20/08/2018 06:38
728 x 90

Yüzillik yubiley tədbirləri sırasında ayrıca Cumhuriyyət muzeyi məsələsi…

img

Zaur Əliyev:Hesab edirəm ki, bununla bağlı kifayət qədər əsasımız var”
Məhərrəm Zülfüqarlı: “Bu gün bütün eksponatlar toplanmalı, bir yerə yığılmalı və Cumhuriyyət muzeyi yaradılmalıdır”
Anar İsgəndərli: “Bu muzey yaranarsa, Cumhuriyyətin 100 illiyinə ən böyük töhfə olardı”
Əli Mahmud:Cumhuriyyətin 100 illiyində Cumhuriyyət muzeyinin yaradılması olduqca vacibdir”

 

Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd etməyə hazırlaşırıq. Məlumdur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil oldu. Həmin tarix uzun illərdir dövlət səviyyəsində Respublika Günü kimi təntənə ilə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edilməsi və 2018-ci ilin Cumhuriyyət ili elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, heç şübhəsiz ki, tariximizin Cumhuriyyət dövrünə, Cumhuriyyət qurucularının xatirəsinə böyük ehtiramın nümunəsidir.

Azərbaycan Xalq Cumhuriyyəti dövrü tariximizin elə bir səhifəsidir ki, o səhifədə yazılanlar dövlətimizin, xalqımızın azadlığını, müstəqilliyini ifadə edir.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif təklif və fikirlər meydana gəlib. İctimaiyyət nümayəndələri, elm adamları öz fikir və təklifləri ilə Cumhuriyyətin 100 illiyinin daha yaddaqalan olmasına töhfə vermək istəyindədirlər

“Bakı-Xəbər”qəzeti olaraq biz də təklif edirik ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı Cumhuriyyət muzeyi yaradılsın. Çünki belə bir muzeyin yaradılması olduqca vacibdir. Bunun dövlət əhəmiyyətli bir iş olduğu da aydındır.

Bu gün ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən muzeylərin, demək olar ki, əksəriyyətində ayrıca Cumhuriyyət bölmələri var. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində, İstiqlal Muzeyində və digər muzeylərdə Cumhuriyyətə və onun qurucularına aid guşələr fəaliyyət göstərir. Biz dəfələrlə bu guşələri ziyarət etmişik, məktəblilər, tələbələr guşələrlə tanış olublar. Bu müsbət haldır. Bunların mövcudluğu ayrıca bir Cumhuriyyət muzeyinin yaradılmasına mane olmur.

Əlaqə saxladığımız ziyalılar və tarixçi alimlər qəzetimizin irəli sürdüyü ideyanı dəstəklədiklərini bildirdilər. Mütəxəssislərin sözlərinə görə, Cumhuriyyət muzeyi çoxdan yaranmalı idi. İdeyamıza dəstək olan ekspertlər bildirdilər ki, bu muzeyin yaradılmasına böyük ehtiyac var.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi Zaur Əliyev bizimlə söhbətində Cumhuriyyət muzeyinin yaradılması ideyasının olduqca əhəmiyyətli olduğunu dedi. Onun sözlərinə görə, Cumhuriyyət muzeyinin yaradılması tariximizin ən şanlı səhifələrindən birini təşkil edən ilk demokratik respublikamıza, Cumhuriyyət qurucularının irsinə verilən böyük dəyərlərdən biri olardı: “Bu il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşı tamam olur. Hər birimiz bu bayramı yüksək səviyyədə qeyd etməyə hazırlaşırıq. Xalqımızın həyatında, dövlətçilik tariximizdə xüsusi yeri olan Cumhuriyyətlə bağlı indiyə qədər xeyli iş görülüb, bundan sonra da görüləcək. Sizin təklifə gəlincə, deyim ki, çox vacib bir məsələyə toxunmusunuz. Azərbaycanda Cumhuriyyət muzeyinin yaradılmasına doğrudan da böyük ehtiyac var. Hesab edirəm ki, bununla bağlı kifayət qədər əsasımız da var. Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın həyatında, dövlətçilik tariximizin formalaşmasında əvəzsiz yeri var. Düşünürəm ki, əlaqədar qurumlar, muzey sahəsi üzrə mütəxəssislər bu ideyaya biganə qalmayacaqlar və Cumhuriyyət muzeyi yaradılacaq”.

Tarix üzrə fəlsəfə doktoru, tarixçi-alim Məhərrəm Zülfüqarlının fikrincə də Cumhuriyyət muzeyinin yaradılması olduqca vacibdir. O hesab edir ki, bu muzeyin qurulması üçün kifayət qədər marerial, eksponat var və o eksponatların böyük hissəsi xarici ölkələrdədir: “Cumhuriyyət dövrü Azərbaycan tarixinin şərəfli səhifəsidir. Müxtəlif muzeylərdə, o cümlədən də Azərbaycan Tarixi Muzeyində Cumhuriyyətlə bağlı eksponatlar var. Bu eksponatların sayını artırmaq və ayrıca Cumhuriyyət muzeyi yaratmaq tam mümkündür. Bilirsiniz ki, Cumhuriyyət qurucularının son taleyi qürbətlə bağlı olub. Onlara aid xarici ölkələrdə eksponatlar çoxdur. Bu gün bütün eksponatlar toplanmalı, bir yerə yığılmalı və Cumhuriyyət muzeyi yaradılmalıdır. Qardaş Türkiyədə, Parisdə, Versalda, digər ölkə və şəhərlərdə Cumhuriyyət tarixi ilə bağlı maraqlı, dəyərli eksponatlar var. Bu muzeyi yaratmaqla bütün dünyaya Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu, bu gün də ənənələrinin yaşatdığını göstərə bilərik. Bu, Cumhuriyyət tarixinin dünyada təbliğ edilməsində də böyük rol oynayar”.

Tarixçi-alim, professor Anar İsgəndərli də Cumhuriyyət muzeyinin yaradılması ideyasını dəstəkləyir. A.İsgəndərli bizimlə söhbətində hər bir vətəndaşın, təşkilatın bu ideyaya müsbət yanaşmalı olduğunu qeyd etdi: “Bu olduqca gözəl bir ideyadır, maraqlı təşəbbüsdür. Hesab edirəm ki, bu muzey yaranarsa, Cumhuriyyətin 100 illiyinə ən böyük töhfə olardı. Belə bir muzey yarada bilsək, xaricdən gələn qonaqlar bu muzeylə tanış olar və onlar Cumhuriyyətin 23 ay ərzində qazandıqlarını gözləri ilə görərdilər. Həqiqətən də Cumhuriyyət Azərbaycan tarixində ən böyük zirvədir. Bu zirvə də, Cumhuriyyət qurucularının xalq, dövlət üçün etdikləri də o muzeydə əksini tapa biləcək. Bu cəhətdən bu ideyanı təqdir edirəm, alqışlayıram”. 

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış jurnalist-publisist Əli Mahmud da bizimlə söhbətində ideyanı dəstəklədiyini bildirdi: “Mənim ürəyimdən xəbər verən bir təşəbbüs qaldırmısınız. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də arzum budur ki, ölkəmizdə Cumhuriyyət muzeyi yaradılsın. Bilirsiniz ki, dövlətimiz Cumhuriyyət ideyalarına hər zaman sadiqdir. Ölkə başçısı İlham Əliyev Cumhuriyyət irsinin yaşadılmasında, təbliğində rol oynayan işlər görür, addımlar atır. Bu addımların aydın ifadəsi kimi Prezident İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin keçirilməsi və 2018-ci ilin Cumhuriyyət ili elan edilməsi ilə bağlı imzaladığı Sərəncamını göstərə bilərik. Bu sərəncam Cumhuriyyət irsinə, Cumhuriyyət qurucularına sonsuz dəyərin, qiymətin göstəricisidir.

Hesab edirəm ki, Cumhuriyyətin 100 illiyində Cumhuriyyət muzeyinin yaradılması olduqca vacibdir. Bu muzeyin yaradılması ona görə lazımdır ki, Cumhuriyyətin mahiyyətini bir daha gənc nəsil dərk etsin, xarici qonaqlar, turistlər Azərbaycanın dövlət müstəqilliyi ənənələri ilə tanış olsunlar. Azərbaycan Xalq Cumhuriyyəti 23 il yaşasa da, onun ideyaları ölmədi, məhv olmadı, bugünkü müstəqil Azərbaycanın timsalında yaşayır, gerçəkləşir, həqiqətə çevrilir. Cumhuriyyət müstəqillik ideyasını ürəklərdə, beyinlərdə cücərdib. Bu gün o ideya bəhrə verir”.

İradə SARIYEVA

Son xəbərlər