24/10/2017 06:08
728 x 90

Eşitmə qüsurlu xəstələrin çoxalma səbəbləri…

“Bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır”

img

Vahid Zeynalov: “Musiqi alətlərinin səsgücləndiricilər vasitəsilə daha da yüksək tonla səslənməsi insanların tək əsəb sisteminə deyil, eyni zamanda eşitməsinə də təsir edir”

 

Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.

Bundan başqa, adıçəkilən xəstəlik üzrə ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda şəxslərin sayı keçən il üçün 370 nəfər (2015-ci ildə 319 nəfər) təşkil edib. Həmin şəxslərdən 58,6 faizi kişi, 41,4 faizi isə qadın olub. Onlardan 18-29 yaşda olanların sayı 78, 30-35 yaşda olanların sayı 36, 36 və yuxarı yaşda olanların sayı isə 256 nəfər təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinə əlilliyə və sağlamlıq imkanlarının məhdudluğuna dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplu şəkildə təqdim olunur.

Eşitmə qüsuru olan şəxslərin sayının nə səbəbdən artması barədə otolorinqoloq Vahid Zeynalovla söhbət etdik. O bildirdi ki, bu gün eşitmə qüsuru olan şəxslərin sayı ötən illərə nisbətən artıb. Bu problem daha çox gənclərdə özünü büruzə verir: “İlk olaraq bildirim ki, son illər gənclərin, demək olar ki, əksəriyyəti qulaqcıqlardan istifadə edir. Onlar həmin cihaz vasitəsilə musiqiyə yüksək səslə qulaq asırlar. Bəllidir ki, yüksək səs qulaq pərdəsinə ziyandır. Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşyaymış kimi qulaqcıqsız evdən kənara belə çıxmırlar. Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır. Yüksəs səslə nəyisə dinləmək qulaqlari hədsiz zədələyir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. 1 metrdəki partlayışın səsi ilə 10 metrdəki partlayışın səsi qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni təsiri göstərir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, eşitmə qüsuruna tək qulaqcıq vasitəsilə yayılan musiqi deyil, həmçinin, restoran və ya şadlıq evlərində səslənən mahnılar da gətirib çıxarır: “Əsasən bu problem şadlıq evlərində yaşanır. Şadlıq evlərində keçirilən toy mərasimlərində iştirak edənlər adətən yüksək səsdən şikayət edirlər. Musiqi alətlərinin səsgücləndiricilər vasitəsilə daha da yüksək tonla səslənməsi insanların tək əsəb sisteminə deyil, eyni zamanda eşitməsinə də təsir edir. Bəzən elə insanlar olub ki, toyda iştirak edəndən bir neçə gün sonra onların qulağında problem yaranıb. Bu halda bizə müraciət edənlərin şikayəti qulağında hələ də həmin musiqi səslərinin qalması və ya toydan sonra ətrafdakıların nə dediyini küy formasında eşitməsidir”.

V.Zeynalovun sözlərinə görə, bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır: “Yəni valideynlər bu hallarla bağlı mütəxəssislərə çox gec müraciət edirlər. Məsələn, uşaq üç yaşına çatır, danışmır, amma buna ciddi əhəmiyyət vermirlər. Ətrafdakı insanlar çox zaman deyirlər ki, belə hallar çox olur, narahat olmağa dəyməz, ya da məsələn, “oğlan uşaqları gec danışır” və sairə. Belə-belə vaxt ötür və problemin aradan qaldırılması mümkün olmur. Ya da valideynlər uşaqda karlığın olmasını gizlədirlər. Bəzən hətta valideynlər uşağın eşitmə cihazı ilə gəzməyi əvəzinə, ömürlük eşitmə və nitq qüsurlu olmasına üstünlük verirlər. Çox təəssüf ki, belə hallar da var. Hər kəs bilməlidir ki, biz eşitmə qüsuru olan uşaqlara əsasən dörd yaşa qədər kömək edə bilirik. Amma bəzən bir sıra kriteriyaları nəzərə alaraq bu müddəti beş, beş yaş yarıma qədər uzada bilirik”.

Günel CƏLİLOVA

Son xəbərlər