24/10/2017 06:09
728 x 90

Mənəvi dəyərlərimizin mühafizəsi rəsmən dövlət himayəsinə alındı…

img

Zəki Zalov:  “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması xalqını, dövlətini istəyən hər bir kəsin ürəyindəndir”

Ənvər Çingizoğlu: “Dövlətin mənəvi dəyərlərin təbliğinə göstərdiyi qayğı çox qiymətlidir”

 

Azərbaycanda mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti ölkədə gerçək tolerant mühitin formalaşmış olduğunu ortaya qoyur. Azərbaycanda mənəvi dəyərlər həm dövlət, həm də ictimaiyyət tərəfindən hər zaman qorunub və qorunması, təbliği davam etdirilir. Ölkəmizdə mövcud olan dini dözümlülük, tolerantlıq mənzərəsi respublikamızın hüdudlarından kənarlarda çox yaxşı görünür və təqdir edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir: “Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilmişdir. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir.

Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir”.

Fərmanda qeyd edilir ki, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır.

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması barədə ölkə başçısının imzaladığı fərmanı yüksək dəyərləndirən dinşünaslar hesab edirlər ki, bu sənəd bu sahəni daha da inkişaf etdirəcək.

Dinşünas Zəki Zalovun sözlərinə görə, Azərbaycanda mənəvi dəyərlərin təbliği istiqamətində dövlətin həyata keçirdiyi bütün tədbirlər dindarların ürəyincədir. Tarixən ölkəmizdə bütün dinlərin nümayəndələrinin azad, sərbəst yaşadığını və dinlər arasında sağlam dostluq əlaqələrinin olmasını yükəsk dəyərləndirən dinşünas hesab edir ki, bu sənəd bu sahəni daha da inkişaf etdirəcək: “Mən Prezidentin imzaladığı fərmanı çox yükək dəyərləndirirəm. Hesab edirəm ki, bu olduqca vacib bir sənəddir. Azərbaycanda sağlam dini mühit həmişə olub, mənəvi dəyərlərin təbliğinə geniş yer verilib. Mənəvi dəyərlər bizim dini əxlaqımızda, həyatımızda çox böyük rol oynayır. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri var. Azərbaycanda olan tolerantlıq, dini dözümlülük başqa ölkələrə bir nümunədir. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması xalqını, dövlətini istəyən hər bir kəsin ürəyindəndir. Bu, mənəvi dəyərlərin ictimaiyyətdə, gənclər arasında daha yüksək səviyyədə təbliğinə şərait yaradacaq. Mənəvi dəyərlərə hörmət xalqımızın canındadır. Biz həmişə mənəvi dəyərləri qoruyub təbliğ etməliyik. Bu ən ümdə vəzifələrimizdən biridir”.

Etnoqraf Ənvər Çingizoğlunun fikrincə, Azərbaycanda həmişə sağlam mənəvi mühit olub və bu gün də mənəvi dəyərlərin təbliği istiqamətində dövlət tərəfindən böyük işlər görülür. Ekspertin bildirdiyinə görə, Prezidentin imzaladığı fərman Azərbaycanda mənəvi dəyərlərin daha yüksək səviyyədə qorunmasına stimuldur: “Müasir dünya tamam başqa istiqamətə yön alıb. Deyim ki, qloballaşma dalğası bir çox ölkələri çənginə alıb və mədəniyyətləri, mənəvi dəyərləri dağıtmaqla, məhv etməklə, cəmiyyətlərə qondarma sistemlər gətirməklə məşğuldur. Dünyanın tamam başqa bir istəkdə bulunduğu bir zamanda, dəyərlərin dəyişdirildiyi çağda Azərbaycan Respublikası Prezidentinin Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılması haqqında Fərman imzalaması təqdirəlayiq haldır. Bu o deməkdir ki, dövlət və xalq əl-ələ verib mənəvi dəyərlərimizi qoruyur. Bu sənəd mənəvi dəyərlərimizin yad təsirlərdən, başlıcası isə qoloballaşma bəlalarından qorunmasında çox böyük əhəmiyyətə malikdir. Bilirik ki, dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətində özünü daha məzmunlu şəkildə ifadə edir. Azərbaycanda mövcud olan tolerantlıq, dini dözümlülük, birgəyaşayış nümunəsi dünyada təqdir edilir. Hamıya yaxşı məlumdur ki, Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə tolerantlığın dəyişməz ünvanıdır. Burada yaşayan bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, öz mənəvi dəyərlərini, dini abidələrini qoruya bilir. Onlara böyük dövlət dəstəyi var. Azərbaycan xalqı hər zaman tolerant olub və bu tolerantlığın nəticəsidir ki, başqa dinlərin nümayəndələri öz mənəviyyatını, milli dəyərlərini, adət-ənənələrini, folklor və etnoqrafiyalarını qoruya, təbliğ edə bilirlər. Dövlətin mənəvi dəyərlərin təbliğinə göstərdiyi qayğı çox qiymətlidir. Düşünrəm ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldıqdan sonra bu sahədə daha böyük inkişaf, nailiyyət baş verəcək. Sənədi təqdir edir və mənəvi dəyərlərin təbliği istiqamətində görəcəyi işlərdə fonda uğurlar arzu edirəm”.

İradə SARIYEVA

Son xəbərlər