24/10/2017 06:13
728 x 90

Dövlət başçısı bina sakinlərini avtomobillərə evakuatorların həmləsindən xilas etdi…

“İnsanlar yaşadıqları evlərin yanında rahat şəkildə avtomobillərini pulsuz park edəcəklər”

img

Şahin Camalov: “Ümid edirəm ki, bu, Bakı şəhərində avtomobillərin parklanmasının təşkilində ciddi dönüşə gətirib çıxaracaq”

 

Əksər sürücülər parklanma yerlərinin baha olmasından şikayətlənirlər. Bakıda xüsusi təchiz edilmiş, müşahidə kamerası və mühafizəsi olan pulsuz parklanma yerləri yoxdur. “Parkovka”lar baha və məhdud olduğundan, sürücülər harda boş yer varsa, orada maşın saxlayırlar.

Bundan başqa, yol kənarlarında yerləşən binalarda yaşayan vətəndaşlar görürsən ki, parkomat üzündən avtomobilini pulsuz saxlaya bilmirlər. Bu da, istər-istəməz, vətəndaşların haqlı narazılığına səbəb olur. Ancaq deyəsən sözügedən problem öz həllini tapır.

Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu veriləcək. Həmçinin, fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi təmin ediləcək. Bu imkan verəcək ki, yol kənarında binalarda yaşayan vətəndaşlar pulsuz olaraq avtomobillərini park etsinlər. O üzdən maraqlıdır, ekspertlər son yeniliyi necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov bunun çox müsbət əhəmiyyətə malik olduğunu bildirdi. O bunu bir sıra arqumentlərlə əsaslandırmağa çalışdı: “Sözügedən yenilik Bakıda tıxac probleminin həllinə ciddi təkan verə bilər. Çünki insanlar “parkovka”ya ödəniş etməməkdən ötrü harada gəldi avtomobili saxlamalı olurdular. Həyətlərdə, ara küçələrdə, hətta uzaq yerlərdə belə, avtomobili park etməli olurdular. Bu da ciddi narazılıq və eyni zamanda narahatlıq yaradırdı. Bu, həmçinin, tıxacların yaranmasına ciddi təsir göstərirdi. Ən pisi o idi ki, bir sıra hallarda, bina sakinləri avtomobilini pulsuz park etmək üçün yer tapa bilmirdilər. Onu da nəzərə almaq lazımdır ki, Bakıda parkomatların sayı yetərincə çoxdur. Ancaq məlum fərmandan sonra bu istiqamətdə vəziyyət dəyişəcək. İnsanlar öz yaşadıqları evlərin yanında rahat şəkildə avtomobillərini pulsuz park edəcəklər. Nəticədə bu sahədə mövcud olan bir sıra problemlər öz həllini tapmış olacaq. Ö üzdən, cənab Prezidentin bununla bağlı imzaladığı fərmanı yüksək qiymətləndirirəm. Sözügedən məsələ ilə bağlı ölkə Prezidentinə ancaq təşəkkür etmək olar. Ümid edirəm ki, bu, Bakı şəhərində avtomobillərin parklanmasının təşkilində ciddi dönüşə gətirib çıxaracaq. Hər halda hamımız çalışmalıyıq ki, mümkün olan qədər bu işə töhfə verək”.

Vidadi ORDAHALLI  

Son xəbərlər