20/09/2017 18:52
728 x 90

Prezidentin Bakıda bağça qıtlığını aradan qaldırmaq üçün göstərdiyi yol aktuallığını bir daha göstərdi…

img

Bəxtiyar Əliyev: “Çoxmərtəbəli binaların altında bağçalar açılarsa, yaxın 3-4 il ərzində bağça probleminin tam həll ediləcəyi gözlənir”
Əjdər Ağayev: “Əhalinin məskunlaşdığı yaşayış binalarının arasında uşaqlar üçün ayrıca təhsil müəssisələri inşa olunmalıdır”

 

Bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin öz xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır.

Paytaxt ərazisində xeyli sayda bağça fəaliyyət göstərir. Ancaq bu bağçalar yenə də kifayət qədər deyil. Çünki valideynlər uşaqlarını məkətəbəqədər təlim müəssisələrinə yerləşdirmək üçün çətinlik çəkirlər. Redaksiyamıza müraciət edən valideynlər bildirir ki, onlar övladlarını bağçaya qoymaq istəsələr də, müəssisə rəhbərləri onlara boş yerin olmadığını deyirlər.

Bağçalarda yerin olmaması ilə bağlı məsələ dəfələrlə müzakirə olunub. Xatırlatmamız lazımdır ki, bir neçə ay öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Həmin iclasda dövlət başçısı Bakıda çoxmərtəbəli binaların inşasından da danışıb. O qeyd edib ki, Bakıda yeni 300-dən artıq çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır: "Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı layihə də icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək".

Prezident İlham Əliyevin məlum təklifinin reallaşdırılmasına artıq ehtiyac yaranıb. Şəhərdə mövcud və tikilməkdə olan çoxrmərtəbəli binaların birinci mərtəbəsi uşaqlar üçün bağça olmalıdır. Belə olarsa, valideynlər evlərinə yaxın ərazidə bağça axtarışına çıxmayacaqlar. Onlar heç bir yerə getmədən uşaqlarını yaşadıqları binanın birinci mərtəbəsində yaradılacaq bağçaya  yollayacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin də fikrincə, yeni binalar tikilərkən bağça üçün yer ayrılmalıdır. Onun sözlərinə görə, hazırda bir çox valideyn uşaq bağçası tapmaqda çətinlik çəkir ki, bu üsulla da problemi tam həll etmək mümkündür: “Paytaxtın 1-ci mikrorayon ərazisində inşa ediləcək 75 yeni tikilinin hər birinin birinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərəcək.

Çoxrmərtəbəli binaların altında bağçalar açılarsa, yaxın 3-4 il ərzində bağça probleminin tam həll ediləcəyi gözlənir”.

Təhsil eksperti Əjdər Ağayev bizimlə söhbətində qeyd etdi ki, əhalinin məskunlaşdığı yaşayış binalarının arasında uşaqlar üçün ayrıca təhsil müəssisələri inşa olunmalıdır: “Bura bağça və məktəblər daxildir. Təəssüf ki, çoxmərtəbəli binaları inşa edən iş adamları həmin ərazidə nə məktəb, nə də bağça tikir. Ona görə də Prezident o binaların birinci mərtəbəsində bağçaların tikilməsinin vacibliyini qeyd edib. Bu çox yaxşı və düşünülmüş təşəbbüsdür. Prezidentin məlum çıxışından sonra iş adamları öz işinə daha məsuliyyətli yanaşmalıdır".

Həmsöhbətimizin sözlərinə görə, binaların birinci mərtəbəsində uşaq bağçalarının olması yaxşı ideyadır. Ancaq burada bir sıra detallar nəzərə alınmalıdır: "Bağçalarda uşaqların vaxtını əyləncəli keçirmək üçün binanın qarşısında həyət yeri də ayrılmalıdır. Onların təbiətdən istifadəsi üçün sahə ayrılmalıdır. Həmçinin, bağçaya uşaqların daxil olması üçün ayrıca qapı olmalıdır. Həm bina sakinləri, həm də uşaqların bağçaya girib-çıxması üçün eyni qapıdan istifadə olunmamalıdır. Sahibkarlar binanı inşa edərkən xüsusilə bu məsələni nəzərə almalıdır".

Günel CƏLİLOVA

Son xəbərlər