12/12/2017 04:55
728 x 90

Milli Azərbaycan xörəkləri “YouTube”da ləzzətlə hazırlanır, ancaq kimə məxsusluğu unudulur…

“Bizim xörəklərin adını çəkməməklə, əslində, yalançı, saxtakar olduqlarını ortaya qoyurlar”

img

Mehman Hüseynov: “Bu insanlar hansısa ünlü kulinar deyillər”

 

Azərbaycan mətbəxinin dünyada təbliği istiqamətində xeyli işlər görülsə də, bu sahədə yenə də problemlər var. Söhbət ondan gedir ki, dünyanın müxtəlif kulinarları, xüsusən Rusiya və digər ölkələrdə fəaliyyət göstərən kulinarlar Azərbaycanın milli xörək və şirniyyatlarına qarşı qısqanclıq sərgiləyirlər.

“YouTube” kanalından yayım əldə edərək kulinariya verilişləri aparan bloger-kulinarlar bizim xörəkləri bişirirlər, lakin oların Azərbaycan milli mətbəxinə mənsub olduğunu qeyd etmirlər. Bunu yalnız biz deyil, dünya mətbəxi ilə maraqlanan və bunun üçün müxtəlif kulinarların çəkdiyi süjetlərə baxan hər bir insan görür. İnternetdə Azərbaycan xörəklərinin, şirniyyatlarının və s. güclü reklamı var. Hətta hər bir yeməyin, bişmişin adı bir neçə dildə də verilir. Ancaq buna baxmayaraq, bəzi ölkələrin kulinarları bizim xörəkləri bişirir, amma onların azərbaycanlılara məxsus olduğunu qeyd etmirlər. Bununla müqayisədə deyə bilərik ki, gürcü, qazax, qırğız, özbək, slavyan və s. xalqların mətbəxinə aid xörəklər bişiriləndə o xalqların adları çəkilir. Bir neçə gün əvvəl qarşımıza rus kulinarlarından birinin videosu çıxdı. O, tamaşaçılara “Xarço” və “Xaşlama”nın hazırlanmasını göstərdi. Qəribədir, o dəfələrlə “Xarço”nun gürcü milli mətbəxinə məxsus olduğunu desə də, “Xaşlama” haqqında bir kəlmə danışmadı, sadəcə, bişirmə texnologiyasını göstərdi. Bir neçə dəfə də “Bozbaş”, “Piti”, “Dolma” kimi milli mətbəximizə xas xörəklərə qarşı bu ayrı-seçkiliyi görmüşük. Amma kulinarlar özbək plovu bişirəndə yüz dəfə deyirlər ki, bu özbək milli xörəyidir. Məsələ burasındadır ki, bu xörəkləri təqdim edən əsasən rus kulinarlarıdır. Bəzi hallarda bizim öz kulinarlarımız da onların hərəkətlərini təkrarlayır, bişirdikləri xörəyin Azərbaycan mətbəxinə aid olduğunu demirlər.

Ümumiyyətlə, kulinariya saytlarının özündə də Azərbaycan xörəkləri, şirniyyat və bişmişləri öz adı ilə təqdim edilmir. Bu da onunla nəticələnir ki, bunlara ermənilər sahib durmağa çalışırlar.     

Kulinar Mehman Hüseynov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın mətbəx mədəniyyəti qonşu respublikalarla müqayisədə daha zəngindir. Onun sözlərinə görə, bəzi kulinarlar Azərbaycan xörəklərinin dadını qəbul etsə də, onların reklamına qarşıdırlar. Azərbaycan milli mətbəxinin dünyada təbliğ edildiyini önə çəkən M.Hüseynovun sözlərinə görə, Azərbaycana qarşı həmişə qısqanclıq olub: “Azərbaycan milli mətbəxi, kulinariyası çox zəngindir və bundan başqa xalqlar da bəhrələnə bilirlər. Bəhrələnsinlər, etirazımız yoxdur. Ancaq bu xörəklərin Azərbaycana aid olduğunu qeyd etsinlər. Biz hansı xalqın mətbəxinə müraciət ediriksə, mütləq o xalqın adını qeyd edirik. Bilirsiniz, Azərbaycana qarşı həmişə qısqanclıq olub, indi də var. Azərbaycan milli mətbəxi beynəlxalq tədbirlərdə, festivallarda təmisl olunur. Özü də həmişə yüksək nailiyyətlər qazanır.  Bunu da başqalarının, xüsusən də xain ermənilərin gözü götürmür. Biz bilirsiniz ki, ermənilərlə hərtərəfli müharibə şəraitindəyik. Onlar bizim təkcə torpaqlarımızı yox, mətbəximizi də  mənimsəməkdə iddialıdırlar. Ancaq bizim kulinarlar beynəlxalq səviyyədə onların cavabını verə bilirlər. Mən deyərdim ki, bu məsələdə erməni barmağı olmamış deyil”.

M.Hüseynov qeyd etdi ki, internetdə blog açıb fəaliyyət göstərən kulinarların çoxunun bu sahədə elə də böyük çəkisi yoxdur. O bildirdi ki, bunlar öz reklamlarını quran restoran aşpazlarıdır ki, onlardan da belə hərəkət gözləmək olar: “Bu insanlar hansısa ünlü kulinar deyillər. Onların əksəriyyəti restoran kulinarlarıdır ki, özlərini reklam edirlər. Bizim xörəklərin adını çəkməməklə, əslində, yalançı, saxtakar olduqlarını ortaya qoyurlar”.

Aytəkin KƏRİMLİ 

Son xəbərlər