25/06/2018 17:36
728 x 90

Bakı kəndlərinin böyük mədəni turizm potensialı diqqət çəkməyə başlayıb

img

Həyat Məhərrəmova: “Turistləri Bakı kəndlərinə cəlb etməklə…”
Çingiz İsmayılov: “Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində Abşeron kəndlərində turizmin inkişafına dair xüsusi layihə işlənib hazırlanmalıdır”

 

Bakı kənd və qəsəbələri özünün bir sıra göstəricilərinə görə respublikamıza gələn turistlər üçün böyük maraq kəsb edir. Abşeron yarımadasında yerləşən tarixi, eləcə də təbiət abidələri turistlərin diqqətini cəkəcək dərəcədə əhəmiyyətlidir.

Qeyd edək ki, tarixən Bakı kəndləri səyyahların ən çox ziyarət etdiyi məkanalardan olub. Onu da vurğulayaq ki, vaxtilə Suraxanıda yerləşən Atəşgah dünya atəşpərəstlərinin ziyarət yerinə çevrilib. Bu gün də bir sıra hallarda oda sitayiş edənlərin Atəşgaha gəlib buranı ziyarət etdiyi bildirilir. Bakı kəndlərinin mədəni-tarixi turizm imkanlarının hədsiz dərəcədə geniş olduğu məlumdur. Bakı kəndlərində mədəni, ekoloji turizmin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edən ekspertlər hesab edirlər ki, bu sahənin yüksək səviyyədə inkişafı nəticəsində böyük nailiyyətlər əldə etmək olar.

Qeyd edək ki, Abşeron ərazisində Bilgəh qalası, Mərdəkan qalası, Qaraçı karvansarası, Sufi Həmid türbəsi, Şağan qalası olduqca dəyərli abidələrdir.

Onu da vurğulayaq ki, təkcə Abşeron rayonu ərazisində hələ XIV-XVII əsrlərdən yadigar qalan  tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Xırdalanda Məşədi İmambaxış hamamı,  Hacı Həsən ovdanı, Novxanıda XVII əsrdə tikilmiş Şah Sultan Hüseyn məscidi, Masazırda XV əsrin yadigarı "Xan bağı" türbəsi, Məmmədlidə "Yanar dağ",  XVIII əsrə aid ovdan, ağ məscid, Hökməlidə XIX əsrdən mövcud olan Əlimurad hamamı və xalçaçılıq, Fatmayıda XVII əsrdə inşa edilən Hacı Heybət məscidi, XIX əsrdə yaradılan Məhəmməd Həsən hamamı, XIX əsrdən mövcud olan Əlibattı məscidi, Digahda XVII əsrdə yaradılan Cümə məscidi, Tunc dövrünə aid kurqan,

Sarayda Köhnə Saraydakı qədim hamam binası turistlər üçün böyük maraq kəsb edə bilər.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Bakı kəndləri, Abşeron ərazisi mədəni turizm üçün olduqca əlverişli bir məkandır. Onun qeyd etdiyinə görə, burada elə abidələr var ki, onlar həm Şərq, həm də Qərb ölkələrindən gələn turistlər üçün maraqlıdır: “Bakı kəndləri öz spesifikliyinə görə seçilir. Abşeron təbiəti, torpağı olduqca zəngindir. Qədim abidələr məkanı olan bu yerlər tarixən səyyahların ziyarət etdiyi yerlər olub. Onu da deyim ki, qədim zamanlardan başlayaraq, Abşeron ərazisindən ölkəmizdən kənarlara neft, əhəng daşıyıblar. Demək istəyirəm ki, Bakı kəndləri həmişə əcnəbilərin diqqət mərkəzində olub. Bu gün burada mədəni turizmin yaradılmasının böyük əhəmiyyəti olardı. Bildiyim qədər, artıq Bakı kəndlərindəki abidələr turizm marşrutlarına salınır. Bu işi daha da genişləndirmək vacibdir. Turistləri Bakı kəndlərinə cəlb etməklə biz həm tariximizi, həm təbiətimizin zənginliyini, həm abidələrimizi, həm də milli adət və ənənələrimizi tanıda bilərik”.

Turizm üzrə mütəxəssis Çingiz İsmayılovun sözlərinə görə də bu gün Bakı kəndlərinə mədəni, ekoloji, arxeoloji turizmin təşkilinə böyük ehtiyac var: “Bakı kəndlərinin böyük tarixi var. Orada həm tarixi, həm dini abidələr, maraqlı arxitekturalı binalar mövcuddur. Bunlar turistlərin diqqətini birmənalı olaraq çəkə bilər. Bu gün turistləri Bakı kəndlərinə, eləcə də bölgələrə cəlb etmək üçün əsas məsələ infrastrukturun yaradılmasıdır. Yəni keyfiyyətli yollar olmalıdır. Bilirsiniz ki, bir neçə il əvvəl Prezidentin sərəncamı ilə Abşeron kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı təsdiqlənib. Bu proqrama əsasən, Bakı kəndlərinin kəndarası yollarının təmiri həyata keçirilməyə başladı. Yəni bu çox vacib bir faktordur. Çünki turistlərin gəlib-getməsi üçün keyfiyyətli yol olmalıdır. Əlbəttə, müvafiq turizm şirkətləri turistləri Bakı kəndlərinə cəlb etmək üçün uyğun bukletlər hazırlamalıdırlar. Məsələn, bu bukletlərdə Maştağa qəsəbəsində, yaxud Şüvəlanda, habelə başqa kəndlərdə mövcud olan tarixi binalar, abidələr, dini obyektlər haqqında məlumat öz əksini tapmalıdır. Bu sahəni təbliğ etmək üçün infrastrukturla yanaşı, həm də yüksək səviyyədə reklam işi həyata keçirilməlidir. Reklam bukletləri həm Azərbaycan, həm də ingilis dillərində olmalıdr. Xarici qonaqlar bukletlər vasitəsilə turizm obyektləri haqqında məlumat əldə edib onları ziyarət etməyə maraq göstərməlidirlər. Eyni zamanda da Abşeron kəndləri haqqında məlumatı olan bələdçilər olmalıdırlar ki, həmin abidələr haqqında turistlərə geniş bilgilər versinlər. Yəni bu məsələ köklü surətdə təhlil olunmalıdır. Abşeronda tarixi abidələrlə yanaşı, təbiət abidələri də var. Burada göllər, qədim neft buruqları var. Balaxanı, Suraxanı, Sabunçu ərazisində olan qədim neft buruqları da turistləri maraqlandırar. Azərbaycanda neft sənayesinin tarixi 150 ildən artıqdır”.

Ç.İsmayılov qeyd etdi ki, hazırda Bakıətrafı kəndlərə turist cəlb edilməsi vacibdir. Onun sözlərinə görə, Abşeron kəndlərinin yaranma tarixi, buradakı adətlər, insanların həyat tərzi də turistlərin marağına səbəb ola bilər. Turistləri cəlb etmək üçün xüsusi proqram tərtib edilməsinə ehtiyac olduğunu deyən Ç.İsmayılovun fikrincə, Mədəniyyət və Turizim Nazirliyi bu sahədə işlər görməlidir: “Deyərdim ki, bura turist cəlb etmək üçün geniş imkanlar var. Ancaq bu iş pərakəndə şəkildə deyil, xüsusi proqram çərçivəsində həyata keçirilməlidir. Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində Abşeron kəndlərində turizmin inkişafına dair xüsusi layihə işlənib hazırlanmalıdır. Bu layihə olarsa, bura turist cəlb etmək sahəsində çətinliklər olmayacaq”.

İradə SARIYEVA

Son xəbərlər