"Dərs vəsaitlərində reklamın olması pedaqoji prinsiplərə ziddir"

Nadir İsrafilov: "Uşaq psixologiyası elədir ki, reklamda olan maraqlı şəkillər onun diqqətini cəlb edir"
Artıq dərsliklərdə reklam olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev "Təhsil haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 30 dekabr tarixli Qanunun tətbiqi haqqında Fərman imzalayıb. "Təhsil haqqında" Qanuna aşağıdakı məzmunda 11.4-cü və 11.5-ci maddələr əlavə edilib:
"11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir".
Dərsliklərdə və dərs vəsaitlərində reklam materiallarının yığışdırılması ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Təhsil eksperti Nadir İsrafilov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, dərs vəsaitlərindən reklam mətnlərinin yığışdırılması ilə bağlı Prezident İlham Əliyevin fərman imzalaması yerində verilmiş bir qərardır: "Xatırladım ki, Sovet dönəmində şagirdlərin istifadə etdiyi dəftərlərin arxa və ya ön hissəsində onlar üçün lazımlı məlumatlar olurdu. Məsələn, vurma cədvəli, tənliklər, ədəb qaydaları, Mendeleyevin cədvəli yazılırdı. Şagird hansısa tapşırığı yazarkən dəftərin arxa hissəsinə baxmaqla dərsini həll edirdi. Sonradan həmin dəftərlər şəkilliləri ilə əvəz olundu".
Həmsöhbətimizin sözlərinə görə, dərsliklərdə reklam materiallarının olması şagirdlərin diqqətini yayındırır. Dərs vəsaitlərində reklamın olması pedaqoji prinsiplərə ziddir. Dərsliklərdən reklam mətnlərinin yığışdırılmasını yalnız alqışlamaq lazımdır: "Uşaq psixologiyası elədir ki, reklamda olan maraqlı şəkillər onun diqqətini cəlb edir. Dərs vəsaitləri Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Xatırlayırsınızsa, dəfələrlə iş dəftəri ilə bağlı şikayətlər səsləndirilib. Nazirlik də etiraf edirdi ki, adıçəkilən dəftər onlara aid deyil".
Günel CƏLİLOVA