19/11/2018 16:11
728 x 90

Azərbaycanda orqan köçürülməsinin qanuni tərəfləri və praktikası arasında ziddiyyətlərin həlli yolları müzakirədə...

“Orqan nəqli ilə bağlı Azərbaycanda “donor bankı” yaradılmalıdır”

img

Rasif Bağırov: “Orqan transplantasiyası elə bir sahədir ki, sırf dövlətin nəzarətində olmalıdır”

 

Orqan transplantasiyası sahəsində qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur. Bir neçə gün öncə Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov qeyd edib ki, donorların qohumluq məsələsi müzakirə olunmalıdır:

“Qanunda qohum olmayan insanların donor olmasına qadağa yoxdur. Sadəcə, Səhiyyə Nazirliyinin belə bir tövsiyəsi var. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda, Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıq belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamasını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

Orqan alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətlərin aradan qaldırılması və bu sahənin çərçivəyə salınması barədə fikir bildirən tibb sahəsi üzrə ekspert Rasif Bağırov bizimlə söhbətində qeyd etdi ki, orqan transplantasiyası ciddi nəzarətdə olmalıdır: “Bu elə bir sahədir ki, sırf dövlətin nəzarətində olmalıdır. Orqan nəqli ilə bağlı Azərbaycanda “donor bankı” yaradılmalıdır. Dünyanın hər yerində bu cür insanlardan, xüsusilə də gənc insanlardan orqan götürülür. Azərbaycanda da həmin insanların orqanlarını götürmək üçün “donor bankı” yaradılmalıdır. Orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətlərin götürülməsi bu sahədə kriminal işlərlə məşğul olanların sayının artırılması deməkdir. Ümumiyyətlə, orqanların alqı-satqısı qadağan olunmalıdır. Orqanların alqı-satqısı dünyanın heç bir yerində yoxdur və ola da bilməz. Azərbaycanda da bu olmamalıdır. Sadəcə olaraq donorluq mənbələri var. Bu mənbələr yaxın qohumlar, avtomobil qəzası keçirmiş, həmçinin, müəyyən situasiyalarda beyin ölümü keçirmiş praktiki sağlam adamlardır”.

Günel CƏLİLOVA

Son xəbərlər