12/12/2017 04:56
728 x 90

Universitet prorektorlarının attestasiyası başlayır

“İnanıram ki, prorektorların attestasiyasının da müsbət tərəflərini yaxınlarda görə biləcəyik”

img

İlqar Orucov: “Arzu edərdim ki, prorektorların attestasiyadan keçirilməsi real olsun, formal xarakter daşımasın”

 

Son zamanlar ali məktəb prorektorlarının attestasiyasının keçiriləcəyi ilə bağlı fikirlər gündəmə gəlib. Məlumatlara görə, respublikada fəaliyyət göstərən bütün ali məktəblərin prorektorlarının attestasiyası gözləniləndir.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov “Trend.az”a açıqlamasında bildirib ki, sözügedən attestasiya bütün ali məktəbləri əhatə etməyəcək. S.Gözəlovun sözlərinə görə, ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.

O qeyd edib ki, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil. Nazirlik sözçüsü bildirib ki, prorektorların attestasiyasının keçirilməsi hələlik yalnız layihədir. Layihənin icrasına başlandıqda attestasiyanın ali məktəblərdəki bütün prorektorları əhatə edəcəyini vurğulayan S.Gözəlov qeyd edib ki, təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərən prorektor istisna olmaqla, bütün prorektorlar, yəni təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək: “Bu, bir növ, monitorinq xarakteri daşıyır. Onlara fəaliyyətləri ilə bağlı müəyyən tövsiyələr veriləcək. Ali məktəblərdə kifayət qədər uzun müddət prorektor işləyən şəxslər var. Onların həqiqətən də müəyyən qədər attestasiyasına ehtiyac var. Ancaq bu, layihədir. Attestasiyanın nə zaman keçiriləcəyi, aparılma metodikasının necə olacağı hələ konkretləşdirilməyib. Attestasiya ilə bağlı nazirliyin konkret qərarı olacaq. Qərar qəbul olunduqdan sonra onun keçirilməsi üçün müəyyən meyarlar müəyyənləşdiriləcək”.

S.Gözəlov ali məktəblərdə attestasiyaya yalnız prorektorların cəlb edilmə səbəbinə də aydınlıq gətirib: “Ali məktəblərdəki professor-müəllim heyəti ali təhsil müəssisəsinin özü tərəfindən seçilir. Bu məsələ ali məktəblərin özlərinin səlahiyyətinə daxildir. Rektorların təyini Prezident tərəfindən həyata keçirilir. Prorektorlar isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Ona görə də attestasiyanın prorektorlar üçün aparılması nəzərdə tutulur”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bizimlə söhbətində ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi ideyasını dəstəklədiyini bildirdi. İ.Orucovun sözlərinə görə, bu proses yalnız Təhsil Nazirliyi nəzdində olan ali məktəblərə deyil, ölkənin bütün ali təhsil müəssisələrinin prorektorlarına şamil edilməlidir. Prorektorların attestasiyaya cəlb edilməsinin təhsilin məzmununa, keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayan İ.Orucovun sözlərinə görə, burada əsas məsələ attestasiya keçirilərkən şəffaflığın qorunmasıdır: “Ali məkəblərin yalnız prorektorlarının deyil, eyni zamanda kafedra müdirlərinin, dekanların, müəllimlərin də attestasiyasının keçirilməsi lazımdır. Həmişə attestasiyanın tərəfdarı olmuşam. Bir sıra sahələr üzrə rəhbər kadrların attestasiyası keçirilir. Buna çox müsbət yanaşıram. Ali məktəblərin rektoru siyasi şəxsdir, ikinci, üçüncü şəxslər isə siyasi mahiyyət daşımırlar. Düşünürəm ki, gələcəkdə rektorların özlərinin attestasiyası keçirilməlidir. Attestasiyanın keçirilməsi ümumi işin xeyrinə olan bir məsələdir. Bu, əlbəttə, Azərbaycanda yenidir və xarici təcrübəyə əsaslanır. Bütövlükdə, prorektor heyətinin attestasiyadan keçirilməsi çox müsbətdir. Attestasiya keçirilərkən hansı məsələ diqqətdə saxlanmalıdır, ona fikir verilməlidir. Çünki prorektor vəzifəsi inzibati vəzifədir. Onlar inzibati vəzifə tutduqları üçün, onların elmlə məşğul olması ikinci plana keçir. Attestasiyanın keçirilməsi prorektorların üzərinə əlavə məsuliyyət qoyacaq, onlar öz üzərində daha çox işləməli olacaqlar”.    

Bunun ali təhsil sahəsinə faydasız olmayacağını deyən İ.Orucov bildirdi ki, bu təcrübə gələcəkdə daha da genişlənəcək: ”Bu attestasiya keçiriləndə artıq birbaşa təhsilin inkişafına müsbət təsir edəcək. Onlar rəhbər şəxs olduqları üçün, burada təkcə elm və təhsillə bağlı attestasiyadan keçməməlidirlər, eyni zamanda da idarəetmə ilə bağlı attestasiyadan keçməlidirlər. Çoxlarımız bilirik ki, Azərbaycanda keçirilən attestasiyanın böyük bir qismi formal olaraq keçirilir. Arzu edərdim ki, prorektorların attestasiyadan keçirilməsi real olsun, formal xarakter daşımasın. Attestasiya hansı məqamları özündə ehtiva ediləcəksə, o nəzərə alınsın. Formallıq olmasa, hər şey yaxşı olacaq. Bilirsiniz ki, bu günlərdə Milli Məclisdə elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunurdu. Heç kimə sirr deyil ki, attestasiyaların keçirilməsi formal olur, yaxud hansısa bir işçini nəzarət altında saxlamağa yönəlir. Düşünürəm ki, attestasiya məsələsində şəffaflıq ön planda olmalıdır. Əlbəttə, Təhsil Nazirliyinin son illər həyata keçirdiyi islahatlar daha çox yenilikçi, müasir tələblərə söykənir. İnanıram ki, prorektorların attestasiyasının da müsbət tərəflərini yaxınlarda görə biləcəyik”.

İradə SARIYEVA 

Son xəbərlər