18/07/2018 14:19
728 x 90

Övladının alimentini kəsən “namərd valideynlərlə” mübarizə üsulu – Aliment Fondu...

“Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq”

img

Aynur Musayeva: “Boşanmadan sonra alimentin ödənilməsi problemi uşağın psixologiyasına mənfi təsir göstərir”

 

Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsidir. Çünki qanuna əsasən, boşandıqdan sonra uşaq valideynlərdən birində qalarsa, digər valideyn aliment ödəməlidir. Çox zaman uşaqlar anaları ilə qalırlar və tənha qadınlar üçün uşaqlara baxmaq o qədər də asan başa gəlmir. Bu səbəbdən də atalar uşaqlarının ehtiyaclarını ödəmək məqsədilə anaya müəyyən məbləğdə aliment ödəməlidirlər. Ancaq əksər hallarda atalar aliment ödəməkdən imtina edirlər.

Bir çox valideyn məsuliyyəti öz üzərindən atır, müxtəlif üsullarla aliment ödəməkdən boyun qaçırırlar. Alimentin vaxtında ödənilməsi ilə bağlı qanunlar sərtləşdirilsə də, bu sahədə problem yenə də yaşanır.

Aliment probleminin həll olunması üçün ölkədə Aliment Fondunun yaradılması təklif olunur. Qeyd edək ki, belə bir təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış ediblər.

Dünya praktikasına nəzər salsaq görərik ki, Aliment Fondundan bir sıra ölkələr yararlanırlar. Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərirlər. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu fond aliment ala bilməyən uşaqlara minimal saxlanma xərclərini ödəyir və onların sosial təminat almaq hüququnu təmin edir.

Məlumat üçün bildirək ki, bir neçə il öncə ombudsman Elmira Süleymanova da aliment probleminin həll olunması üçün Aliment Fondunun yaradılmasının zəruriliyi haqqında Milli Məclisdə çıxış etmişdi. Hətta Milli Məclisdə 2015-ci il büdcə zərfinin müzakirəsi zamanı bu təklifi irəli də sürüb. Bu təklifi millət vəkilləri də dəstəkləmişdilər.

Aliment Fondunun yaradılması məsələsi yenidən gündəmə gəlib. Ekspertlər də qeyd olunan fondun yaradılmasının vacib olduğunu bildirirlər.

“Jaləm” Uşaq İnkişaf Mərkəzinin direktoru, psixoloq Aynur Musayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, boşanmadan sonra alimentin ödənilməsi bütün dünyada mütləq sayılır: "Bizdə təəssüflər olsun ki, əksər boşanan xanımlar aliment ala bilmirlər, hətta məhkəməyə müraciət etsələr də, bəzən faydası olmur. Bu da uşağın psixikasını pozur. Oğlan uşağına daha böyük zərbə dəyir. Çünki onsuz da yanında atanın olmaması onu incidir, bir də atanın aliment ödəməməsi və ananın bundan əziyyət çəkməsi əlbəttə ki, müxtəlif situasiyalara gətirib çıxarır. Qız uşağı isə böyüyəndə ailə qurmaq fobiyası, kişilərə qarşı bir inamsızlıq yaşayır. Düşünür ki, mənim də atam vardı və bizdən ayrıldı, aliment də ödəmədi və s. Yəni bu cür hallar kiçik psixoloji travmalardan tutmuş, çox böyük fəsadlara yol aça bilir".

Həmsöhbətimizin fikrincə, aliment probleminin həll olunması üçün Aliment Fondu yaradılmalıdır: “Aliment Fondu yaradılarsa, yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə, borclar yığılıb qalır və bu zaman hökumət strukturları fəaliyyətə keçir. Cavabdeh tərəf tapılaraq ondan dövlətə olan borcların ödənməsi tələb edilir. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının həll variantlarından biri Aliment Fondunun yaradılmasıdır. Aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər, onun faizi də alınır. Artıq vəsait isə müvəqqəti olaraq aliment ala bilməyən digər qadınlara ödənilir. Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər