23/11/2017 00:34
728 x 90

Bu restoran toy salatlarında nə var ki…

img

Mehman Hüseynov: “Bəzi şadlıq saraylarında qeyri-professionalların salat və ya isti yemək hazırlaması bu kimi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur”
Ziyəddin Kazımov: “Həm yeməklər, həm də salatlar ev şəraitində hazırlanıb, zəhərlənmənin hansı qidadan baş verməsi araşdırmanın nəticəsindən sonra bəlli olacaq”

 

Toy sezonu başlayıb. Subaylığın daşını atmaq istəyənlər qarşıdakı günlər ərzində bu müddətdən maksimum bəhrələnməyə çalışacaqlar. Çünki qarşıdan Məhərrəm ayı gəlir və toy mövsümü müvəqqəti qapanacaq.  İstər şəhər, istərsə də rayon yerlərində müxtəlif formada toy keçirilir.

Ailə quran gənclərin şad günündə iştirak edənlər təəssüf ki, bəzi hallarda o məclislərdən xoş xatirə ilə ayrılmır. Çünki bəzi hallarda toylarda masalara düzülən təamların tərkibi müəmmalıdır. Belə olan halda, toylarda zəhərlənmə hadisələri qeydə alınır. Növbəti belə xoş olmayan hadisə Tovuz rayonunda qeydə alınıb. Bir neçə gün öncə Tovuz rayonunda fəaliyyət göstərən "Turan”restoranında xoşagəlməz hal qeydə alınıb. Toyda iştirak edənlərin bəzisi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ümumiyyətlə, bu kimi hadisələr tez-tez qeydə alınır. Ekspertlər hesab edir ki, toylarda masaya düzülən müxtəlif çeşidli salatların istifadə müddəti bitdiyi üçün zəhərlənmə halı qeydə alınır.

Tanınmış aşpaz Mehman Hüseynov bizimlə söhbətində bildirdi ki, restoranlarda zəhərlənmə olaylarının baş verməsinə səbəb menyunun düzgun tərtib olunmamasıdır: “Elə təamlar var ki, ondan sonra hansısa salat yeyilə bilməz. Həmçinin, bəzi şadlıq saraylarında qeyri-professionalların salat və ya isti yemək hazırlaması da bu kimi hadisələrin baş verməsinə səbəb olur . Təəssüf ki, iaşə obyektlərində eyni adam həm salat hazırlayır, həm də isti yemək bişirir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, zəhərlənmə faktları tək restoranlarda deyil, həmçinin, palatka toylarında da qeydə alınır: “Palatka toylarında zəhərlənməyə səbəb kimi əsasən konservləşdirilmiş məhsulları deyə bilərəm. Müxtəlif məhsullardan hazırlanan konservləşdirilmiş məhsullar bəzən düzgün qaydada hazırlanmadığı üçün zəhərlənmə baş verir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov  bizimlə söhbətində bildirdi ki, qida məhsullarından götürülən nümunələr araşdırılandan sonra zəhərlənmənin dəqiq səbəbi bəlli olacaq:  “Yeməklər orada hazırlanmayıb. Həm yeməklər, həm də salatlar ev şəraitində hazırlanıb. Zəhərlənmənin hansı qidadan baş verməsi araşdırmanın nəticəsindən sonra bəlli olacaq”.

Günel CƏLİLOVA 

Son xəbərlər