22/11/2017 15:19
728 x 90

150-dən çox cinayət növü üzrə cəza humanistləşdirildi...

“Bütün bunların nəticəsində Cinayət Məcəlləsində əhəmiyyətli dəyişikliklər baş verdi”

img

Əliməmməd Nuriyev: “Bu, cinayət tərkibi sahəsində hüquqi islahatların ən mühüm göstəricilərini və yol xəritəsini müəyyən etdi”

 

Məlum olduğu kimi, cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan qanun layihəsi Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bundan əvvəl dövlət başçısı tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb. İmzalanan sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi artıq ölkə Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minib.

Əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə qanun son dövrlərdə hazırlanan ən geniş dəyişikliklər paketi hesab edilə bilər. Belə ki, burada Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilib. Bütövlükdə, 15 cinayət məcəllədən çıxarılıb. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir. Beləliklə, 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ azadlığın məhdudlaşdırılması və sair cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzalar daxil edilib.

Ümumilikdə, bu dəyişiklikləri ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev buna bir neçə prizmadan yanaşdı: “Prezidentin sözügedən məsələ ilə bağlı bu ilin fevralında imzaladığı sərəncamdan sonra Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin və Prezident Adminstrasiyasının nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. Bu işçi qrupu çox gərgin işlədi və nəticədə cinayət qanunvericiliyi ilə bağlı əhəmiyyətli dəyişikliklər layihəsini hazırladılar. Sonra Milli Məclis bunu qəbul etdi və cənab Prezident bununla bağlı qanunu imzaladı. Ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Bu da Cinayət Məcəlləsinin üçdə birini əhatə edir. Miqyas etibarilə çox nəhəng dəyişikliklərdir. Eyni zamanda, bu, cinayət tərkibi sahəsində hüquqi islahatların ən mühüm göstəricilərini və yol xəritəsini müəyyən etdi. Bu dəyişikliklər nəticəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar Cinayət Məcəlləsinə daxil edildi. Eyni zamanda, məhkumluğun götürülməsi ilə bağlı çox əhəmiyyətli dəyişikliklər baş verdi. Həmçinin, bir sıra iqtisadi xarakterli əməllər dekriminallaşdırıldı. Bütün bunların nəticəsində Cinayət Məcəlləsində əhəmiyyətli dəyişikliklər baş verdi. Ancaq bütün bunlar heç də o demək deyil ki, biz cinayətkarın cəzalandırılması praktikasından imtina edirik. Təbii ki, yox. Sadəcə olaraq, Azərbaycan Cinayət Məcəlləsində bir sıra dəyişikliklərin baş verməsi, cəzanın humanistləşdirilməsi həm də bir çox şəxslərin gələcəkdə cinayət etməkdən çəkinməsinə gətirib çıxaracaq. Bu, cinayət təqibi siyasətində yeni yanaşmaların tətbiq edilməsi deməkdir. Həm də digər məsələlərin həll olunmasına öz müsbət təsirini göstərəcək. Ona görə də bütün bunlara müsbət prizmadan yanaşıram. Hesab edirəm ki, bu öz müsbət effektini verəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər