20/09/2017 18:54
728 x 90

“Azərbaycan dili”, “Ədəbiyyat” dərsliklərinə təsadüfi “şairlərin - yazıçıların” şeirləri, hekayələri dostluq-tanışlıq prinsipi ilə salınır…

img

Sevinc Nuruqızı: “İndi vəziyyət belədir ki, dərsliklər üçün mətnləri ya müəlliflər özləri yazır, ya da…”
Rafiq İsmayıl: “Məni əsas narahat edən məsələlərdən biri dərsliklərə salınan əsərlərin...”

 

Günümüzün real və acınacaqlı problemlərindən biri dərsliklərlə bağlıdır. Bu acınacaqlı hal humanitar dərsliklərin tərtibində xüsusilə müşahidə olunur. İbtidai siniflər üçün “Azərbaycan dili” və yuxarı siniflər üçün isə “Ədəbiyyat” dərsliklərinə heç kəsin tanımadığı, ədəbi mühitin qəbul etmədiyi, “imzalar içində imzası” olmayan şair və nasirlərin şeirlərinin, hekayələrinin salınması faktı həm müəllimləri, həm valideynləri, həm də ictimaiyyət nümayəndələrini, ziyalıları ciddi narahat edir.

Dərslik elə bir vasitədir ki, onlar şagirdlərə bilik, məlumat verir, onların dünyagörüşünü formalaşdırır, həyata hazırlayır. Amma dərslikdə qüsur, nöqsan olanda bu, övladlarımızın gələcək üçün natamam yetişməsinə səbəb olur.

“Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə salınan mətnlərin hamısı olmasa da, xeyli hissəsi təsadüfi insanlara aiddir. Çox təəssüf ki, son vaxtlar dərsliklərin hazırlanması işi Təhsil Nazirliyi tərəfindən həyata keçirilmir. Ayrı-ayrı müəlliflər dərsliklər yazır, bu dərsliklər ya müəlliflər, ya da nəşriyyatlar tərəfindən nazirliyin keçirdiyi dərslik tenderinə çıxarılır, oradan dərslik üçün yararlı olanlar seçilir və təsdiqlənir. Bu da o deməkdir ki, dərsliyə hansı şair və yazıçının əsərinin, şeir və hekayəsinin salınması məsələsi dərslik müəlliflərinin vicdanına qalır. Nə gizlədək, onların da çoxu tanınmış, ədəbi aləmdə öz sözünü demiş, imzasını təsdiqləmiş şair və nasirlərin əsərlərinə göz yumub, tanış-bilişlərinin, ətraflarında olan adamların, qohumlarının şeir və hekayələrini dərsliklərə daxil edib beyin döyən mətnləri şagirdlərə həzm etdirmək istəyirlər. Bu da böyük çətinliklər yaradır. Şagirdlər mətnləri qavramaqda, öyrənməkdə çətinliklə üzləşirlər, mətni təhlil etməkdən isə danışmağa dəyməz. Dərslik dövlətin əhəmiyyətli strateji məsələlərindən biridir və buna vicdanla yanaşmaq tələb olunur. Azərbaycan uşaq ədəbiyyatının elə gözəl örnəkləri var ki, onlar dərsliklərə salınsa, daha böyük effekt verməzmi? Yaxud dünya ədəbiyyatının gözəl nümunələri uşaqlarımıza öyrədilsə, bunun nəyi pis olar? Yazılı ədəbiyyat da həmçinin. Təsəvvür edin ki, Əliağa Vahid kimi görkəmli şairin əsərlərini “Ədəbiyyat” dərsliklərinə salmağa qısqanclıq göstərən dərslik müəllifləri dost-tanışlarının, yaxınlarının cızma-qaralarını dərsliklərə salırlar. Etika naminə nə dərslik müəlliflərinin adını çəkirik, nə də dərsliklərə salınan cızma-qaraçıların. Doğrudur, Azərbaycan ədəbiyyatının görkəmli simalarının da əsərləri dərsliklərdə yer alır. Ancaq onların yanında təsadüfi adamların da şeir və hekayələrinin olması doğrudan da gülünc görünür. Ədəbiyyat həmişə ədaləti, haqqı təbliğ edib, amma təsadüfi müəlliflərin yazıları şagirdləri ədəbiyyata elə də bağlamır.

Dərsliklərə heç kəsin tanımadığı adamların şeir və hekayələrinin salınmasının ciddi fakt olduğunu deyən uşaq yazıçısı Sevinc Nuruqızı hesab edir ki, bu gün Azərbaycanda əsərləri dərslik üçün yararlı olan yazıçı və şairlər az deyil: “Təəssüf ki, bu problem mövcuddur. Bu məni də ağrıdan məsələlərdən biridir. Dərslik tərtib edən insanlar əsərlərini bura saldıqları şair və yazıçının ədəbi ictimaiyyətdə tanınmasını, yazısının şagirdlərin marağına səbəb olub-olmayacağını yaxşı düşünməlidir. Bilirsiniz, indi vəziyyət belədir ki, dərsliklər üçün mətnləri ya müəlliflər özləri yazır, ya da tanışının, yaxınının şeir və hekayələrini dərsliyə salır. Bu da normal əsərlər olmadığı üçün, uşaqlar onu qavramaqda çətinlik çəkirlər. Dərslik ən həssas bir sahədir. Bura Azərbaycan və dünya ədəbiyyatının gözəl nümunələrini salmaq lazımdır. Elə müasir dövrdə də şagirdlərin marağına səbəb olan şeir və hekayələr yazan şairlər, yazıçılar var. Bu məsələyə barmaqarası yanaşmaq lazım deyil. Mətn normal olmayanda uşaqlar onu qavramaqda çətinlik çəkir”. 

Dərslik mütəxəssisi Rafiq İsmayıl mövzu ilə əlaqədar  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dərslik müəllifini nazirlik seçmir, dərsliklər tenderlər vasitəsilə seçilir: “Bilirsiniz, indi orta məktəb dərsliklərinin məqsədi, yönü dəyişib. Hazırda dərsliyə salınan əsərləri seçərkən tanınmış müəlliflərə deyil, yaxşı əsərə üstünlük verilir. Yəni qayda budur.  Ola bilər ki, yaxşı yazıçıdır, şairdir, amma şeiri, hekayəsi dərslik üçün deyil. Məni əsas narahat edən məsələlərdən biri dərsliklərə salınan əsərlərin yaş qruplarına uyğun gəlməməsi və müasir tələblərə cavab verə bilməməsidir. Ədəbiyyat dərsliyinin məqsədi şagirdlərdə mənəvi-estetik zövqü formalaşdırmaq, təfəkkürünü inkişaf etdirmək, biliyini genişləndirmək, təhlil qabiliyyətini artırmaqdır. Sizin dediyiniz təsadüfi şair və yazıçılara gəlincə, bu fakt müşahidə edilir. Bəzi müəlliflər tanış-bilişlərinin də hekayə və şeirlərini dərsliyə salır. Bu yolverilməzdir. “Ədəbiyyat” dərsliyi tərtib edilərkən 50-50-yə götürülməlidir. Yəni dərsliklərə 50 faiz Azərbaycan ədəbiyyatından, 50 faiz də dünya ədəbiyyatından salınmalıdır. Bu, uşaqların dünyagörüşünün formalaşmasına, biliklərinin artmasına səbəb olur”.

İradə SARIYEVA

Son xəbərlər