18/07/2018 14:19
728 x 90

Nikahdan əvvəl məcburi tibbi yoxlanışın genetik sağlamlıq üçün əhəmiyyətini aşkarlanmış pis xəstəliklər bir daha təsdiqləyir

“Nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir”

img

Fatimə Hacıbəyli: “Nikahdan öncə gənclərin tibbi müayinədən keçməsi nəticəsində onların hər hansı xəstəlik daşıyıcısı olub-olmaması müəyyən olunur

 

Gələcək nəsillərin sağlam olması həm də bu gün qurulan ailələrdən asılıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının da sağlamlığına təsir edir. Bu səbəbdən 2015-ci il iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olundu. Bu tətbiqdən sonra ölkəmizdə minlərlə gəncin müxtəlif xəstəlik daşıyıcısı olduğu ortaya çıxdı.

Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva media nümayəndələrinə açıqlamasında deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: “Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.

Qeyd edək ki, ailə qurmaq istəyən cütlüklərin nikahdan öncə tibbi müayinədən keçməsi çoxlu sayda ailənin təməlinin sağlam qurulmasına səbəb olur. Bəlli olduğu kimi, bir neçə il əvvəl ailə qurmaq istəyən cütlüklər heç bir tibbi müayinədən keçmirdilər və buna görə də hansısa xəstəliklərin daşıyıcısı olmaları barəsində məlumatsız idilər. O üzdən həmin dövrlərdə talassemiya və digər xəstəlik daşıyıcıları olan uşaqlar daha çox dünyaya gəlirdi. Ancaq Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunandan sonra bu sahədə vəziyyət yaxşılığa doğru dəyişir.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir. Bu müayinələr sağlam ailələrin formalaşdırılması üçün atılan addımlardandır: “Evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir.

Sağlam ailə məfhumu geniş anlayışdır. Bu qanun o amillərdən biridir və sağlam ailənin qurulmasına böyük köməklik göstərir. Nikahdan öncə gənclərin tibbi müayinədən keçməsi nəticəsində onların hansısa xəstəlik daşıyıcısı olub-olmaması müəyyən olunur. Ən azından ona görə önəmlidir ki, infeksion xəstəliklər yoxlanacaq. Bir də cütlüklərin talassemiya daşıyıcısı olub-olmamaları yoxlanır. Ata və ananın hər ikisi talassemiya daşıyıcısı olanda uşaq da 99 faiz bu xəstəliklə doğulur. Bu isə ailənin faciəsi deməkdir. Ona görə də öncədən bu xəstəliklərin yoxlanması təqdirəlayiq haldır.

Ümumiyyətlə, ailəsini düşünən gənclər bu müayinəyə getməyə özləri meyllidirlər. Müasir dövrdə insanlar internetin köməyi ilə bütün dünyada gedən proseslər, tətbiq edilən yeniliklər barəsində məlumatlı olurlar. Artıq insanlar bu qanunun niyə tətbiq olunduğunu da bilirlər. Ona görə də qanunun icrası ilə bağlı hər hansı problem, demək olar ki, yaşanmır. İnsanlar həvəslə tibbi müayindən keçib səhhətlərində hər hansı bir problemin olub-olmaması barədə məlumatlı olurlar. Hər halda, heç kim uşağının xəstə doğulmasını istəməz. Ailələr sonra buna görə çox əziyyət çəkirlər. Yaxşı olar ki, problemi öncədən görüb mübarizə aparsınlar, nəinki uşaq doğulandan sonra. Ailədə uşaq xəstə olanda valideynlər ömür boyu əziyyət çəkirlər. Tərəflərdən hansında xəstəlik varsa, həkim cütlüklərə məlumat verir ki, gələcəkdə onlar hansı problemlərlə üzləşə bilərlər”.

Günel CƏLİLOVA

Son xəbərlər