22/11/2017 15:21
728 x 90

Məktəblilər arasında skolioz xəstəliyi niyə çoxalır...

“Skolioza daha çox məktəblilər arasında rast gəlinir”

img

Adil Qeybulla: “Məktəb yaşlarında skolioz aradan qaldırılmazsa, bu, gələcəkdə uşağın çiyinlərində əyriliyə səbəb ola bilər”

 

İnsan orqanizmində həyat tərzindən, işindən asılı olaraq müxtəlif dəyişikliklər baş verir. Belə dəyişikliklərə çox vaxt peşə xəstəlikləri deyilir. Yəni boyun, bel, çiyin ağrıları olur. Peşə xəstəlikləri sırasına müasir dövrün qlobal xəstəliklərindən olan onurğa əyriliyi də daxildir. Onurğa əyriliyi xəstəliyi orta yaşlı insanlarla yanaşı, məktəblilər arasında yayılıb. Açıqlanan statistik rəqəmlərə əsasən, 574 məktəblidə onurğa əyrilikləri aşkarlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, məktəbyaşlı uşaqlar arasında onurğa əyriliyinə daha çox rast gəlinir: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda 33 orta məktəbdə skoliozun profilaktikası üzrə müayinələr təşkil edib. Müayinələrə 9228 şagird cəlb olunub, 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb.

Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərində isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu müəyyən edilib”.

Məktəblilər arasında onurğa əyriliyinin artması səbəblərini araşdırmaq məqsədilə professor, həkim-ekspert Adil Qeybullaya müraciət etdik. O bizimlə söhbətində bildirdi ki, onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütünunun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna “ağır skolioz” deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır: “Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa, bu, gələcəkdə uşağın çiyinlərində əyriliyə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır”. 

Həmsöhbətimizin sözlərinə görə, uşaqlarla analar daha çox təmasda olurlar. Ona görə də analar daha diqqətli olmalıdırlar: “Uşaqlara soyunan zaman diqqətlə baxmaq lazımdır. Əvvəla çiyin sümüklərinə diqqət etmək gərəkdir. Uşaqda çiyin sümüklərinə, iki çiyin arasında olan məsafəyə nəzər yetirsinlər. Arxadan baxanda kürək sümükləri arasında fərq varsa, uşağın yerişi normal deyilsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Həmçinin, analar, orta məktəb müəllimləri uşaqların hərəkətlərinə, parta arxasında oturuşlarına, daşıdıqları çantalara münasibətdə diqqətli olmalıdırlar. Uşağın inkişaf çağında bütün bunlar önəmli məsələlərdir. Yanlış vərdişlər onurğada çox ciddi fəsadlara yol aça bilir”.

Ekspert onu da vurğuladı ki, zəifləmiş, yəni vaxtından qabaq doğulan, tez-tez və uzun müddət xəstələnən uşaqlarda onurğa sütunu daha asanlıqla əyilə bilir: “Bu tip uşaqların əksəriyyəti iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin unutmaq lazım deyil ki, iməkləmə bel əzələlərini çox yaxşı möhkəmləndirir, böyük yaşlarında onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna görə də valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər.

Məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Bu isə onurğa sütununun əyilməsinə səbəb olur”.

Günel CƏLİLOVA

Son xəbərlər