22/02/2018 13:12
728 x 90

Hər anı qarabağlı Əli Mahmud...

“Tərəqqi” medallı dostumuza sevinc ovqatlı məktub…

img

Xoş bir xəbər qapımızı döydü. Hamımızın sözünü, özünü yaxşı tanıdığımız, şəxsiyyətinə, yaradıcılığına sevgi bəslədiymiz Əli Mahmud (Mahmudov) ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Elə bu xəbər də bizə ipucu oldu. Başladıq Əli Mahmudun izi ilə getməyə...

...Bu gün SOCAR Qaz Emalı Zavodu Həmkarlar Ittifaqı Komitəsinin sədri vəzifəsində çalışan Əli Mahmud təkcə söz adamlarının, oxucuların deyil, həm də birabaşa aid olduğu sahənin adamları yanında, həmin müəssisənin əmək kollektivində özünün kimliyini gün işığı kimi sərgiləyib. Adı özünün kimliyini büruzə verən Əli müəllim həm də kollektivinin kimliyini, nəyə qadir olduğunu, özündə hansı mahiyyəti kəsb etdiyini Azərbaycan coğrafiyasında təqdim etməyi bacarıbdı. Ona görə də o, həm söz adamı, həm də bir vəzifə səlahiyyətlisi kimi bütövləşib, tamlaşıb, necə deyərlər. “lindəki qələmlə səlahiyyət xalqa, insanlara xidmətə yönəlibdir. Bax, bu da onun ömür kitabının kredosu olubdur. O kitabın səhifələrindən oxuyuruq...

...Dostumuz Əli Mahmud ictimai fəaliyyətinə görə hər zaman üzdə olub, sayılıb-seçilib. 1968-ci illdən üzübəri söz dünyamızdadır. “Şuşa” rayon qəzetində ədəbi işçi, məsul katib, redaktor müavini kimi imzasını Dağlıq Qarabağdan bütöv Azərbaycana çıxarıbdır. Səsi Bakıda əks-səda verib.

Bu bir həqiqətdir ki, tarixdə şəxsiyyətlə, yaradıcı insanla, xüsusilə xalq, millət qarşısında xidmətləri olanlarla bağlı heç bir iz, heç bir soraq itib-batmır, zaman, tarix bunu əngəlləyə bilmir. İnsan iradəsinin, əzminin mənəvi yaddaşlarda cızdığı xəritəni, elə bilirik ki, hər hansı bir qüvvənin silməyə, pozmağa qüdrəti çatmaz və çatmır da. Elə bu düşüncələrimizlə bağlı “525-ci qəzet”də tanınmış tənqidçi Vaqif Yusiflinin Əli Mahmud barədə yazdıqları yadımıza düşür.

“...Əli Mahmudun publisistik yazılarından da söz açmağı lazım bilirəm. Çox maraqlıdır ki, şeirlərində ağrı-acısı, ürək hıçqırtısı, Şuşa həsrəti daha çox ifadə olunursa, publisistikasında sərt həqiqətlər, o illərdə Qarabağda, Şuşada baş verən hadisələrə kəskin münasibət öz əksini tapır. Əli Mahmud bu yazılarda bizi o illərə qaytarır, Dağlıq Qarabağda baş verən hadisələri, ermənilərin və onların havadarlarının törətdiyi cinayətləri, A.Volskinin sədri olduğu Xüsusi İdarəetmə Komitəsinin ermənilərin əlində bir vasitəyə çevrilməsi, o zamankı Azərbaycan rəhbərliyinin qətiyyətsiz hərəkətləri, Şuşada, Xankəndidə yerli ziyalıların Volskiyə və onun tərəfdarlarına qarşı çıxışları onun yazılarında real müşahidələr əsasında qələmə alınıb. Əli müəllim özü də bu hadisələrin içindəydi, Şuşada, Xankəndidə keçirilən müşavirələrdə "Şuşa" qəzetinin redaktor müavini kimi kəskin etiraz səsini ucaldırdı, hətta onun həbsinə göstərişlər də verilmişdir...”

Bəli, onun Azərbaycanın azadlığı, müstəqilliyi yolundakı mübarizələrinə həbslər, qadağalar mane ola bilmədi. Bu gün isə Əli Mahmud Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, çiçəklənməsi, inkişafı və tərəqqisi yönündə öz fədakarlığını əsirgəmir və çalışdığı dövlət işi ilə yanaşı, respublika mətbuatında da öz imzası ilə içindəki həqiqətləri çəkinmədən qələmə alır, həm də naşiri olduğu ”Qarabağa aparan yol” qəzeti vasitəsilə milli dövlətçilik salnaməmizi zənginləşdirir və bu xəzinəyə yeni düşüncə, fikir töhfələri verir. Məhz bu qəzet vasitəsilə də həm Azərbaycan, həm dünya oxucusuna bəyan edir ki, ölkə prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın müqəddəs torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və tarix boyu özgə torpaqlarını qəsb etmək niyyətində olan və zaman-zaman bu çirkin niyyətlərini həyata keçirən erməni terroru, erməni faşizmi ilə mübarizəsini dayandırmayacaq.

Əfsus ki, tale və ikili standartlarla nəfəs alan dünya siyayəsəti bizi hələ ki Qarabağsız yaşamağa məhkum edib. Lakin buna baxmayaraq, Əli Mahmudun mütəmadi olaraq həftəlik nəşr etdirdiyi qəzet qarşıya qoyulan əsas məqsədlərdən, zərrə qədər də olsa, kənara çıxmayıb və bu yolda mübarizəsini inadla davam etdirir.

Qarabağın danışan dili olan Əli Mahmudun “Qarabağa aparan yol”unun artıq mənzil başına çatmağına da çox az bir məsafə qalması inamındayıq. Və belə hesab edirik ki, bu gün hamı bir azərbaycanlı olaraq Qarabağ problemi ilə məşğul olmalı, onun ədalət, sülh yolu ilə həllinə çalışmalıdır. Hələlik isə bu gün elə dünənki kimi də qəzetin kollektivi mobil bir tərzdə böyük azərbaycançılıq ideologiyası qarşısında Qarabağ problemi qoyur və bütün dünyada bu problemin ədalətli həllinə sözün gücü ilə işıq salmağa çalışır. Baş redaktor kimi seçdiyi hədəf təkcə Qarabağ deyil, həm dövlətçilik prinsiplərinə, milli mentalitetimizə, həm də milli varlığımıza və milli əxlaqımıza istinad edir. Dediyimiz kimi, qəzetin problemi təkcə Qarabağ ağrısı deyil. Bu gün sürətlə inkişaf edən Vətənimizdə Azərbaycan insanının taleyi məsələsini diqqət mərkəzində saxlamaqdadır. Azərbaycan insanının, o cümlədən Vətənimizin taleyi demişkən, hələ neçə il əvvəl dünya şöhrətli Çingiz Aytmatovla Əli Mahmudun Moskvadakı görüşü və ondan aldığı “İlham Əliyev XXI əsrin lider etalonudur” adlı müsahibədən bir parça yadımıza düşür. Respublikamızın dəyərli oxucuları bu müsahibəni böyük həvəs və maraqla qarşılamışdı. Orda XXI əsrin lider etalonundan söhbət gedirdi. Çingiz Aytmatov onu Azərbyacana bağlayan tellərdən danışarkən, Azərbaycanın böyük oğlu Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin adını qürurla çəkirdi: “...Məni Azərbaycana bağlayan elə tellər var ki, onları nə qırmaq, nə söküb dağıtmaq mümkündür. Kimsə belə bir fikrə düşsə belə, o tellər zəifləməz. Əksinə, on qat, yüz qat möhkəmlənər. Hələ Sovetlər dönəmində Heydər Əliyev zəkası, Heydər Əliyev müdrikliyi, Heydər Əliyev uzaqgörənliyi, onun yaradıcı, istedadlı insanlara diqqət və qayğısı məni heyrətləndirmişdi. O, bir tərəfində gündüz, digər tərəfində gecə olan ucsuz-bucaqsız, nəhəng bir dövlətin idarə edilməsində müstəsna rolu olan əvəzsiz rəhbər kimi tanınırdı. İkinci dəfə Azərbaycana qayıtdıqdan sonra gördüyü işlər də miqyasına görə ölçüyəgəlməz idi. Dünyanın siyasi arenasında ön sıralarda yer tutmuşdu. Yaxşı ki, bizim qırğızların və azərbaycan türklərinin müştərək “ot kökü üstə bitər” deyimi öz təsdiqini tapdı. O böyük insan dünyasını dəyişəndə yerində layiqli varis qaldı...”

Və zaman göstərdi ki, dünyanı ədəbi düşüncəsi, bədii fikirləri ilə fəth etmiş Çingiz Aytmatov Azərbaycan liderinə münasibətini ifadə edərkən nə qədər haqlı imiş. Əli Mahmud da bir əqidə, fikir sahibi kimi dövlətimiz, xalqımız üçün etibarlı və sədaqətli vətəndaşdır. Onun bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin könüllü vəkili kimi təbliğat, təşviqat işlərində xüsusi fəaliyyət göstərəcəyini böyük fəxrlə ifadə etməsi bir daha onu sübuta yetirir ki, o, inandıqlarına güvənir. Azərbaycan dövlətinin yeritdiyi siyasətə güvənir, dövlətimizin uğurlarına, son illərdəki nailiyyətlərinə, onun həm də hərbi-iqtisadi potensialına arxalanır. Qaçqın və məcburi köçkünlərin doğma yurda qayıdış ümidlərinin bir gün doğrulacağına inamını naşiri olduğu qəzetdə qətiyyətlə üzə çıxarır. Onun “Qarabağa aparan yol” qəzeti milli birliyimizin, gücümüzün səfərbər olmasına xidmət edir.

Onu da deyək ki, Əli müəllimi “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edəndə, o, özünəməxsus təbəssümlə gülümsəyib dedi: “Çox sağ olun, bu mükafat ölkə prezidentinin Həmkarlar Komitəsi işçilərinə, ümimiyyətlə, həmin sahədə çalışan insanların əməyinə verdiyi qiymətin daha bir nümunəsidir. Bu həm də bizim məsuliyyətimiz deməkdir. İnşallah, qarşıdan gələn prezident seçkilərində namizədliyini müdafiə etdiyimiz cənab İlham Əliyevə dəstək olacağıq”.

...Bəli, Əli Mahmudun bu sevincli hallarda özünəməxsus təmkin və içdən gələn səmimiyyətlə ifadə etdiyi təşəkkür hissi onun bütün zamanlarda qoruduğu şəxsiyyətinin, bütövlüyünün daha bir göstəricisi idi. Bu o demək idi ki, Şuşaya, Ağdama, ümumiyyətlə iğşal altında olan torpaqlarımıza məhz ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında gedəcəyimizə öz varlığı kimi inanır. O bilir ki, üçrəngli bayrağımız Şuşada, bütün dövlət sərhədlərimizdə dalağalanacaq!.. O inanır ki, Şuşa öz sahiblərinin üzünə bağlı olan yollarının minalardan, mərmilərdən xilas olacağı günü bayram edəcək!.. O əmindir ki, Cıdır düzündə “Qarabağ şikəstəsi” oxunacaq. O bilir ki, Şuşa deyəndə göynəyən dilimiz o ağrıdan, o qabardan qurtulacaq!... Və Əli müəllim ona da əmindir ki, Xarıbülbül, İsa bulağı, Topxana meşəsi həmin gün mələklərin ovcunun içində bütün dünyaya cənnətin ünvanını nümayiş etdirəcək və biz Əli müəllimin inancının şahidinə çevriləyəcəyik.

“Qarabağa aparan yol” qəzetnin kollektivi adından

Fariz Çobanoğlu,
Təranə Əlizadə

Son xəbərlər