25/06/2018 17:35
728 x 90

AZAL və Mülki Aviasiya Administrasiyası ölkəyə turist axınını artıra bilən layihə razılaşdırıblar

“Çarter uçuşlarını təşkil edənlər üçün belə bir subsidiyaların ayrılması həmin reyslərin artmasına səbəb olacaq”

img

Bahadur Bilalov: “Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi ölkəyə gələn turistlərin sayının artmasına kömək edəcək”

 

Ölkəmizdə turizm sektorunda aparılan islahatlar, bu sahə ilə bağlı keçirilən beynəlxalq tədbirlər, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilər Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Son illər ölkəmizin uğurlu təbliği istiqamətində həyata keçirilən strategiya sayəsində Azərbaycana gələn turistlərin sayında müsbət dinamika müşahidə olunur.

Turizm sahəsinin inkişafı ilə bağlı müxtəlif vaxtlarda dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunub. Turizmin inkişafı istiqamətində təklif olunan güzəştlərdən biri də Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılmasıdır. Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yerli istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud olan hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı AZAL və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb.

Turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsinin turizm sahəsinə təsiri barədə ekspert Bahadur Bilalovla söhbət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı ilə bağlı atılan hər bir addım bu sahənin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur: “Hesab edirəm ki, ölkəyə turist gətirməklə məşğul olan şirkətlərə müəyyən güzəştlərin tətbiq olunması təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, çarter uçuşlarının yerinə yetirilməsi müəyyən vəsait tələb edir. Həmin vəsaitin olmaması ucbatından uçuşları təşkil etmək mümkün olmur”.

Həmsöhbətimiz hesab edir ki, çarter uçuşlarını təşkil edənlər üçün belə bir subsidiyaların ayrılması həmin reyslərin artmasına səbəb olacaq. Təbii ki, bu hal ölkəyə gələn turistlərin sayının artmasına kömək edəcək.

Günel CƏLİLOVA

Son xəbərlər