18/07/2018 14:38
728 x 90

Piylənmə bəlası kişilərimiz arasında daha çox yayılmağa başlayır...

“İnsanların passiv həyat sürməsi onlarda artıq çəkinin yaranmasına səbəb olur”

img

Nərgiz Ələkbərova: “Əsasən orta yaşlı kişilərdə piylənmə müşahidə olunur”

 

Texnologiyanın inkişafı və həyatımızdakı dəyişikliklər nəticəsində insanlar az hərəkət edir, amma çox qida qəbul edirlər. Getdikcə ağır çəkili, hətta şişman adamların sayı artmaqdadır. Dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları və dövlət qurumları bu xəstəliyə qarşı geniş kütlələri maarifləndirməyə çalışırlar. Çünki çağımızın qorxulu, gizli inkişaf edən və zərərsiz görünməsinə baxmayaraq, çox təhlükəli xəstəliyi piylənmə sayılır. Piylənmə xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir.

Aparılan araşdırmalara görə, son zamanlar piylənmədən daha çox kişilər əziyyət çəkir.

Əvvəllər qadınların təxminən yarısı, kişilərin isə təxminən 40 %-i piylənmədən əziyyət çəkiblər. Ancaq indi bunun tam əksi müşahidə olunur.

Dietoloq Nərgiz Ələkbərova bizimlə söhbətində bildirdi ki, əsasən orta yaşlı kişilərdə piylənmə müşahidə olunur: “Nəzərə almaq lazımdır ki, insanların yaşı artdıqca, yağlanma faizi də arta bilər. Kişilərdə 25 faiz, qadınlarda isə 35 faizdən yuxarı yağlanma patologiya sayılır.

Piylənmə ilə əlaqəli meydana çıxan problemlərə insanın yaşı da təsir edir”.

Həmsöhbətimizin sözlərinə görə, kişilərdə əsasən qara ciyər piylənməsi müşahidə olunur: “Qara ciyər piylənməsinə səbəb olan faktorlardan biri mütəmadi spirtli içki qəbulu, oturaq həyat və yağlı qidalar qəbul etməkdir. Normal, sağlam orqanizmdə qara ciyər hüceyrələrində az miqdarda yağ ola bilər. Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəkili insanlarda qara ciyərin piylənməsi qara ciyər serrozuna, sonra da qara ciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qara ciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdırlar. Qara ciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdırlar”.

N.Ələkbərova onu da vurğuladı ki, bəzən çox insan, xüsusilə də kişilər iş fəaliyyəti ilə əlaqədar olaraq stressə və gərginliyə cavab olaraq yeyirlər: “Piylənmə xəstəliyi olan kişi aktiv həyat yaşamaq istəmir, əksinə, spirtli içki qəbul edib “fast food”la artıq kilolarını atacaqlarını düşünürlər: “Onu da deyim ki, hazırda insanlar daha çox ofis həyatına öyrəşib. Səhər otağa daxil olur və iş bitəndə evə gedirlər. İşdən sonra gəzinti, bir növ, unudulub. İnsanların passiv həyat sürməsi onlarda artıq çəkinin yaranmasına səbəb olur”. 

Günel CƏLİLOVA

Son xəbərlər