22/10/2018 21:17
728 x 90

Hökumət Azərbaycanın kənd müəllimləri ilə bağlı yeni güzəştlər proqramına başlayır

“Bu qərar gəncləri ucqar ərazilərdə çalışmağa stimullaşdıracaq”

img

Məlahət Mürşüdlü: “Güzəştlərin tətbiq olunması onların sosial həyatına müsbət təsir edəcək”

 

Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edilib. Bu barədə Nazirlər Kabinetinin yeni qərarında qeyd olunub.

Qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislər fəaliyyətlərini digər kənd rayonlarının təhsil müəssisəsində davam etdirəcəkləri təqdirdə də kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 manat məbləğində kompensasiyanı alacaqlar.

Kənd rayonlarında yerləşən təhsil müəssisələrində çalışan gənc pedaqoqlara əlavə güzəştlərin verilməsi onların həm iş fəaliyyətinə, həm də sosial həyatına müsbət təsir edəcək.

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir qərarın qəbul olunması sevindiricidir: “Bu, şəhər mərkəzlərindən uzaq bölgələrə gedən gənc müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Hesab edirəm ki, bu qərar gənc pedaqoqların bölgələrdə çalışmaq istəyini artıracaq. Bir növ, bu qərar gəncləri ucqar ərazilərdə çalışmağa stimullaşdıracaq. Nəzərə almaq lazımdır ki, şəhər mərkəzi ilə müqayisədə bölgələrdə maddi təminatın yüksək olması və imtiyazların tətbiq olunması onların sosial həyatına müsbət təsir edəcək.”
Həmsöhbətimiz onu da bildirdi ki, yerli icra hakimiyyəti orqanları bu qərarın yerinə yetirilməsində heç bir süründürməçiliyə yol verməməlidirlər. Bu hal yaşanarsa, müəllimlərin bölgələrdə çalışmaq həvəsi azalar. Bu səbəbdən aidiyyəti qurumlar məlum məsələyə olduqca həssas yanaşmalıdırlar.

Günel CƏLİLOVA  

Son xəbərlər