23/09/2018 20:54
728 x 90

Qeyrətli oğul zirvəsi... - FOTO

img

Müharibə hər bir hərbi qulluqçu üçün amansız döyüş sınaqları ilə üz-üzə qalmaq deməkdir. Cəsarət, iradə, mənəvi əqidə və döyüş qabiliyyəti olmadan bu ağır sınaqlar qarşısında tab gətirmək çətindir. Şəhid hərbi qulluqçularımızın döyüş yoluna nəzər saldıqda, onların timsalında məhz bu keyfiyyətlərin birləşdiyi döyüşçü şəxsiyyətini təsəvvürümüzə gətiririk. Döyüşçü döyüş taleli insan anlamını ifadə edən sözdür. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə neçə belə döyüşçü odlu səngərlərdə yetişdi və Vətənin müdafiəsində fədakarlıq göstərdi.

Daxili Qoşunların şəhid hərbi qulluqçusu əsgər İsgəndərov Əlisgəndər Əbdüləhəd oğlunun döyüş yolu doğma torpağa və xalqa sədaqət nümunəsidir. O, 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olub. İsgəndərovlar ailəsində 4 qız, 2 oğul övladı dünyaya göz açıb. Əlisgəndər həm valideynlərinə, həm də qardaş və bacılarına çox qayğıkeş olub.

Əlisgəndər Bakının Nəsimi rayonundakı 5 saylı orta ümumtəhsil məktəbində 8 il oxuyub. Sonra Dərnəgül qəsəbəsindəki 4 saylı texniki-peşə məktəbində təhsil alıb. Burada motorçu-qaynaqçı ixtisasına yiyələnib. Ailə üzvlərinin dediyinə görə, Əlisgəndər zəhmətkeşliyi ilə seçilib, öz peşəsində də bacarıqlı olub. O, hərbi xidmətə qədər Xəzər Gəmi Təmiri İstehsalat Birliyinin D.Bünyadzadə adına müəssisəsində öz ixtisası üzrə işləyib. Əmək kollektivində müsbət xarakterizə olunub.

1991-ci ilin dekabr ayında Əlisgəndər Nəsimi Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Respublika Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına qəbul olunan ilk çağırışçıların arasında o da vardı. Daxili Qoşunların o vaxt tərkibində olmuş, paytaxtda yerləşmiş “N” saylı hərbi hissədə (1993-cü ilin yanvar ayından Daxili Qoşunların tərkibindən çıxarılıb - Y.Q.) hərbi xidmətə başlayıb. Bu hərbi hissədə hərbi andı qəbul edib. Hərbi hissənin 3-cü bölüyündə atıcı vəzifəsində xidmət edib. Qeyd edim ki, “N” saylı hərbi hissə öz təyinatı üzrə o dövrdə islah-əmək müəssisələri sistemində (hazırda penitensiar sistem - Y.Q.) spesifik vəzifələr yerinə yetirib. Buna baxmayaraq, müharibə vəziyyəti olduğundan, hərbi hissədən müntəzəm olaraq döyüş bölgələrinə şəxsi heyət göndərilib. Əsgər kimi hərbi xidmət borcunu vicdanla yerinə yetirən Əlisgəndər özünün də ön cəbhəyə göndərilməsinə can atırdı. Hərbi hissədə formalaşdırılmış xüsusi dəstənin tərkibində Ağdam-Ağdərə döyüş zonasına o da ezam olunmuş, torpaqlarımızın müdafiəsində dayanaraq, ilk müharibə sınaqlarından ləyaqətlə çıxmışdı. 1992-ci ilin mart ayının 12-də Daxili Qoşunlar erməni işğalçılarına qarşı döyüşə başlamışdı. Həmin ilin iyun ayından etibarən döyüş zonasında şəxsi heyətin cəmləşdirildiyi hərbi hissələr formalaşdırılırdı.

Əsgər Ə.İsgəndərov 1992-ci ilin iyul ayında paytaxtdakı “N” saylı hərbi hissənin birləşmiş hərbi dəstəsinin tərkibində Tərtər rayonuna göndərilib. Buradan isə Ağdərə istiqamətində düşmənlə təmas xəttindəki ön mövqelərimizin müdafiəsinə cəlb edilib.

Torpaqlarımızın müdafiəsində cəsur döyüşçü kimi mətinlik göstərib, düşmənə qarşı qisas və nifrət hissi ilə vuruşub. Vətənpərvər bir əsgər kimi barıt qoxulu səngərlərdə öz iradə və qətiyyətini nümayiş etdirib.

Əlisgəndərin döyüş yolunun son hissəsi Tərtər-Ağdərə cəbhə bölgəsində keçib. 1992-ci ilin iyul ayının sonu və avqust ayının əvvəllərində (28.07-07.08.1992-ci il) bu istiqamətdə şiddətli döyüşlər ara verməyib. Həm müdafiə, həm də hücum xarakterli bu qanlı döyüşlərdə onlarla şəhid olan, itkin düşən və yaralanan, kontuziya alan hərbi qulluqçularımız vardı. O gərgin şəraitdə həlak olmuş bəzi hərbi qulluqçularımızın ölüm tarixinin qeydiyyatında yol verilmiş xətaları başa düşmək olar. Tanış olduğum bəzi sənədlərdə Əlisgəndərin ölüm tarixi üst-üstə düşməsə də, ölüm haqqında şəhadətnaməyə və ölümün təsdiq edilməsi barədə müvafiq rəyin məzmununa əsaslansaq, o, 1992-ci il avqustun 5-də Möhrətaq kəndi (hazırda Kiçik Qarabəy adlanır, işğal altındadır - Y.Q.) uğrunda gedən döyüşdə çoxsaylı qəlpə yaralarından həlak olub.

Ölüm haqqında şəhadətnamədə şəhidin meyitinin kəskin çürüməsi və yanması da qeyd edilib. Şəhid hərbi qulluqçumuz Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli Fərmanı ilə əsgər İsgəndərov Əlisgəndər Əbdüləhəd oğlu respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib (ölümündən sonra).

Paytaxtımızın Nəsimi rayonunda şəhidin ailəsi yaşayan binanın yerləşdiyi küçəyə onun adı verilib. Ancaq mən o ünvanda olarkən bu barədə bir lövhəyə rast gəlmədim. Halbuki, bununla əlaqədar Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin (hazırda Bakı Şəhər İcra Hakimiyyəti) 19 mart 1993-cü il tarixli, 6/38 nömrəli qərarı var.

 Əlisgəndərin şərəfli döyüş yolu barədə ötən illərdə respublikamızın ayrı-ayrı qəzetlərində məqalələr dərc olunub. 1997-ci ildə İ.Z.İsmayılovun müəllifi olduğu “Nəsimi rayonunun şəhidləri” kitabı işıq üzü görüb və bu nəşrdə də Əlisgəndər barədə yazı verilib.

2017-ci ildə dünyasını dəyişmiş Əlisgəndərin anası Nəcimə xanım son nəfəsinədək onun yoxluğu ilə barışmayıb.

Ahıl yaşında olan atası, ailənin digər üzvləri, onu yaxından tanıyanların, silahdaşlarının yaddaşında Əlisgəndər qeyrətli oğul kimi qalacaq.

Allah rəhmət eləsin!

Yalçın QAYA

Son xəbərlər