22/11/2017 15:20
728 x 90

Standart qəbirüstü abidələr Azərbaycanda ilk olaraq Naxçıvanda qanuniləşdirildi…

“Bu gün də Naxçıvanın bu sahədə birinci olması sevindiricidir”

img

Seyid Camal Əzimbəyli: “Ümid edirəm ki, bütün ölkədə analoji qayda tətbiq olunacaq”

 

Dəbdəbəli qəbir daşlarının ləğv olunması ilə bağlı uzun müddətdir işlər görülürdü. Lakin bu sahədə irəli sürülən təklifdən başqa qəti mövqe ortaya qoyulmurdu. Bu sahədə ilk addım Naxçıvan şəhərində atılacaq. Artıq Naxçıvanda dəbdəbəli qəbir daşları olmayacaq. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli Qərarı ilə yeni qaydalar təsdiq edilib. Qərara əsəsən, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20 sm, eni isə 1.20 sm, başdaşının hündürlüyü 60 sm, eni 80 sm olacaq.

Naxçıvanda dəbdəbli qəbir daşlarının ləğv olunması və onların standart vahid formada olmasını düzgün sayan şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uzun illərdir Muxtar Respublikada xeyir-şər məclislərinin nizamlı şəkildə keçirilməsi, israfçılığın qarşısının alınması ilə bağlı çox gözəl işlər həyata keçirilib: “Bu gün də Naxçıvanın bu sahədə birinci olması sevindiricidir. Nəzərə almaq lazımdır ki, qəbiristanlıqlar bizim tarixi mədəniyyət abidələrimizdir. Amma buna baxmayaraq, qəbiristanlıqlar sanki insanların yarış meydanına çevrilib. Təəssüf ki, bu hal müsəlman mədəniyyəti, Azərbaycan milli kimliyi adına utanc gətirən bir hadisədir. Hesab edirəm ki, ilk dəfə Naxçıvanda tətbiq edilən bu qayda bütün ölkə boyunca yayılacaq. Ölkə əhalisinin qəbiristanlıqda şan-şöhrət uğrunda apardığı mübarizəyə son qoyulacaq. Bu qərara görə, Naxçıvan rəhbərliyinə xüsusi təşəkkür edirəm”.

Həmsöhbətimiz onu da vurğuladı ki, haqqın rəhmətinə qovuşmuş insanlara dəbdəbəli məzarların tikilməsi, heykəl və büstlərin qoyulması düzgün deyil: “Bu məsələ ilə bağlı dəfələrlə mətbuata, televiziyalara ətraflı müsahibələr verilib, maarifləndirmə tipli məlumatlar ictimaiyyətə açıqlanıb. İnsanlarımızın dəbdəbə, şan-şöhrət aşiqliyi çox pis həddə gəlib çatmışdı. Dəbdəbəli məzar daşlarının qoyulması daha da kütləviləşirdi. Artıq bu məsələyə son qoyulacaq. İlk addım Naxçıvanda atıldı. Ümid edirəm ki, bütün ölkədə analoji qayda tətbiq olunacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər