23/01/2018 23:35
728 x 90

Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tələbələrinə Azərbaycandan dövlət dəstəyi...

“Hazırda ölkəmizdə təhsil alan xarici tələbələrin sayı 5541-dir”

img

Kamran Əsədov: “Bu o deməkdir ki, 2018-ci ilin sentyabrından etibarən ölkəmiz dünyanın müxtəlif ölkələrindən olan tələbələri təhsil almaq üçün qəbul edəcək”

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanın ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir. Bu sərəncamda nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır.

Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Sənəddə o da bildirilir ki, öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkənin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb. Təşkilat 120 dövləti birləşdirir.

Ümumilikdə, ekspertlər buna necə yanaşırlar?

Sözügedən məsələni dəyərləndirən təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun fikrincə, bunun bir sıra müsbət effekti olacaq: “Bir müddət əvvəl ölkə başçısı analoji sərəncam imzalayıb. Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almasına imkan verəcək qərar qəbul edilib. Yeni sərəncamla onun əhatə dairəsi genişləndirilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, xarici ölkələrin tələbələrinin ölkəmizdə təhsil almasına səbəb olur. İkincisi və ən vacibi odur ki, bu təşkilatın XVII zirvə toplantısının nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsidir. Həmçinin, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsi qərara alınıb. Buna görə də atılan addımı məqsədəuyğun hesab etmək olar. Qeyd edim ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilən sammitdə təsis edilib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə “soyuq müharibə” və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası, 1-i Avropadandır. Bu o deməkdir ki, 2018-ci ilin sentyabrından etibarən ölkəmiz dünyanın müxtəlif ölkələrindən olan tələbələri təhsil almaq üçün qəbul edəcək. Bu da ölkəmizdə təhsil alan tələbələrin sayını ciddi şəkildə artıracaq. Hazırda ölkəmizdə təhsil alan xarici tələbələrin sayı 5541-dir, müvafiq sərəncamlar yerinə yetirildikdən sonra bu rəqəm dəfələrlə artacaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər