12/12/2017 04:58
728 x 90

Azərbaycana gələn rus, gürcü və iranlı turistlər...

“Turistlər daha çox qonşu ölkələrə səfər etməyə üstünlük verirlər”

img

Bahadur Bilalov: “Turistlərin cəlb olunması üçün beynəlxalq sərgilərdə iştirak, ölkənin tanıtımı və ayrı-ayrı marşrutların reklam olunması olduqca önəmlidir”

 

Müasir və qloballaşan dünyada turizm hər bir ölkə üçün dinamik inkişaf edən sahələrdən biri sayılır. Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Ölkəmizə Avropa, Asiya və Afrika ölkələrindən yüzlərlə turist gəlir. Gələn turistlərin hər biri ayrı-ayrı mədəniyyətin daşıyıcısıdır.

Qeyd edək ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib. Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib. Qeyd edilən müddətdə Türkiyədən Azərbaycana 249 210, Birləşmiş Ərəb Əmirliyindən 81 742, İraqdan 54 242, Ukraynadan 49 449, Səudiyyə Ərəbistanından 31821 xarici vətəndaş səyahət edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycana 1 799 367-si Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib.

Azərbaycana sədər edən turistlər arasında rus, gürcü və iranlılar üstünlük təşkil edir. Maraqlıdır, turist kimi digər ölkələrin vətəndaşlarını necə cəlb etmək olar?

Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istənilən dünya ölkəsinə daha çox qonşu ölkələrin vətəndaşları turist kimi səfər edirlər: “Nəzərə almaq lazımdır ki, qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur. Bu baxımdan turistlər daha çox qonşu ölkələrə səfər edirlər”.

Digər ölkələrdən necə turist cəlb etməyin yolu ilə bağlı həmsöhbətimiz bildirdi ki, burada əsas iş aparılan reklamın üzərinə düşür: “Beynəlxalq sərgilərdə iştirak, ölkənin tanıtımı və ayrı-ayrı marşrutların reklam olunması bu sahədə önəmlidir. Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edir. Bu sərgilərdə iştirak etmək o demək deyil ki, həmin ərəfədə ölkəyə turist gələcək. Bunun üçün zaman lazımdır. Ərəb bazarı ilə işləmək onu göstərdi ki, məqsədyönlü iş görəndə turist axını yaşanır. Əlaqədar qurumlar ərəb bazarı ilə işi gücləndirdilər və nəticədə bu sahədə inkişaf qeydə alındı. O da bəllidir ki, ölkəyə gələn ərəblərin sayı ildən-ilə artır. Hesab edirəm ki, növbəti illərdə də ölkəyə gələcək ərəb turistlərinin sayı daha da artacaq”.

Günel CƏLİLOVA     

Son xəbərlər