri sürətli inkişaf edib. Artıq Azərbaycanda iqtisadiyyatın, neftin müxtəlif sahələrinin sürətli inkişafı Azərbaycan elminin tətbiqi sahələrinin genişlənməsindən xəbər verir. Məhz bu cəhətlər nəzərə alınaraq ölkə başçısının sərəncamı ilə Elm günü təsis edilib. Bu günün təsis edilməsində əsas məqsəd Azərbaycan elmini dünyaya tanıtmaq, bu sahədə çalışan alimlərin fəaliyyətini stimullaşdırmaqdır. Qeyd edim ki, bu həm də Azərbaycan elminin sivil ölkələr arasında öz yerini müəyyənləşdirməyə xidmət edir. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi Azərbaycan elminin inkişaf istiqamətlərinin hərtərəfli təmin edilməsinə xidmət edir. Artıq bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün layihələr hazırlanır və Azərbaycan elminin inkişafının dünya səviyyəsində inkişafını təmin edir. Bu sərəncam Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Elm gününün təsis edilməsi ilə bağlı olan sənəd ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir vətəndaşın rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir”.

AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, Elm gününün təsis edilməsi elm və elm adamları üçün böyük əhəmiyyətə malikdir: “Elm gününün təsis edilməsini müsbət qarşılayıram və təqdirəlayiq hal hesab edirəm. Fikrimcə, bu, elmə münasibəti müsbət istiqamətdə dəyişəcək və elmə verilən dəyərin çəkisini daha da artıracaq. Xüsusilə də son illər ərzində elm və elm adamlarına olan bəzi neqativ halların aradan qaldırılması üçün faydalı olacaq. Yəni cəmiyyət daxilində elm adamlarına bəzən yuxarıdan aşağı baxılması hallarına müsbət anlamda təsir göstərəcək. Eyni zamanda da Elm gününün təsis edilməsi və növbəti ildən qeyd edilməsi elmin dövlətin həyatında oynadığı mühüm rolu ön plana çıxaracaq”.

İradə SARIYEVA

Son xəbərlər