22/11/2017 15:23
728 x 90

Quba və Xaçmaz məktəbliləri yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlərə cəlb olundu...

img

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri davam etdirilir.

Növbəti belə tədbirlər noyabrın 7-9-da Xaçmaz və Quba rayonlarındakı  Heydər Əliyev mərkəzlərində tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Toplantılarda rayon polis şöbələrinin, icra hakimiyyətlərinin nümayəndələri,  eləcə də pedaqoji heyət, narkoloq və  psixoloqlar da iştirak ediblər.

Hər iki tədbiri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov açaraq toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmaların və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” mövzularında çıxış edib, törədilən hüquqpozmaların fəsadları və tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələ olduğunu iştirakçıların nəzərinə çatdırıb.

Rayon polis orqanlarının rəhbərləri, icra hakimiyyəti başçılarının müavinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların məsul əməkdaşları, VVAQ şöbələrinin əməkdaşları,  narkoloq-həkimlər və psixoloqlar yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması və gənclər arasında narkotik əleyhinə təbliğatın aparılması məqsədilə  “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat” və digər mövzularda çıxışlar ediblər.

Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş etdirilib.

Son xəbərlər