23/08/2017 08:09
728 x 90

Dövlət Komitəsindən məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı ilə bağlı açıqlama…

img

Məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılıb. Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyildir. Buna görə də ölkə Prezidenti tərəfindən keçən ilin dekabr ayında Dövlət Komitəsinə kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılması ilə bağlı tapşırıq verilmişdi.

Bununla əlaqədar olaraq Dövlət Komitəsi kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıb və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırki dövr üçün real sərfiyyatı müəyyənləşdirilib. Monitorinqin nəticələri barədə dövlət başçısına məlumat verilib.

14 fevral 2017-ci il tarixdə imzalanan Fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümükün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində ( yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək.

Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlətqaçqınkoma təqdim etməlidirlər. Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq, 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək.

Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən Komitəyə artıq təqdim olunub. Yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları Komitənin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını Dövlət Komitəsinə təqdim etməlidirlər.

Fərmanın 2.1-ci bəndində Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılıb. Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək. Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək.

Təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümükün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar. Bir daha bildiririk ki, kommunal xidmətlərlə bağlı nəzərdə tutulan vəsaitlər mərkəzləşmiş qaydada Maliyə nazirliyi tərəfindən xəzinədarlıq vasitəsilə kommunal xidmət təşkilatlarına ödəniləcək və bu işlərdə şəffaflıq tam təmin olunacaq.

Son xəbərlər