24/10/2017 06:10
728 x 90

Dilimizin yeni orfoqrafiya lüğətinə tələb gündən-günə böyüyür...

img

İsmayıl Məmmədov: “Biz hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” üzərində işləyirik”
Buludxan Xəlilov: “Dilçilik İnstitutunda bu məsələnin başlanmasını, bununla bağlı komissiyanın yaradılmasını təqdir edirəm”

 

Son illər Azərbaycan dilinin inkişaf etdirilməsi, qorunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir sıra rəsmi sənədlər imzalanıb. Bu sənədlər dövlət dilinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi, dilimizə, məişətimizə daxil olan yeni sözlərin, ifadələrin izahlı lüğətinin hazırlanması məsələsində böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni qaydalar, müasir tələblərə uyğun hazırlanması zəruri hal kimi meydana çıxıb.

Bilirik ki, son illər dilimizə yeni alınma sözlər daxil olub. Bu sözlərin əksəriyyəti texniki nailiyyətlər hesabına qazanılan sözlər və terminlərdir ki, onların orfoqrafiya lüğətində yer alması vacibdir. Digər tərəfdən də elə sözlər var ki, onlar məişətdə işlədildiyi halda, indiyə qədər nəşr edilən orfoqrafiya lüğətinə düşməyib. Bu gün saysız sözlər var ki, onların orfoqrafiya lüğətində əks olunması vacibdir.

Qeyd edək ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti bir neçə dəfə işlənib, hər dəfə yeni sözlər, yeni terminlərlə zənginləşdirilib. Təbii, dil inkişaf etdikcə, yeni sözlər meydana gəlir və bu sözlərin də izahlı lüğətinin hazırlanması, yazılış, deyiliş qaydalarının müəyyənləşdirilməsi zəruridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında hazırda yeni orforqafiya lüğəti üzərində iş getdiyini bildirdi: “Biz indi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” üzərində işləyirik. Yeni lüğətə son illər müxtəlif sahələrə daxil olan sözlər salınacaq. Lüğətin yenilənməsi günün zəruri tələbidir”.

Yeni lüğətdə nə qədər sözün yer alacağına gəlincə, şöbə müdiri bildirdi ki, hələ söz və terminlərin sayı dəqiqləşməyib: “Hələ saymamışıq. Orfoqrafiya lüğətinin üzərində iş başa çatmaq üzrədir, lüğəti təkmilləşdiririk”.

Bildirək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” SSRİ dövründə sonuncu dəfə 1975-ci ildə çap olunub. Müstəqillik illərində isə 2004-cü ildə nəşr olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli Qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında latın qrafikalı əlifba ilə hazırlanan ilk nəşrə əvvəlki lüğətlərdə öz əksini tapmayan 18 minə yaxın söz salınmışdı. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sonuncu dəfə 2013-cü ildə çap edilib. 

Filologiya üzrə elmlər doktoru, professor, dilçi Buludxan Xəlilovun bildirdiyinə görə, orfoqrafiya məsələsi hər bir mədəni xalqın yazısında mühüm tələblərdən biridir. Onun bildirdiyinə görə, yazı mədəniyyətinin tərəqqisində orfoqrafiya mühüm rol oynayır: “Təsadüfi deyil ki, XX əsrdə Azərbaycan yazısından ərəb əlifbası çıxarıldıqdan sonra orfoqrafiya məsələsi günün mühüm məsələlərindən biri kimi meydana çıxdı. İlk orfoqrafiya qaydaları 1925-ci ildə nəşr olunsa da, sonra bunun əsasında 1929-cu ildə “İmla lüğəti” adı ilə “Azərnəşr” tərəfindən orfoqrafiya sözlüyü çap olundu. Həm ilk orfoqrafiya qaydaları, həm də “İmla lüğəti” Vəli Xuluflunun müəllifliyi ilə nəşr olundu. “İmla lüğəti” (birinci nəşr) həcmcə çox kiçik bir lüğət olub, burada dilimizdəki sözlərin az bir hissəsi verilib. Lüğətin həcmcə kiçik olmasına baxmayaraq, lüğət yazı mədəniyyətimizin, nitq mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. “İmla lüğəti” orfoqrafiya lüğətinin tərtibi tarixində ilk təşəbbüs olduğundan, çox qiymətli bir lüğət olub. Təbii ki, dil inkişaf edir, lüğət tərkibi yeni sözlərlə zənginləşir. Bu zaman dilin orfoqrafiya qaydalarını nizama salmaq, orfoqrafiyadakı bəzi dolaşıqlıqları aradan qaldırmaq lazım gəlir. Bu məqam yeni-yeni orfoqrafiya lüğətlərinin hazırlanması zərurətini meydana gətirir. Odur ki, "İmla lüğəti" 1940-cı ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi əməkdaşları tərəfindən "Orfoqrafiya lüğəti" (ikinci nəşr) adı ilə nəşr olundu.

Bu lüğətdə 21000-dən artıq sözün orfoqrafiyası özünə yer aldı. Əlbəttə, bu lüğət də tələbatı tam şəkildə ödəmədiyi üçün, 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşr olundu. 1960-cı ildə çap olunmuş lüğət 1940-cı ildə nəşr olunmuş lüğətin əsasında hazırlanmışdı. 1960-cı ildə çap olunmuş (üçüncü nəşr) "Orfoqrafiya lüğəti"ndə 40 000 artıq söz olub. Dilin lüğət tərkibində gedən zənginləşmə prosesi, o cümlədən tələbat yeni bir orfoqrafiya lüğətinin çapı zərurətini yaradıb. Beləliklə, 1975-ci ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (dördüncü nəşr) nəşr olunub. Bu lüğət 58000 sözü əhatə edib və demək olar ki, öz dövrünün leksikasını əks etdirə bilib”.

2004-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (beşinci nəşr) latın qrafikalı əlifba ilə çap olunmasının əhəmiyyətini vurğulayan alim bildirir ki, həmin nəşr Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli, 71 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli Qərarı ilə təsdiqlənib. Lüğətə 1975-ci ildə çap olunmuş "Orfoqrafiya lüğəti"ndə olmayan 18 000-ə yaxın söz daxil edilib: “Orfoqrafiya lüğətlərinin təkmilləşdirilməsi, yenidən çap olunması, hər şeydən əvvəl, bir tələbatla bağlı olur. Belə ki, mövcud orfoqrafiya lüğəti tələbatı ödəmir, dilin lüğət tərkibinə gələn yeni sözlər orfoqrafiya lüğətində əks olunmur, lüğət tərkibində, sözlərin tələffüz və yazı normalarında təbii inkişaf prosesi gedir və sair və ilaxır. Bütün bu tələbatlar əsasında orfoqrafiya lüğətinin yeniləşməsi zərurəti meydana gəlir. Qeyd edək ki, Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, elmi həyatında və digər sahələrdə o qədər mütərəqqi dəyişikliklər baş verib ki, bunların hamısı yeni-yeni məfhumlarla yanaşı, onları ifadə edən sözləri də dilimizin lüğət tərkibinə təbii olaraq gətirib. Ona görə də dilimizin lüğət tərkibinə daxil olan yeni-yeni sözlərin yazılış normalarını qaydaya salmaq üçün zamanın, dövrün tələbinə cavab verən orfoqrafiya lüğətinin çapına ehtiyac olub. Məhz bu ehtiyacı ödəmək üçün 2013-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən çap edilib. Bu lüğət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında bəyənilib və çapa məsləhət bilinib.

2004-cü ildən keçən müddət ərzində rəylər, təkliflər, fikirlər, mülahizələr, məktublar saf-çürük edilib, bunların əsasında təkmilləşdirmələr aparılıb və 2013-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (altıncı nəşr) çap edilib. Qeyd olunduğu kimi, bu lüğət həcm baxımından 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətindən fərqlənir. Belə ki, 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz vardısa, genişləndirilmiş və yenidən işlənilmiş bu nəşrdə 110 min 563 söz var. 2013-cü ildə çap olunmuş lüğətə 2004-cü il lüğətindəki sözlərdən əlavə 30 mindən çox söz daxil edilib. Bu lüğətdə əlavə edilmiş sözlərin əksəriyyəti yeni yaranmış sözlər, eyni zamanda 2004-cü ildəki nəşrə daxil edilməmiş sözlərdir. Məsələn, musiqi adları, xörək adları, siyasi terminlər, hüquq terminləri və s.”.

B.Xəlilov bizimlə söhbətində bildirdi ki, yeni orfoqrafiya lüğətinin yaranmasına tələbat yaranıb. Hazırda “Azərbaycan dilinin orfoqrafiya” lüğəti üzərində iş getdiyini deyən B.Xəlilovun sözlərinə görə, yeni lüğət 2018-ci ildə nəşr ediləcək.

B.Xəlilov bildirdi ki, yeni lüğətin hazırlanması ilə əlaqədər komissiya yaradılıb və özünün də təmsil olunduğu komissiya bu işlə məşğuldur: “Bütün dillərin lüğət tərkibi inkişaf edir, dəyişir. Əslində, dilin lüğət tərkibinin dəyişməsi dilin xoşbəxtliyidir. Azərbaycan dili də bu taleni yaşayan dillərdən biridir. Bizim siyasi, iqtisadi, mədəni, elmi, sosial həyatımızda olan dəyişikliklər imkan yaradır ki, dilin lüğət tərkibinə yeni sözlər gəlsin. Bu da şərait yaradır ki, dilimizin qayda-qanunlarını, yazı qaydasını özündə ehtiva edən orfoqrafiya lüğəti dəyişsin. Yəni 2013-cü ildən xeyli vaxt keçib, 2018-ci ildə 5 il olacaq. 4 ildir dilin lüğət tərkibinə yeni-yeni sözlər gəlir. Yeni sözlərin orfoqrafiya lüğətində əks olunmasına çox böyük ehtiyac var. Çünki yazı-pozu işi ilə məşğul olanlar, KİV nümayəndələri yeni gələn sözlərin orfoqrafiyasının vahid qaydada olmasını bilməlidirlər. Bu mənada yeni orfoqrafiya lüğətinin çap olunması zamanın tələbidir. Dilçilik İnstitutunda bu məsələnin başlanmasını, bununla bağlı komissiyanın yaradılmasını təqdir edirəm. Həmin komissiya üzvlərinin tərkibində mən də varam, burada ayrı-ayrı təşkilatların nümayəndələri təmsil olunur. Bildiyim qədər, komissiyanın tərkibində 22 nəfər var. Bu işi alqışlayıram. Çünki bu, dilin inkişafıdır. Bu tələb edir ki, yeni gələn sözlər yazılış qaydasında əksini tapsın. Təbii ki, növbəti beş ildə də orfoqrafiya lüğətinin yenilənməsi baş verəcək. Çünki belə bir qayda var, orfoqrafiya lüğətləri müntəzəm olaraq çap olunmalıdır. Yəni o demək deyil ki, orfoqrafiya lüğəti bir dəfə çap olunsun, sonra dayansın. İstəyirəm ki, bir müqayisə aparım. Keçmiş Sovet İttifaqı zamanında 1975-ci ildən sonra “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2004-cü ilə qədər çap olunmadı. Bu lüğət biz müstəqillik əldə etdikdən neçə il sonra çıxdı. 1975-ci ildən sonra orfoqrafiya lüğətinin çıxmamasının səbəbi vardı. Sovet cəmiyyəti qapalı cəmiyyət idi. Bu cəmiyyətə sözün gəlib-getməsi mümkün deyildi. İqtisadi, siyasi, mədəni əlaqələrində də bir qapalılıq vardı. Ona görə də uzun müddət, yəni 1975-ci ildən SSRİ dağılana qədər orfoqrafiya lüğəti sabit olaraq qaldı. Deyim ki, o orfoqrafiya lüğəti həmin cəmiyyətin tələblərini ödəyirdi. Çünki elə kütləvi sözlər gəlmirdi”.

B.Xəlilov qeyd etdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra artıq dilin lüğət tərkibinə yeni sözlər gəldi və bu da yeni orfoqrafiya lüğətinin yaranması zərurətini yaratdı: “Bu mənada bizim 2018-ci ildə çap olunacaq “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən sonra da yeni-yeni orfoqrafiya lüğətlərinin çap olunması dövrün tələbinə uyğun olaraq meydana çıxacaq. Ona görə ki, dilin lüğət tərkibinə yeni-yeni sözlər gələcək. Deyim ki, bu çox vacib məsələdir. Çünki yazı sistemində pərakəndəliyin qarşısı alınmalıdır.  Dil o qədər inkişaf edir ki, hətta mövcud orfoqrafiya lüğətləri dilin qayda-qanunlarını tənzimləyə, onunla ayaqlaşa bilmir. İndi növbəti orfoqrafiya lüğəti buraxılacaq və o buraxılan müddətdə yeni sözlər yaranacaq. O lüğət də artıq o sözləri ehtiva edə bilməyəcək və yeni lüğət yaranması zərurəti ortaya çıxacaq. Bu nə deməkdir? Bu, dünyanın inkişafından əmələ gələn məsələdir. Biz də dünyanın bir parçasıyıq və dünyada gedən inkişafla əlaqədar olaraq iqtisadi-siyasi, mədəni, elmi sahəmizə gələn yeni sözlər tam şəkildə orfoqrafiya lüğətinə düşə bilmir. Biz çalışırıq ki, bu inkişafı orfoqrafiya lüğətinə gətirək və gətirdikdən sonra dildəki inkişaf da yeni-yeni sözlər gətirir. Bu, əslində, dilin lüğət tərkibinin inkişafı kimi çox xoş haldır. Digər tərəfdən də bunun özü də bir seçim prinsipi yaradır. Elə sözlər var ki, gəlir, ancaq ictimai həyatda, sosial mühitdə, dil istifadə edildiyi yerdə özünə vətəndaşlıq qazana bilmir. Bu zaman artıq orfoqrafiya lüğətini tərtib edərkən o sözlərin orfoqrafiya lüğətinə yazılmasına da zərurət olmur. Bu da bir tərəfdən işi tənzimləyə bilir. Ona görə də yeni orfoqrafiya lüğətinin yaranması uğurlu bir haldır. Bu təkmilləşdirmələr bütövlükdə Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsini sübut edən bir faktordur”.  

İradə SARIYEVA

Son xəbərlər