10/12/2018 00:19
728 x 90

Qarabağ cəngavəri – Əlif Hacıyev…

img

Birinci Qarabağ müharibəsi dövründə vətən uğrunda şəhid olan igidlərimizin arasında polis əməkdaşları da çoxdur. Onlardan biri də “Qarabağ Cəngavəri” kimi tanınan Əlif Hacıyevdir. Qısa tanışlıq üçün qeyd edək ki, o, 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 

Əlif uşaqlıqdan arzuladığı daxili işlər orqanlarında işə düzəlib. Milis sıralarındakı fəaliyyətinin ilk günlərindən başlayaraq daşnak ünsürlərinə qarşı mübarizəyə başlayıb. O vaxtlar DQMV-də ermənilərin uzun müddətdən bəri gizli fəaliyyət göstərən millətçi mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Təbii ki, belə bir terrorçu qüvvəni ifşa etmək o vaxtlar böyük risq tələb edirdi. Amma daşnakların əməlləri, onların gizli fəaliyyəti barədə artıq təcrübəli milis işçisi olan Əlif Hacıyev qorxub-çəkinmədən dəqiq məlumatlar toplaya bilmişdi. O, ermənilərin törətdiyi hər bir cinayətin üstünü vaxtında açır, onların bütün ümidlərini puça çıxarırdı. Qarabağın bu igid oğlunun cəsarətli addımları erməniləri əməlli-başlı narahat edir, onların yuxularını ərşə çəkirdi. Get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Artıq daşnak kabinetlərində cəsarətli eloğlumuzun aradan götürülməsi barədə planlar cızılırdı.

Çox keçmədi ki, Əlif saxta ittihamlarla günahlandırıldı. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkdi və onu 10 il müddətinə azadlıqdan məhrum etdilər. Beləliklə, ermənilərin cinayətkar əməllərinə artıq heç kim mane ola bilməyəcəkdi. 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.

1990-cı il… Əlifin gözlədiyi an gəlib çatdı. Haqq-ədalət öz yerini tapdı. O, azadlığın dadını yenidən hiss etdi.

Əlif Hacıyev həbsxanadan buraxıldıqdan sonra doğma yurdu Xocalıya qayıdıb. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi. O, dekabr ayında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edildi. Əlif, eyni zamanda, Xocalı Aeroportunun komendantı idi. Xocalı ilə bağlı erməni planlarını əvvəlcədən bilən Əlif Hacıyev hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Kömək isə gəlmirdi. Nəhayət, Əlifin qorxduğu dəhşətli hadisələr baş verdi. Erməni-rus hərbi birləşmələri tarixdə misli görünməyən cinayətə əl atdılar. Şəhəri talayıb günahsız əhaliyə divan tutan erməni vandallarının əsas məqsədi strateji mövqeyə malik Xocalı aeroportunu ələ keçirmək idi. Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. Nəhayət, xain düşmən gülləsi Qarabağ cəngavərinin vətən sevgisi ilə döyünən ürəyini də susdurdu. Vətən yolunda onu canından artıq sevən bir qeyrətli eloğlumuz da şəhidlik mərtəbəsinə yüksəldi. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn etdilər.

Həqiqətən də, Azərbaycan mərd oğul və qızları ilə fəxr edib öyünə bilər. Bizim güclü dövlətimiz var. Ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycan Silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəmlənməsi, kadr hazırlığının daha da yaxşılaşması deməkdir. Bu gün hamı inanır ki, torpaqlarımızdan düşmən sülh yolu ilə çıxmasa bu işi ordumuz görəcək.

Eşqin QASIMOV

Son xəbərlər