23/05/2018 18:55
728 x 90

Əhliman Əmiraslanovdan orqan köçürülməsi ilə bağlı maraqlı ideya...

Adil Qeybulla: “Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər”

img

“Bunun sistem şəklində həyata keçirilməsi ancaq icbari tibbi sığorta şəraitində mümkündür”

 

Bütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş, cəmiyyətdə müəyyən mövqeyə sahib olan insanlara qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. Ancaq təəssüf ki, bu sahədə problemlər yaşanır.

Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitə sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda transplantasiya sahəsində orqan qıtlığı, donor çatışmazlığı var: “İnsan orqan və toxumalarının transplantasiyası təbabətin bütün sahələrində geniş istifadə olunur. Transplantasiyanın yalnız tibbi deyil, hüquqi və mənəvi problemləri var. Bu məsələyə düzgün yanaşılmadıqda problemlər qalacaq. Bu sahə inkişaf etdirilməlidir. Azərbaycanda orqan transplantasiyasını həyata keçirən bir neçə klinika fəaliyyət göstərir. Amma hesab edirəm ki, aparılan əməliyyatların sayı yetərli deyil”.

O bildirib ki, aparılan əməliyyatların sayı tələbatdan qat-qat azdır: “Bu sahədə olan problemlərdən biri orqan qıtlığı, digəri donor çatışmazlığıdır. Hesab edirəm ki, bu sahədə reyestr sistemi yaradılmalıdır. Bu çox vacib məsələdir. Orqan transplantasiyasına ehtiyacı olanlar üçün məlumat bazası rolunu oynaya bilər. Bundan başqa, beyin ölümünü təsdiqləyən mərkəzin də yaradılması vacibdir”.

Orqan transplantasiyası ilə bağlı reyestr sisteminin yaradılmasına münasibət bildirən professor, həkim- ekspert Adil Qeybulla bildirdi ki, insan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var: “Orqan kimdən köçürülə bilər?  Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan  köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar, adətən, cavan adamlar olmalıdırlar. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası, nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır.

Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil. Sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə hansı valideyn icazə verəcək? Cəmiyyət buna hazırdırmı? Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu, bir növ, qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda əsasən böyrək, qara ciyər orqanlarının transplantasiyası əməliyyatları keçirilir: “Orqan nəqli məsələsi sistem şəklini almalıdır. Donor haqqında qanun qəbul edilməli, həmçinin, donor bankı yaradılmalıdır. Bunun sistem şəklində həyata keçirilməsi ancaq icbari tibbi sığorta şəraitində mümkündür”.

Günel CƏLİLOVA

Son xəbərlər