20/08/2018 06:38
728 x 90

Əlillərin işlə təmin olunması üçün xüsusi məşğulluq kvotası nədir?

img

Sahib Məmmədov: “Əlilliyi olan şəxslər üçün ilk növbədə iş yerləri yaradılmalı və sosial müəssisələr haqqında qanun qəbul edilməlidir”
Davud Rəhimli: “Fiziki qüsurlu şəxslər işə götürülən zaman onlara müəyyən güzəştlər tətbiq olunmalıdır”

 

Sağlam həyat sürən insanlar işsizliklə mübarizə aparır və özünü hər hansı bir işlə təmin edirlər. Lakin fiziki imkanları məhdud olan insanlar bu problemdən daha çox əziyyət çəkirlər. Ölkəmizdə hazırda təxminən 400 mindən çox fiziki qüsurlu insan yaşayır.

Qeyd edək ki, hər bir fiziki qüsurlu şəxsin digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların məşğulluğudur.

Bu gün əlilliyi olan şəxslərin ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında millət vəkili Musa Quliyev əlillərin işlə təmin olunması ilə bağlı ya onlar üçün ayrıca məşğulluq kvotasının bərpa edilməsi, ya da əlillər üçün xüsusi iş yerləri kvotası yaradılması təklifi ilə çıxış edib. O qeyd edib ki, bundan başqa, sahibkarlar I qrup əlillər üçün xüsusi iş yerləri yaratmalıdırlar: “Eyni zamanda, əlillərin reabilitasiyası (reabilitasiya - əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması) ilə bağlı məsələ dəqiqləşməlidir ki, bu proqramı kim və necə həyata keçirəcək? Mən istəyirəm ki, bu qanun deklarativ yox, işlək bir qanun olsun".

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bizimlə söhbətində bildirdi ki, əlilliyi olan şəxslər üçün xüsusi bir fondun yaradılmasına ehtiyac yoxdur: “Bir sıra xarici ölkələrdə fiziki qüsurlu insanlar üçün xüsusi bir fond fəaliyyət göstərir. Amma o fondların vəsaiti işçilərdən toplanır. Xarici ölkələrdə əlillərin işə götürülməsi yükü sahibkarların üzərinə qoyulmur. Əgər hər hansı bir şirkətdə fiziki qüsurlu şəxs çalışırsa, bu onların reputasiyasına müsbət təsir göstərir. Misal üçün, bir neçə əlili işə götürən müəssisə mənfəət vergisindən azad olunur. Ölkəmizdə isə bəzən özəl sektor elə edir ki, heç mənfəət vergisi vermir. Əlilləri işlə təmin etmək kifayət deyil, onlar üçün bu müəssisələrdə şərait yaradılmalıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, əlilliyi olan şəxslər üçün ilk növbədə iş yerləri yaradılmalı və sosial müəssisələr haqqında qanun qəbul edilməlidir.

Əlil Təşkilatı İttifaqının sədri Davud Rəhimlinin sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamı ilə əlillərin işlə təmin olunması ilə bağlı kvota tətbiq olunub. Sadəcə, bu kvotanın icra olunması üçün müəyyən təkliflər səslənir: “Fiziki qüsurlu şəxslər işə götürülən zaman onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Yeni hazırlanan qanun layihəsində əlillərin işlə təmin olunması istiqamətində hazırlanan layihələr öz əksini tapar. Yox, yeni qanun layihəsi təsdiqlənərsə, əlillərin işlə təmin edilməsi ilə bağlı kvotaya dəyişiklik olunmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər