12/12/2017 04:56
728 x 90

Məktəb yaşlı uşaqlarımız üçün “Mavi balina” təhlükəsi getdikcə böyüyür

img

Aynur Musayeva:Uşaqların bu cür oyunların qurbanına çevrilməsinin günahkarı valideynlərlə yanaşı, məktəb psixoloqlarıdır”
Osman Gündüz: “Mavi balina” oyunu kimi bir çox oyunlar uşaqların əhvalına, psixikasına təsir edir”

 

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir.

“Mavi Balina” oyununda 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edilir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Bu oyunu oynayanların arasında sonda intihar əmrini yerinə yetirərək özünü öldürənlər var.

Qeyd etdiyimiz kimi, bu oyunun qurbanları dünya ölkələrini əhatə edir. “Mavi Balina” oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılır.

Təəssüflər olsun ki, uşaqları intihara məcbur edən “Mavi Balina” oyunu Azərbaycanda da yayılır. Bir müddət öncə Şamaxı rayon sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlunun məhz “Mavi balina” oyununu oynayaraq özünü asdığı barədə sosial şəbəkələrdə xəbərlər yayılmışdı.

Bu günlərdə isə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xəsarət yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Zamanın tələbi olan müasir texnologiyalar həyatımızı asanlaşdırdığı kimi, özü ilə bərabər belə neqativ hallar da gətirirlər. Bəs övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?

“Jaləm” Uşaq İnkişaf Mərkəzinin direktoru, psixoloq Aynur Musayeva bizimlə söhbətində qeyd etdi ki, uşaqların belə tələyə düşməsinin günahkarı elə valideynlərdir: “Bu tip oyunlar oyunçuya konkret vəzifələr tapşırır. İlk günlər sadə idman hərəkətləri və ya evdə, küçədə qaçış kimi tapşırıqlar verir. Təxminən 45-50 gün davam edən tapşırıqlar getdikcə qəlizləşir, vəhşiləşir. Oyunçu qeyri-ixtiyari tapşırıqları icra edir, ən təhlükəli əmr də olsa, özünü bunu etməyə məcbur hiss edir. Əvvəlcə heyvanları öldürmək, dərisini soymaq kimi tapşırıqlar verirlər. Amma sonra oyunçu daha təhlükəli, vəhşilik tələb edən əməllərə məcbur edilir. Özünü uca bir yerdən atmaq, asmaq, damarlarını kəsmək, ailə üzvlərini öldürmək də bura daxildir. Uşaqların bu cür tələlərə düşməsinin səbəbkarı da elə valideynlərdir. Məktəbli uşaqların saatlarla internetden istifadə etməsi, oyun aludəçisi olmasının ilk günahkarı elə valideynlərdir. Valideynlər uşaqlarının təhlükəsizliyi və onların yararsız saytlardan istifadə etməməsi üçün kompyuterdə filtr-süzgəc tətbiq etməlidirlər. Yaxud, sadəcə, diskləri alıb müəyyən edilmiş oyunları oynamağa icazə vermək lazımdır. Valideynlərlə yanaşı, məktəb psixoloqları da daim şagirdlərin psixi durumu ilə maraqlanmalıdırlar. İşə gəlib uşaqların “yaxşıyam” sözünü eşitməklə psixoloqların işi bitməməlidir. Onların gündəlik həyat tərzi ilə maraqlanmalıdırlar. Şagirdlər gündəlik gördükləri işi psixoloqlara anlatsalar, bu kimi faciələr yaşanmaz”.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzun sözlərinə görə, belə oyunlar Rusiyada daha geniş yayılıb və uşaqların psixologiyasına çox güclü təsir edir: “Bu cür oyunlar dünya üzrə çoxdur. Bu oyunlarda qeydiyyatdan keçənlərə müxtəlif linklər göndərilir və oyun bir neçə mərhələdən ibarətdir. Hər mərhələnin də şərtləri var. Yəni uşaqların əhvalına, psixikasına təsir edən oyunlardır. Mən bildiyimə görə, Rusiyanın xüsusi xidmət orqanları bu oyunla bağlı böyük əməliyyatlar apararaq, oyunu yaradanları həbs etmişdilər. Bizim də hüquq-mühafizə orqanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaqların təhlükəsizliyi üçün birgə monitorinqlər aparmalı, araşdırmalıdırlar. Hüquq-mühafizə orqanları provayderlərlə birgə işləməlidirlər və əgər qanuna zidd resurslar varsa, onlar bağlanmalıdır. Söhbət qanunvericiliyə zidd olan bütün internet resurslarından gedir. Qurumların məsuliyyətini gücləndirmək lazımdır. Bu təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin problemidir”.

Günel CƏLİLOVA

Son xəbərlər