20/09/2017 18:50
728 x 90

Kişilər arasında andiçmə meylləri, yeri gəldi-gəlmədi, çoxalır...

Gənc kişilər arasında geniş yayılan and içmək vərdişlərinin mənfi tərəfləri...

img

Əhməd Qəşəmoğlu: “Bu mənfi tendensiya yeni nəslin davranışında daha çox öz əksini tapır”
Nərgiz Allahverdiyeva: “Bu olduqca pis vərdişdir, Azərbaycan kişisinin sözünə kölgə salan məqamlardır”

 

Tarixən Azərbaycanda kişi sözü həmişə dəyərli olub. Odur ki, kişilər hansısa bir əhd, hansısa bir sövdələşmə edəndə “kişi kimi söz verirəm” ifadəsini işlədiblər. Bu kişilər də qılıncla doğransalar da, bıçaqla kəsilsələr də öz əhdlərinə xilaf çıxmayıblar. Onlar kişi sözünü həmişə uca mərtəbələrdə saxlayıblar. Azərbaycan kişisinin sözünəbütöv olması, əhdinə sadiqliyi hər zaman başqa xalqlar tərəfindən nümunə kimi göstərilib.

Hətta böyük fransız yazıçısı Qarabağda olarkən Azərbaycan kişilərinin mərdanəliyinin şahidi olub və tarixə düşən belə bir fikir işlədib: “Aərbaycanda bir kişinin sözü möhürlü kağızdan keçərlidir”. Görün nə qədər böyük dəyər verib Azərbaycan kişisinə. Deyirlər ki, qədim çağlarda kişilər heç vaxt and içməzmişlər, söz verib sözlərini tutarmışlar. Bu gün isə o kişilərin davamçısı olan Azərbaycan kişilərinin əksəriyyəti, xüsusən də uşaqlar, yeniyetmə və gənclər fikrini sübut etmək üçün dayanmadan and içirlər. Təəssüf ki, bu gənc oğlanlar arasında and içmək bir ənənəyə, qorxulu bir tendensiyaya çevirilib. Gənc kişilər arasında and içməyin adi hala çevirilməsi həqiqətən də kənardan heç yaxşı görsənmir. Sanki bu adamlar həqiqəti sübut etmək üçün and içməkdən başqa yol tanımırlar. 

Tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu acınacaqlı hal onu da narahat edir. Ə.Qəşəmoğlunun sözlərinə görə, bu, mənəvi dəyərlərin arxa plana keçirilməsinin təzahürlərindən biridir: “Əgər diqqət etsəniz görərsiniz ki, yüksək intellekti olan, məsələlərə ciddi mövqedən yanaşan adamlar o qədər and içmirlər. Statistikada belədir ki, and içmək insanların xarakterinin bir qədər qeyri-ciddiliyinə dəlalət edir. İnsanlar yalan danışanda daha çox and içirlər. Görünür, qədim zamanlarda, keçən əsrlərdə bizdə belə bir fikir formalaşmışdı ki, kişi yalan danışmaz. Yəni Azərbaycanda belə bir kult formalaşmışdı. “Kişi sözü” deyilən bir terminimiz də çox geniş yayılmışdı və indi də xatırlanır. “Kişinin dediyi söz” ifadəsi çox geniş yayılmışdı. Ancaq çox təəssüf ki, son onillikdə cəmiyyətdə elə proseslər getdi ki, mənəvi dəyərlər bir qədər arxa plana, maddiyyatla bağlı dəyərlər isə ön plana keçdi. Minillərdir bütün dini kitablar, peyğəmbərlər, böyük alimlər deyiblər ki, cəmiyyətdə mənəvi dəyərlərə daha böyük yer verilməlidir. O cəmiyyətdə ki, mənəvi cəhətlər öndədir, o cəmiyyət özü-özünü müsbət mənada tənzimləyir. O cəmiyyətdə ki, mənəvi dəyərlər arxa plana keçib və maddi dəyərlər öndədir, orada həmişə gərginlik çoxalır. Təəssüf ki, bizim cəmiyyətdə də, digər yerlərdə də son onillikdə maddi dəyərlər daha çox rol oynamağa başlayıb. Maddi dəyərlərin aparıcı rol oynadığı məqamda ortaya ən çox maddi maraqlar çıxır, maddi maraqlar çıxanda da ortada bir tacir, satıcı, bazar əxlaqı meydana çıxır. Əvvəllər tez-tez deyirdilər ki, filankəs bazar adamıdır. Yəni bazar adamından hər şey gözləmək mümkün idi. “Bazar adamı” sözü çox  neqativ bir hal kimi işlədilirdi. İndi artıq “bazar əxlaqı”nın bütün cəmiyyətə keçməsi bazar adamının bir neçə xoşagəlməz xarakterini önə çəkir. Bazarda insanlar həmişə aldadılıb. Satıcı istəyir ki, alıcını həmişə aldatsın və malını satsın. Əfsus ki, o əxlaq cəmiyyətdə yayılmağa başlayıb. Bu mənfi tendensiya yeni nəslin davranışında daha çox öz əksini tapır. Eyni zamanda bu davranışın formalaşmasına bir neçə amil təsir edir. Biri aldığı informasiya, digəri də sözə verdikləri dəyər. Mühitdə yeni nəsil görür ki, yalançılar çoxalır və bu barədə də, əvvəlki dönəmlərdə olduğu kimi, maarifləndirici işlər aparılmır, onda məsələ daha da çətinləşir. Onlar eşitmirlər ki, kişi yalan danışmaz, kişi and içməz”.

Ə.Qəşəmoğlu gənclərə tövsiyə etdi ki, dürüstlük yolunu tutsunlar, bu yolu tutsalar, onların and içməsinə heç bir ehtiyac qalmaz: “Böyük şəxsiyyətlər deyəndə ki, mənəviyyat öndə olmalıdır, bu gəlişi gözəl söz deyil. Bu, cəmiyyətin inkişafının, tərəqqisinin mühüm bir amilidir. Mənəvi amillər öndə olanda cəmiyyətdə tərəqqi, inkişaf olur. Ona görə də biz mənəvi dəyərlərə daha çox üstünlük verməyə çalışmalıyıq. Biz onda bazar əxlaqından yavaş-yavaş uzaqlaşacağıq. Bu da insanlara, xüsusən də gənclərə doğru danışmaq vərdişləri aşılayacaq, onlarda doğru danışmaq mədəniyyəti formalaşdıracaq. Gənclər doğru danışmaq öyrənəndə isə yalan danışmağa ehtiyac qalmayacaq”.

Ə.Qəşəmoğlu bir daha vurğuladı ki, cəmiyyətin xilası, gənclərin pis vərdişlərdən uşaqlaşdırlmasına mənəvi dəyərlərin önə çəkilməsi səbəb ola bilər.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində gənc kişilərin, oğlan uşaqlarının arasında geniş yayılan and içmək vərdişlərinə olduqca mənfi yanaşır. Ekspert bildirdi ki, bu əsasən ailədən və cəmiyyətdən gələn bir məsələdir. Burada məktəbin də mənfi mənada rolunun olduğunu qeyd edən psixoloq hesab edir ki, bu yöndə maarifləndirmə işləri aparılsa, onlar bu vərdişləri tədricən tərk edə bilərlər: “Uşağın tərbiyəsinin ilk təməli ailədə qoyulur. Bir uşaq hədsiz and içirsə, bu o deməkdir ki, ya onun atası, babası, ətrafında olan kişi cinsinin nümayəndələri and içməyə meyllidir, ya da o oğlan uşağı atasının yox, daha çox anasının təsiri altındadır. Biz görmüşük ki, qadın and içər. Keçmiş zamanlarda bəzən hansısa kişi and içəndə ətrafdakılar ona irad bildirərdi ki, arvad kimi nə and içirsən. O vaxtlar insanlar bir-birini islah edirdilər. Bu gün isə belə deyil. Gənc oğlanlar üçün nümunə olan insanlar, şəxsiyyətlər, demək olar ki, azdır. Gənc oğlanlar hara baxırlar görürlər ki, kişi sözünü sübut etmək üçün anda əl atır, onlar da, təbii ki, bu yolu tutacaqlar. Bu olduqca pis vərdişdir, Azərbaycan kişisinin sözünə kölgə salan məqamlardır. Azərbaycan kişisi sözü, əməli bütöv olub həmişə. Amma gənclərin bir qismi o kişilərin yolu ilə getmək istəmir”.

N.Allahverdiyevanın sözlərinə görə, məktəblərdə psixoloqlar oğlan uşaqlarında müsbət vərdişlərin formalaşdırılması üçün təbliğat işləri, psixoloji işlər görməlidir. Onun sözlərinə görə, uşaq bəzən andiçmə vərdişini məktəbdə öz parta yoldaşından, yaxud yuxarı sinif şagirdlərindən öyrənir: “Burada məktəb psixoloqlarının üzərinə böyük yük düşür. Onlar uşaqlar arasında doğru danışmağı, dürüst olmağı təbliğ etməlidirlər. And içən şagird görəndə ona irad bildirilməlidir ki, sən kişisən, sənə bu qədər and içmək olmaz. Dürüst olsalar, bu onların gələcəyi üçün xeyirlidir. Sosioloqlar da gənc nəsli unutmalı deyil. Onlar da məktəblərdə, ali məktəblərdə, lap elə ictimai yerlərdə bu halın qarşısının alınması, məhdudlaşdırılması üçün tədbirlər görməlidirlər. Televiziya verilişlərində bu məsələ aktuallaşdırılmalıdır. Efirlər bəzi şou müğənnilərinin əlindədir, onlar da uşaqlara doğruluq ötürmürlər. Baxır ki, bir kişi müğənni efirə çıxdı, arvad kimi qarğış tökdü, and içdi, deyir yəqin yaxşı şeydi, mən də onu təkrarlayım. Ümumiyyətlə, yalana meylli olan insanlar daha çox and içməyi vərdiş edir. Bu sahədə maarifçilik işi aparılmalıdır. Müasir kişi ulu babalarının yolunu davam etdirməli və dürüstlüyü özünə həyat devizi seçməlidir”. 

İradə SARIYEVA

Son xəbərlər