23/05/2018 18:53
728 x 90

Həcc ziyarətinin qiyməti niyə bahalaşdı…

img

Pərviz Heydərov: “Həcc ziyarətinin adambaşına düşən məbləğinin hansı meyarla hesablandığı bəlli deyil”

Cəmşid Əliyev: “İnsanların ziyarətini rahat həyata keçirməsinə, otellərin daha yaxın yerlərdə olmasına görə qiymətlər dəyişə bilər”

 

Fevralın 12-dən etibarən Azərbaycanda builki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilib. Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə tələb olunan xüsusi sənədləri təqdim etməlidirlər. 

Eyni zamanda, builki Həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir variantda Həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır – hazırkı məzənnə ilə 7042 manat təşkil edir.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, Həcc qiymətlərini müəyyənləşdirmək üçün QMİ nümayəndələri bir müddət əvvəl Səudiyyə Ərəbistanına səfər etmişdilər. Səfər zamanı Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacağı otellərin qiymətləri də danışılıb.

Ötən ildən etibarən QMİ Həcc ziyarəti üçün vahid qiymət siyasəti aparır, müxtəlif qiymət paketləri artıq təqdim edilmir.

Xatırladaq ki, ötən il Həcc ziyarətinin qiyməti 3850 ABŞ dolları idi. Həcc qiymətlərində ortalama 500 manat artım var.

Ötən ildən fərqli olaraq bu il Həcc ziyarətinin qiymətinin yüksəlməsi nə ilə bağlıdır? Bu sualla İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərova müraciət etdik.

P.Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Həcc ziyarətinin adambaşına düşən məbləğinin hansı meyarla hesablandığı bəlli deyil: “Təyyarə xərcləri, ziyarətçilərin aparılıb-gətirilməsindən əlavə xərclərin olması ictimaiyyətə açıqlanmalıdır. Qiymətin hansı meyarlara əsasən hesablandığı izah olunmalıdır”.

İlahiyyatçı Cəmşid Əliyevin sözlərinə görə, insanların ziyarətini rahat həyata keçirməsinə, otellərin daha yaxın yerlərdə olmasına görə qiymətlər dəyişə bilər: “Bəzi hallarda zəvvarlar daha ucuz olması üçün uzaq otel seçirlər. Ona görə Allahın evinə piyada gedib-gəlməli olurlar, tıxaclara düşürlər, ibadət yerlərinə vaxtında çata bilmirlər. Bu nöqteyi-nəzərdən qiymətlər fərqli ola bilər. Əvvəllər Məkkə və Mədinə arasında zəvvarların avtobusla hərəkəti nəzərdə tutulurdu. İndi isə bu çox zaman təyyarə ilə təşkil edilir. İnsanlar saatlarla avtobusla yol getməkdənsə, 3-4 saat təyyarə ilə səyahət etməyi üstün tuturlar. Bu zaman da qiymətlər dəyişə bilər. Ümumiyyətlə, zəvvarların təhlükəsizliyinə, rahatlığına hesablanıbsa, Həcc ziyarəti qiymətlərinin qalxması normaldır”.

Günel CƏLİLOVA

Son xəbərlər