12/12/2017 04:57
728 x 90

Uşaqlarını baxımsız qoyan yüzlərlə valideynin cəzalandırılması mexanizmi işləməyə başladı...

“Uşaqları nəzarətsiz qoyan valideynlərin araşdırılaraq qanunvericiliyin tələbinə uyğun şəkildə cəzalandırılması olduqca vacib məqamdır”

img

Aynur Musayeva: “Valideynin başı telefonda internetə qarışır və bir də görür ki, onun uşağı ya yıxılıb, ya da üzərinə qaynar su tökülüb”

 

Uşaq bütün yaşlarda özünə qarşı diqqət və qayğı tələb edir. Lakin təəssüflər olsun ki, son zamanlar daha çox valideyn diqqətsizliyi, valideynin uşağa nəzarətinin azalması halları müşahidə olunur. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda uşaqlarını baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev media  nümayəndələrinə açıqlamasında bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib: “Uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər”.

P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək məbləğdə cərimə edilirlər.

Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb: “Uşaqların baxımsızlığı ilə bağlı vəziyyətə baxdıqda görmək olar ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib”.

“Jaləm” Uşaq  İnkişaf Mərkəzinin direktoru, psixoloq Aynur Musayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, valideynlərin məsuliyyətsizliyinə görə onların cəzalandırılması düzgün addımdır: “Bu gün elə valideynlər var ki, saatlarla uşaqları nəzarətsiz qoyurlar. Təbii ki, belə olan halda, uşaqlar çox təhlükəli vəziyyətlərə düşürlər. Ona görə də uşaqları nəzarətsiz qoyan valideynlərin araşdırılaraq qanunvericiliyin tələbinə uyğun şəkildə cəzalandırılması olduqca vacib məqamdır”. 

Onun sözlərinə görə, uşaqların başına gələn bədbəxt hadisələrin bir çoxunda valideynlər günahkardır. Xüsusən də uşağı evdə tək, bağlı qapı arxasında qoymaq ən dəhşətli problemdir: “Uşaq bağlı qapı arxasında qalarkən onun başına hansı hadisələrin gələcəyi müəmmalıdır. Onu da unutmaq lazım deyil ki, uşaq evdə tək qalarkən psixoloji travma alır. İşləyən valideynlər övladlarını evdə tək qoyub sonra onların taleyinin necə olacağını düşünmək əvəzinə, onları bağçalara qoysalar daha rahat olarlar. Nəzərə almaq lazımdır ki, bu gün istənilən ərazidə uşaqların rahatlığını təmin edən bağçalar var”.  

Həmsöhbətimiz hesab edir ki, valideyn diqqətsizliyindən kənarda qalan uşaqların bədbəxt hadisələrdə ölümü hallarında valideyn mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Məsuliyyətin nə dərəcədə ağır olub-olmaması artıq vəziyyətdən asılıdır. Valideyn 1 yaşı tamam olmayan uşağı masanın üzərinə qoyub gedir. Ancaq o valideyn dərk etmir ki, bu körpə artıq hərəkət edə bilir. Nəticədə uşaq yıxılır, ya onun başı əzilir və yaxud digər fəsadlar baş verir. Ancaq bu kimi hadisələri hüquq-mühafizə orqanları bilmirlər. Çünki məişət hadisəsidir. Amma, əslində, xarici ölkələrdə bu cür olaylar ictimailəşdirilir. Əgər hadisə ehtiyatsızlıqdan baş veribsə, heç bir tədbir görülmür və o valideyn müəyyən məbləğdə cərimə ödəməli olur.

XXI əsr internet əsri olsa da, təəssüf ki, cəmiyyətimiz virtual aləmə aludə olduğundan, insanlar ailələrini unudurlar. Bəzi valideynlərin saatlarla sosial şəbəkəyə aludə olması onların övladının nə işlə məşğul olmasından bixəbər qalmasına səbəb olur. Valideynin başı telefonda internetə qarışır və bir də görür ki, onun uşağı ya yıxılıb, ya da üzərinə qaynar su tökülüb. Buna bənzər hadisələr gündəlik həyatda çox yaşanır”.

Müsahibimizin fikrincə, uşaqları nəzarətsiz qoyan valideynlərin aşkar olunaraq cəzalandırılması digər valideynlərin daha da məsuliyyətli olmasına xidmət edəcək.

Günel CƏLİLOVA

Son xəbərlər