19/11/2018 16:14
728 x 90

Səfər Məmmədhüseyn oğlu Kazımov - 80

Respublikanın görkəmli hidrogeoloqu - Böyük ürək sahibi

img
Həyat ucu-bucağı görünməyən, sirli-sehirli, səfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və əbədi bir məkandır. Ömür isə bu məkanda alışıb yana-yana, əriyə-əriyə sönüb qürub edən bir Tanrı qismətidir. O insanlar xoşbəxtdir ki, qismətinə düşmüş ömrün mənasını xeyirxah əməllərə, gözəl işlərə həsr etməkdə görür, özündən sonra ölməz xatirələrə dönən iz qoyur.
Belə nurlu insanlardan biri də Azərbaycan Neft Akademiyasının dosenti, geologiya-mineralogiya elmləri namizədi Səfər Məmmədhüseyn oğlu Kazımovdur. Səfər müəllim sözün əsl mənasında ziyalı olduğu üçün ömrünü həsr etdiyi hidrogeologiya elmini həmişə uca tutmuşdur.
S.Kazımov 22 mart 1934-cü ildə, Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bəydilli kəndində kolxozçu ailəsində anadan olub. 1952-ci ildə Biləsuvar rayonu Nizami adına 1 nömrəli orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Geoloji - kəşfiyyat" fakültəsinə daxil olub. O, Akademiyanı 1957-ci ildə "Dağ mühəndisi-hidrogeoloq" ixtisası üzrə bitirdikdən sonra "Suraxanı neft mədənində" operator, texnik, geoloq və istismar üzrə mühəndis işləyib. Özünü nəzəri və praktiki cəhətdən neft geologiyası və hidrogeoloq mütəxəssisi kimi tanıdıb, neft mədəninin baş geoloqu vəzifəsinə irəli sürülüb.
Dərin nəzəri bilik və yüksək elmi erudisiyaya malik olan S.Kazımov həmişə müasir hidrogeologiyanın nəzəri və praktiki məsələləri ilə məşğul olan mütəxəssislərin ön sıralarında olanlardandır. O, beşillik istehsalat fəaliyyətindən sonra Ümumittifaq Elmi-Tədqiqat İnstitutu - "VODGEO"nun Bakı filialına göndərilib. Burada 1961-ci ildən 1976-cı ilə kimi kiçik elmi işçi, böyük mühəndis, baş texnoloq və laboratoriya müdiri vəzifəsində çalışıb, hidrogeologiya mühəndisi geologiya və geoekologiya məsələləri ilə məşğul olub. Bu zaman o, Ümumittifaq Elmi-Tədqiqat İnstitutu - "VODGEO"nun mühəndis-hidrogeologiya laboratoriyasının tematik və çöl işləri ilə bağlı elmi məsələlərinin öyrənilməsində fəal iştirak edib. Onun apardığı elmi işlərin nəticələri elmi məqalələrdə, Respublika və Ümumittifaq "VODGEO" İnstitutunun, Azərbaycanın Ali Texniki Məktəbinin əsərləri və s. elmi jurnallarında nəşr edilib.
S.Kazımovun apardığı elmi tədqiqat işlərinin içərisində Bakı, Sumqayıt və ümumilikdə "Abşeron sənaye rayonu"nun su təchizatı problemlərinin həllində Azərbaycanın şimal-şərqində yerləşən Samur-Vəlvələçay çaylararası sahənin yeraltı sularının istifadəsinin mümkünlüyü xüsusi yer tutur. O, hidrogeoloji şəraitin problem məsələlərini öyrənərək yeraltı şirin suların dördüncü dövr allüvial-prolyüvial çöküntülərində yeraltı suların formalaşması problemlərini öyrənib, III Bakı sugötürücüsünün yerləşmə sahəsinin optimal variantını və hesablama sxemini hidrogeoloji cəhətdən əsaslandırıb.
S.Kazımov konfranslarda, simpoziumlarda məruzə ilə və elmi məqalələrlə çıxış edib və öz elmi mülahizələrini, fikirlərini həmkarlarına çatdırıb. Bütün bu geniş elmi-tədqiqat işlərinə əsasən "Azərbaycan SSR şimal-şərqinin yeraltı suları (Samur-Vəlvələçay) və onlardan su təchizatında istifadə perspektivləri" mövzusunda dissertasiya işinin yazılmasına nail olub. O, 1969-cu ildə müvəffəqiyyətlə dissertasiyanı müdafiə edib və geologiya-mineralogiya elmləri namizədi dərəcəsini alıb. Həmin vaxtlardan başlayaraq Azərbaycanda nəşr olunmuş çoxsaylı elmi işlərin müəllifi və həm də yaşayış məntəqələrinin, xüsusən, ilk növbədə "Abşeron sənaye rayonu"nun su təchizatı problemi ilə məşğul olan, dərin biliyə və təcrübəyə malik bir mütəxəssis - hidrogeoloq kimi tanınır. Onun namizədlik dissertasiya işi, çöl işləri və laboratoriya tədqiqatlarına əsaslanan "Azərbaycan SSR şimal-şərqinin yeraltı suları və onlardan su təchizatında istifadənin perspektivliyi" adlı monoqrafiyası 1974-cü ildə Moskvada nəşr olunub.
1975-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona böyük elmi işçi və 1982-ci ildə isə dosent diplomları təqdim edilib.
Özünün elmi tədqiqatlarının nəticələrini həmişə yeni elmi yanaşmalarla əsaslandıran S.Kazımov Azərbaycanda ilk dəfə hidrogeoloji məsələlərin həllində riyazi, elektro-hidrodinamik modelləşdirməni tətbiq edib.
Mərkəzləşmiş sugötürücünün yerləşməsi üçün aparılan elmi tədqiqat işlərinin dəqiqliyini təmin etmək məqsədilə hidrodinamik və yeraltı suların balans hesablamaları müqayisə üsulu ilə yeraltı suların resurslarının formalaşma qanunauyğunluğunu, fiziki-riyazi modelləşdirmə üsulu tətbiq etməklə S.Kazımov dərin biliyə malik olduğunu bir daha sübut edib.
Sonrakı illərdə də ətraf mühitin ekoloji və geoekoloji problemlərinə laqeyd qala bilməyən S.Kazımov ardıcıl olaraq Abşeron yarımadasında, Xəzəryanı-Quba zonası, Kür-Araz ovalığında və Gəncədə yeraltı suların çirklənmə mənbələri və səviyyəsini öyrənməklə və proqnozlaşdırma ilə çirklənmənin dərəcəsini azaltmaq üçün mütəmadi olaraq açıq mətbuatda, müxtəlif seminarlarda, konfranslarda və simpoziumlarda elmi məqalələrlə, məruzələrlə, tezislərlə çıxış edib. Onun 120-dən çox elmi məqaləsi Bakıda, Moskvada, Novoçerkasskidə, Daşkənddə, Tbilisidə, Sankt-Peterburqda və s. şəhərlərdə nəşr olunub.
Onun apardığı olduqca qiymətli elmi tədqiqat işlərinin nəticəsi respublikanın layihə institutları tərəfindən (Azərbaycan Su Layihə İnstitutu, Azərbaycan Dövlət Layihə İnstitutu və s.) qəbul olunub.
Geologiya-mineralogiya elmləri namizədi S.Kazımovun elmi fəaliyyəti, geoloci-axtarış, hidrogeoloji, meliorativ və geoekoloji tədqiqatları ona imkan verib ki, metodiki göstərişlər və ali məktəb tələbələri üçün dərsliklər hazırlasın.
1976-cı ildən başlayaraq ADNA-nın Geoloji-kəşfiyyat fakültəsinin "Ümumi tarixi geologiya və hidrogeologiya" kafedrasında dosent vəzifəsində çalışan S.Kazımov 10 dərslik və dərs vəsaitləri nəşr etdirib, onlardan "Ümumi hidrogeologiya", "Yeraltı suların dinamikası", "Hidrogeoloji tədqiqatlar", "Su təchizatı mühəndisi və meliorasiya" və "Ətraf mühitin mühafizəsi" fənləri üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələləri tədris edir. O həmişə elmi fəaliyyətini istehsalatla və geoloji fəaliyyətlə əlaqələndirir.
Səfər müəllim 2000-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasının müdiri vəzifəsində çalışıb.
O, Azərbaycan Respublikasının "Yer təkinin əlaçısı" və "Yer təkinin fəxri geoloqu"dur. O, 189 elmi və elmi-texniki işlərin müəllifi və həmmüəllifidir. O uzun müddət Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Geoloji Xidmətin Elmi-Texniki Şurasının üzvü olub.
Hazırda S.Kazımov ADNA-nın GKF-nin "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasında elmi-pedaqoji fəaliyyətini yuxarıda qeyd olunan istiqamətlər üzrə davam etdirir.
Səfər müəllim son dərəcə təvazökar, müdrik insandır. Heç kəsdən köməyini əsirgəməz, həmişə xoş üzlə qarşılayar, bacardığı və imkan çatdığı qədər kömək göstərməyə çalışar.
Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, hər bir alim qiymətlidir. Ancaq nəzəriyəsini təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa fayda gətirən insanlar alimlər sırasında xüsusi yer tuturlar.
Səfər müəllim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqliyi, xeyirxahlığı, mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsinə yüksəlmişdir.
Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Səfər müəllimin əqidə manifestidir. Bu onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Səfər müəllim, sözün həqiqi mənasında bir çox insanlar üçün ümid və inam yeridir.
O, təbiətən çox sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş insandır.
Filosof alim Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? Filosof tərəddüd etmədən: "insaniyyəti, insana layiq keyfiyyətləri" deyə cavab verir. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir.
Səfər müəllim 1952-ci ildən, yəni tələbəlik illərindən indiyə qədər bir istiqamətdə çalışır, həyatını geologiyanın ən vacib hissəsi olan hidrogeologiya elminə həsr edib.
Səfər müəllim gözəl bir ailənin başçısıdır. Bir oğlu, bir qızı var. Onlar da ali təhsillidirlər.
Səfər müəllim xalqımızın ehtiyacı olan el ağsaqqalıdır. İndi onun 80 yaşını qeyd edirik. Bu ad günü ərəfəsində Ulu Tanrıdan ona can sağlığı, uzun ömür, ailə səadəti diləyirik, işlərində yeni-yeni uğurlar arzulayırıq.
N.C.Babayev, Azərbaycan Dövlət Neft Akademiyasının "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor.
Ə.K.Əlimov Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin "Meliorativ-hidrogeologiya" laboratoriyasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor.

Son xəbərlər