12/12/2017 04:55
728 x 90

Bölgələrdəki qoruqlara xarici turistlərin səfərlərinin təşkili…

“Turistləri qoruq və milli parklara cəlb etmək üçün mütləq parklarda cığırlar yaradılmalı, milli parkların reklamı təşkil edilməlidir”

img

Bahadur Bilalov: “Əminliklə deyə bilərəm ki, turistlərin qəbulu üçün yalnız Şirvan Milli Parkında işlər görülüb”
“Altıağac Milli Parkı ərazisində saysız-hesabsız kafe-restoranlar fəaliyyət göstərir ki, bu da milli parkların statusuna ziddir”

 

Zəngin Azərbaycan təbiəti turizmin inkişafında xüsusi rol oynayır. Uzun illərdir respublikamız turistlərin böyük maraq göstərdiyi ölkələrdəndir. Bilirik ki, Azərbaycan təbiətinə xas olan bütün gözəlliklər tursitləri özünə cəlb edir.

Ölkəmizdə mövcud olan qoruqlar, milli parklar da turistlərin diqqətini cəlb etməyə bilmir. Bildiyimiz qədər, ölkəmizdə təşkil edilən ekoloji turlara qatılan turistlər milli park və qoruqlarla da tanış olmaq istəyirlər. Ümumiyyətlə, bütün dünyada belə bir qayda var ki, ekoturlara qatılan turistlər o ölkənin təbiətinə xas olan, yaradılan məkanlarda olurlar. Azərbaycan qoruq və milli parkları olduqca zəngin və özünəməxsusdur.  

Qeyd edək ki, Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri var.

Onu da vurğulayaq ki, respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.

Bununla yanaşı, bir Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.

Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərinin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazilərdəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.

Onu da qeyd edək ki, artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilib və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılıb, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836 ha.) yaradılıb.

Adları çəkilən qoruq, milli park və yasaqlıqlara turistlərin cəlb edilməsi günün aktual məsələlərindən biridir.

Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, tanınmış ekspert Bahadur Bilaliov bizimlə söhbətində bildirdi ki, bütün dünyada Milli Parklar ekoturizmin təşkili üçün çox böyük potensial hesab edilir. O, qoruqlara, milli parklara turistlərin cəlb edilməsinin vacibliyini qeyd etdi. Azərbaycanda ekoloji turizmin inkişafından danışan B.Bilalov qeyd etdi ki, bu istiqamətdə xeyli işlər görülüb: “Azərbaycanda yaradılan milli parklar ölkədə bioloji müxtəlifliyin qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına, eyni zamanda ekoturizmin inkişafına dəstək məqsədi daşıyır. Məlum olduğu kimi, 2002-ci il dünyada Ekoturizm ili elan olunmuşdu. Təsadüfi deyil ki, ölkəmizdə ilk Milli Park - Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb”.

B.Bilalov vurğuladı ki, turistləri milli parklara cəlb etmək lazımdır, ancaq milli parkların çoxunda turistləri qəbul etmək üçün şərait yoxdur: “Turistləri qoruq və milli parklara cəlb etmək üçün mütləq parklarda cığırlar yaradılmalı, milli parkların reklamı təşkil edilməlidir. İndiyə kimi 4 Milli Parkın ərazisində olmuşam: Altıağac, Şahdağ, Hirkan və Şirvan. Əminliklə deyə bilərəm ki, turistlərin qəbulu üçün yalnız Şirvan Milli Parkında işlər görülüb. Turistlərin bura rahat gəlməsi üçün 10 marşrut müəyyən edilib, müşahidə məntəqələri yaradılıb, bir sözlə, vəhşi təbiətlə təmasda olmaq istəyənlər üçün bütün şərait mövcuddur. Olduğum digər milli parklar haqqında bunu söyləmək mümkün deyil. Xüsusən Altıağac Milli Parkı ərazisində saysız-hesabsız kafe-restoranlar fəaliyyət göstərir ki, bu da milli parkların statusuna ziddir.

Düşünürəm ki, Şirvan Milli Parkının bu gün ehtiyacı olduğu əsas məsələ reklam və xarici ölkələrdə tanıtımı məsələsidir. Milli Parkın bələdçisinin dediyindən belə başa düşmək olur ki, son zamanlar bura gələnlərin sayında kəskin azalma müşahidə olunur. Fikrimcə, parkın reklam və tanıtım məsələsi ilə əlaqədar təşkilatlar ciddi məşğul olmalıdırlar. Təəssüflər olsun ki, heç ölkəmizdə də çoxları bilmirlər ki, Şirvan Milli Parkı ərazisində sürü ilə gələn ceyranları adi gözlə görmək mümkündür. Ceyranların ürkək baxışları, özlərinə xas qaçışını görmək üçün, dahi Səməd Vurğunun “Ceyran” şeirinin əyani təsvirini görmək üçün Şirvan Milli Parkına getməyinə dəyər”.

İradə SARIYEVA

Son xəbərlər