23/09/2018 20:57
728 x 90

Piyadalarla bağlı yol qaydaları sərtləşdirilə bilər – ciddi əsaslar var

“Piyada intizamsızdırsa, sürücü niyə günahkar olur?”

img

Ərşad Hüseynov: “Elə etmək lazımdır ki, “sürücü məni görür, yol verəcək” kimi stereotiplər olmasın”

 

Məşhur filmlərdən birində tez-tez istifadə olunan “qaydalar onları pozmaq üçündür” məsəli təəssüf ki, bəzi insanların adi həyat tərzinə çevrilir. Onlar qaydaları sadəcə pozmaq xatirinə pozur, heç bir çərçivəyə sığmırlar.

Belə halların ayrı-ayrı sahələrdə kütləviləşməsi isə xoşagəlməz hadisələrə, faciələrə, insan ölümlərinə yol açır. Buna şərait yaradan qayda pozuntularından biri də şəhərimizin bəzi sakinlərinin nəqliyyat sıxlığının olduğu yerlərdə piyadaların təhlükəsizliyi üçün quraşdırılmış yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından istifadə etməmələri, sürücülər üçün qəza şəraiti yaratmalarıdır.

Təəssüf ki, əksər hallarda piyadaların piyada keçidindən istifadə etməməsi yol-qəza hadisələrinin baş verməsinə səbəb olur. Yol-qəza hadisələrinin sayının azalması məqsədilə piyadalara qarşı cəzanın sərtləşdirilməsi təklif olunur. Belə bir təklifi parlamentin son iclasında millət vəkili Elmira Axundova irəli sürüb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına daxil olan ərizələrin böyük əksəriyyəti yol qəzaları ilə bağlıdır: “Qəzalar bir çox hallarda piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu, faciəvi qəzalara səbəb olur. Bu günlərdə Əfv Komissiyasının iclası keçirilib və inanın ki, əfv ərizələrinin böyük əksəriyyətini piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edir. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur, onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda piyadaların vurulması ilə bağlı yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirəndə daha çox sükan arxasında əyləşən sürücülərin günahkar olduğu bilinir: “Burada məntiqsizlik var. O zaman belə bir sual yaranır: piyada intizamsızdırsa, sürücü niyə günahkar olur? Problemin həll olunması üçün cərimələri artırmaq yox, məsuliyyətin labüdlüyünü artırmaq lazımdır. Maarifləndirmə istiqamətində dönüş yaratmaq vacibdir. Maarifləndirmə istiqamətində aparılan işləri dəyişmək lazımdır. İnsanın davranışı, onun dünyagörüşünün dəyişilməsi istiqamətində maarifləndirmə işi aparılmalıdır. İnsanların ümumi dünyagörüşünü dəyişən təbliğatlar aparılmalıdır. Elə etmək lazımdır ki, “sürücü məni görür, yol verəcək” kimi stereotiplər olmasın. Qaydalar deyirsə piyada keçidindən keç, deməli, bu cür etməlisən”.

Ekspertin fikrincə, cərimələrin məbləğinin artması təhlükəsizlik səviyyəsini qaldırmayacaq. İncəlik odur ki, yol hərəkəti qaydalarını pozan piyada birinci növbədə özünü təhlükəyə məruz qoyur. Onun əməli ətrafdakılardan daha çox özünə ziyandır.

Günel CƏLİLOVA 

Son xəbərlər