23/11/2017 00:34
728 x 90

Əlyazmalar İnstitutu XVII əsr tariximizə aid qiymətli diplomatik sənəd əldə edib...

”Orta əsrlərə aid olan rəsmi diplomatik sənədlər bizim üçün olduqca vacibdir”

img

Paşa Kərimov: “Qəsri Şirin” müqaviləsinin çox böyük önəmi vardı...”

 

XVII əsr Səfəvilər dövləti tarixinə dair yeni diplomatik sənəd əldə olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aşkara çıxardığı bu sənədin həm tarixşünaslığımız, həm də dövlətçiliyimiz baxımından əhəmiyyəti böyükdür. Söhbət 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan “Qəsri Şirin” müqaviləsindən gedir.

Bu barədə “Bakı-Xəbər”ə Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov məlumat verib. Sənədin böyük əhəmiyyətə malik olduğunu vurğulayan P.Kərimovun sözlərinə görə, məlum diplomatik sənədin mətni orta əsrlər Azərbaycan türkcəsində yazılıb. Ana dilimizdə tərtib olunan “Qəsri Şirin” müqaviləsinin əlyazmasının əldə olunmasının müasir elm üçün böyük dəyər kəsb etdiyini bildirən P.Kərimov hesab edir ki, bu sənədin tapılması böyük nailiyyətdir. Söhbət Vəhid Qəzvininin “Abbasnamə” əsərindən gedir. Səfəvi dövlətinin saray tarixçisinin vaxtilə barəsində söz açdığı sənədin qiymətli mənbə olduğunu deyən P.Kərimov hesab edir ki, bu, tariximizlə bağlı bir sıra qaranlıq məqamlara işıq salacaq: ”Xarici ölkələrdə Azərbaycanın anadilli abidələrinin bir çoxu aşkarlanıb, üzə çıxıb. Haqqında danışdığım anadilli sənədin əhəmiyyəti ondan ibarətdir ki, bu, diplomatik sənəddir. Orta əsrlərə aid olan rəsmi diplomatik sənədlər bizim üçün olduqca vacibdir. Ona görə ki, birincisi, bunların sayı nisbətən azdır. İkincisi də bu sənədlər sübut edir ki, doğrudan da o dövrdə, Səfəvilər dövründə Azərbaycan dili rəsmi dövlət dili olub. Elə sənədlər var ki, onların xüsusi əhəmiyyəti var. Belə bir sənədin ortada olması onu göstərir ki, gerçəkdən də ana dilimiz sarayda dominant dil olub. Bu dil nəinki sarayda, hətta iki dövlət arasında da vacib vasitə olub. Azərbaycan dövləti ilə Osmanlı dövləti arasında uzun illər ərazi iddiaları olub, hətta müharibələr də aparılıb. 1639-cu ildə Qəsri Şirin şəhərində bir müqavilə imzalanıb. “Qəsri Şirin” müqaviləsinin çox böyük önəmi vardı, bu mənada ki, o dövrdə Səfəvi hökmdarı Şah Səfi idi, Osmanlı hökmdarı isə IV Murad idi. Bunlar qərara gəlmişdilər ki, bu müqavilə uzunmüddətli olsun və iki dövlət arasında sərhəd məsələsi həll edilsin. Belə də oldu, uzun illər bu dövlətlər arasında müharibə olmadı, sərhəd ətrafında və digər bölgələrdə abadlıq işləri aparıldı”.  

Səfəvi saray tarixçisi İmadüddövlə Mirzə Məhəmməd Tahir Vəhid Qəzvini haqqında da danışan P.Kərimov qeyd etdi ki, bu böyük şəxsiyyət XVII əsrin görkəmli dövlət xadimi, tarixçisi və şairi olub. O,  həmin əsrin əvvəllərindən sonuna qədər doxsan beş ilə yaxın ömür sürmüş, beş Səfəvi şahının hakimiyyəti dövründə hökumət idarəsində çalışmış, mühasib və vəqayenəvislik – saray tarixçisi vəzifəsindən vəzirlik və sədri-əzəmliyə qədər yüksəlib: ”Tədqiqatçılar göstərirlər ki, Məhəmməd Tahir h.1015-ci ildə (1606-1607) Qəzvində, orta təbəqədən olan dövlət xidmətçisi Mirzə Hüseyn xanın ailəsində dünyaya gəlmiş, uşaqlıq və gənclik illərini burada keşirib.  ”Təzkirətüş-şüəra” müəllifi M.T.Nəsrabadinin verdiyi məlumata görə, təhsilini qurtardıqdan sonra Vəhid “divani-alinin tövcih idarəsinin başçısı Mirzə Salehin rəhbərliyi altında işə qəbul edilir və rəsmi dəftərlərdən birində qeydlər aparmaq ona tapşırılır. Mizə Salehin ölümündən sonra onun yerinə keçən Məhəmməd Tahir bir azdan Sarı Təqi adı ilə tanınan dövrünün görkəmli dövlət xadimi, Şah Səfinin (1629-1642) və II Şah Abbasın (1642-1666) baş vəziri olmuş Mirzə Məhəmməd Təqi Etimadüssəltənətinin yanında işləməyə başlayır”. Sarı Təqi yüksək vəzifəli sərkərdələrin sui-qəsdi nəticəsində öldürüldükdən sonra Xəlif sultan ikinci dəfə dövlətin baş vəziri vəzifəsinə təyin olunur (m.1645) və o, bəzi tərəddüdlərdən sonra Məhəmməd Tahirin dövlət vəzifəsini təsdiq edir. Xəlif sultanın zəmanəti ilə Məhəmməd Tahir vəqayenəvis-saray tarixçisi təyin olunur. Ona  II Şah Abbasin hakimiyyəti illərinin tarixini yazmaq tapşırılır. II Şah Abbasın oğlu Şah Süleymanın hakimiyyəti dövründə (1666-1694) Şeyx Əli Zəngənənin vəfatından sonra, h.1101-ci ildə (m.1689-1690) Vəhid “Etimadüddövlə” titulu ilə şahın baş vəziri-sədri-əzəmi təyin olunur. Şah Sultan Hüseynin (1696-1722) hakimiyyətinin ilk illərində Mirzə Məhəmməd Tahir dövlət işlərindən uzaqlaşır və h.1112-ci ildə (m.1700-1701) vəfat edir. Lütfəli bəy Azər Vəhidin çox sağlam adam olduğunu qeyd edib.

Məhəmməd Tahirin maraq dairəsinin cox geniş olduğunu, tarix, ədəbiyyat, fəlsəfə, hərb elmini əhatə etdiyini göstərən tədqiqatçı Ə.Rəhmani onun aşağıdakı əsərlərinin adını çəkir:

“Riyaz ət-təvarix” (“Tarixlər bağçası”) Səfəvilər sülaləsinin başlanğıcından h.1070-ci ilə (m.1663-1664) qədərki dövrü əhatə edən tarixi əsərdir. II Şah Abbasın tarixi - “Abbasnamə” bu əsərin üçüncü, sonuncu hissəsini təşkil edir.

“Münşəat” - dövrün müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərinə yazılmış məktublar məcmusudur. Vəhid dövrünün görkəmli stilisti sayılır. “Münşəat” müəllifinin zərif, lakin mürəkkəb, təmtəraqlı üsluba malik olduğu görünür. Bu əsər XIX əsrdə Hindistanda dəfələrlə çap edilib. (Kəlküttə, 1826; laknau 1844, 1868, 1873).

Şairin irihəcmli farsca divanı dünyanin bir sıra kitabxanalarında mühafizə olunur. Vəhid bir sıra poemaların da müəllifidir: “Xəlvəti-raz” (“Sirrin xəlvəti”), “Nazü niyaz”, “Gülzari-Abbasi” (“Abbasın güllüyü”), “Dər vəsfi-Humayin təpə” (“Humayun təpənin vəsfi”), “Dər tərifi nərd” (“Nərd barədə”), “Fəthnameye-Qəndəhar” (“Qəndəharın fəthi barədə”), “Dər zikri və məsrəfi ədəvate-cəngi” (“Hərb alətlərinin adları və istifadəsi barədə”).

Son illərdə Məhəmməd Tahirin Berlin Dövlət Kitabxanasında saxlanan 1842 beytdən ibrət, 1707-ci ildə köçürülmüş anadilli divanının əlyazması əldə edilib, bizim tərəfimizdən geniş ön sözlə nəşr etdirilib.

Ə.Rəhmaninin fikrincə, Vəhidin “Abbasnamə” əsəri XVII  əsrin ortalarına dair tarıxı mənbə kimi Səfəvi dörü  tarixşünaslığında layiqli yer tutur. II Şah Abbasın əmri ilə bu əsəri yazmış Məhəmməd Tahir iyirmi ildən artıq bir dövr ərzində nəhəng Səfəvilər dövlətinin siyasi, iqtisadi və mədəni həyatının ən vacib məsələlərini əhatə edib. Bu əsəri eyni mövzuda yazılmış digər tarixi mənbələrdən fərqləndirən başlıca cəhət elə bundan ibarətdir”.

O vurğuladı ki, Vəhid Qəzvininin “Abbasnamə” əsərində diqqətimizi cəlb edən cəhətlərdən biri də iki dövlət arasında cərəyan edən hərbi əməliyyatlardan sonra Səfəvi hökmdarı Şah Səfi və Osmanlı Sultanı IV Murad arasında 1639-cu ilin 17 mayında imzalanmış “Qəsri Şirin” sülh sazişinin mətninin buraya daxil edilməsindən ibarətdir. Maraqlı cəhət orasındadır ki, Vəhid Qəzvininin farsca yazdığı “Abbasnamə” kitabına daxil etdiyi bu müqavilənin mətni türkcədir. Belə qərara gəlmək olar ki, iki dövlətin başçılarının imzaladıqları sülh sazişi ərəb-fars söz və ifadələrinin çoxluğuna baxmayaraq, türk dilində yazılıb. Müəllifin əsərini fars dilində yazdığı halda, onun kiçik bir hissəsini türkcə verməsini başqa cür izah etmək mümkün deyil.  Məlum olduğu kimi, I Şah İsmayılın (1501-1524), I Şah Abbasın (1587-1629), hakimiyyəti illərindən şiələrin müqəddəs məkanları olan Bağdad, Kərbəla, Nəcəf uğrunda Səfəvilərlə Osmanlılar arasında çoxsaylı müharibələr olmuş, bu yerlər əldən-ələ keçib. Səfəvilər dövrünün istedadlı şairi Tərzi Əfşar II Şah Abbasa həsr etdiyi qəsidəsində onu Bağdada yeni hərbi yürüş etməyə çagırır:

Pərvazlandı dil yenə bağdadlanmağa,
Ol bürci-övliyayə qonub şadlanmağa...

P.Kərimovun bildirdiyinə görə, Osmanlı hökmdarları da Bağdada böyük əhəmiyyət verirdilər, buna görə də Səfəvi-Osmanlı qarşıdurmasında bu məkan həmişə mübahisə obyekti olub: ”Xüsusilə IV Sultan Murad (1623-1640) Bağdad şəhərini ələ keçirmək üçün çox çalışmış, bir sıra uğursuz cəhdlərdən sonra 1639-cu ildə məqsədinə çatıb. Tarixdən məlumdur ki, göstərilən dövrdə Səfəvi sarayındakı mürəkkəb vəziyyət, ölkənin  müxtəlif yerlərində qaldırılan üsyanlar, Moğol dövləti ilə aparılan hərbi əməliyyatlar Səfəvi dövlətini zəiflətmişdi. Belə bir vəziyyətin yarandığını görən IV Murad 1638-ci ilin 20 noyabrında Bağdad şəhərini mühasırəyə aldı. Səfəvi qoşun hissələri Bəktaş xanın komandanlığı altında şəhəri dekabrın 25-dək müdafiə edə bildilər. Osmanlı qoşunları tərəfindən Bağdadın tutulması nəticəsində uzun illər davam edən Osmanlı-Səfəvi müharibəsi sona çatdı. IV Murad Bağdada hakim təyin etdiyi Məhəmməd ağanı sülh danışıqlarını aparmaq üçün Səfəvi sarayına göndərdi və Şah Səfi sülh təklifini qəbul etdi.

1639-cu il mayın 17-də Qəsri-Şirində (müqavilədə bu yer Zühab adlandırılıb – P.K.) Səfəvi elçisi Sarı xan Osmanlı Qara Mustafa Paşa ilə üçgünlük danışıqlardan sonra sülh müqaviləsini imzaladılar. Müqaviləyə görə, Osmanlı-Səfəvi müharıbələrinə son qoyuldu, İraqi-ərəb osmanlılalarda, Zəncir  qalasından şərqə doğru torpaqlar Səfəvilərdə qaldı. Müqavilənin şərtlərinə görə, Səfəvilər Van və Qars qalalarına, Axalsıxa hücum etməyəcəklərinə dair təminat verirdilər. İki tərəf arasında “bitərəf” zona yaradılması, Qotur, Maku, Magazburd qalalarının dağıdılması nəzərdə tutulurdu. Sülh müqaviləsi 1639-cu ilin 20 mayında Şah Səfi tərəfindən təsdiqlənərək Məhəmmədqulu xan vasitəsilə İstanbula göndərildi və IV Murad  tərəfindən də təsdiq edildi. “Beləliklə, 1639-cu il Səfəvi-Osmanlı sülhü XVIII əsrin ikinci rübünə kimi hər iki dövlət arasındakı münasibətləri nizama saldı, Azərbaycanda qismən sakitliyi bərqərar etdi, on illərlə boşalmış şəhərlərin bərpası, iqtisadiyyatın inkişafı üçün şərait yaratdı”.

Dilinin mürəkkəbliyinə baxmayaraq, dövrün iki qüdrətli türk dövləti arasında imzalanan müqavilənin türkcə olması bir daha sübut edir ki,  bu dil Səfəvi və Osmanlı dövlətlərində həm də rəsmi diplomatik sənəd dili olub”.

P.Kərimov vurğuladı ki, müqavilənin dilindəki bir cəhət də diqqəti cəlb edir. Sənədin mətnindən bir hissəyə baxaq: “Zəncirqala ki, dağın qülləsində vaqe olmuşdur, yıqılıb tərəfi qərbində olan köylər canibi-xudavəndigar və tərəfi-şərqində olan qəryələr canibi-şahdan zəbt oluna...”. Burada maraqlı cəhət ondan ibarətdir ki, Osmanlı tərəfində qalan kəndlərə osmanlıcadakı kimi “köy”, Səfəvi tərəfindən qalan kəndlərə isə dövrün Azərbaycan ədəbi dilindəki kimi “qəryə” deyilir. Mətni nəzərdən keşirdikdə görürük ki, bu rəsmi sənəd osmanlıların başa düşməsini asanlaşdırmaq üçün osmanlıca deyil (osmanlı diplomatları farscanı da gözəl bilirdilər), məhz Azərbaycan türkcəsində yazılıb. XVII əsr yazılı abidələrimizin təhlili göstərir ki, Azərbaycan türkcəsi bu dövrdə yalnız danışıq, ordu, poeziya dili kimi deyil, rəsmi diplomatik sənədlərin dili kimi də inkişaf edirdi”.

P.Kərimovun bildirdiyinə görə, müqavilənin mətni “Abbasnamə” əsərinin İran (Ərak, 1339) nəşrindən götürülərək olduğu kimi Əlyazmalar İnstitutunun saytında yer alıb, maraqlananlar müqavilənin mətni ilə tanış ola bilər.

İradə SARIYEVA

Son xəbərlər