24/10/2017 06:09
728 x 90

Azərbaycanda humanist cəzanın daha bir növü - körpə uşağa baxan kişilər də…

“Himayəsində 14 yaşa kimi uşaqları olan valideynlərin cəza çəkməsinin dondurulması humanist addım kimi qiymətləndirilməlidir”

img

Sahib Məmmədov:  “Cinayət Məcəlləsinə edilən dəyişiklik cəza sisteminin humanistləşdirilməsi və alternativ cəza təcrübəsinin genişləndirilməsi ilə bağlıdır”

 

Xəbər verildiyi kimi, azyaşlı uşaqları olan məhkumlara güzəştlər artırılır. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması müddətləri artırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, təklif edilən dəyişikliyə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində bu güzəşt səkkiz yaşına qədər uşağı olan şəxslərə şamil edilir. Dəyişikliyə əsasən, səkkiz yaş on dörd yaşla əvəz edilir.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Himayəsində 14 yaşa kimi uşağı olan valideynlərin cəzasının dondurulması ekspertlər tərəfindən müsbət qarşılanır. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov “Bakı-Xəbər”ə  açıqlamasında qeyd etdi ki, bu dəyişiklik paket şəklində Milli Məclisə daxil olub: “Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, cəza siyasəti humanistləşdirilməlidir. Həmin sərəncamda cəzanın humanistləşdirilməsi, alternativ cəzaların tətbiqi təcrübəsinin genişləndirilməsi və bir çox məsələlər yer alıb. O cümlədən, himayəsində 14 yaşa kimi uşağı olan valideynlərin cəzasının dondurulması da. Cəzanın dondurulması o demək deyil ki, cəza ləğv olunur. Müəyyən müddət keçəndən sonra hər hansı bir cinayəti törədən şəxs öz cəzasını çəkməli olur. Bu, cəza sisteminin humanistləşdirilməsi və alternativ cəza təcrübəsinin genişləndirilməsi ilə bağlıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər