18/03/2019 18:37
728 x 90

Həmsədrlər ünvanlı Qarabağ bəyanatları üslubuna nə vaxt keçəcək – Ermənistan son bəyanatı qəti özünə aid etmək istəmir...

img

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı ciddi rezonansa səbəb olub. Azərbaycan tərəfi hər zaman həmsədrləri konkret bəyanatlar verməməkdə, yəni ünvan göstərməməkdə günahlandırırdı.

Etiraf edək ki, həmsədrlərin son bəyanatında kifayət qədər konkret məqamlara toxunulub. Həmin detalların kimə aid olduğu adla deyilməsə də, tərəflər və ya münaqişə ilə yaxından tanış olanlar hansı bəndin kimə ünvanlandığını asanlıqla müəyyən edə bilər. Ancaq maraqlıdır ki, münaqişə tərəflərinin hər iki rəsmi qurumunun bəyanatında həmsədrlərin eyhamlarının məhz qarşı tərəfə ünvanlandığı qeyd edilir. Bəyanata ilk reaksiyanı verən Azərbaycan XİN oldu. Həmin bəyanatda bildirildi ki, Minsk Qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır: “Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Həmsədrlərin bəyanatında, həmçinin, münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur. Dağlıq Qarabağın statusuna gəldikdə isə, bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir”.

Maraqlıdır ki, Ermənistan XİN adından yayılan bəynatda da həmsədrlərin mövqeyindən razılıq ifadə olunurdu. Onlar daha çox hərbi ritorika ilə danışıqdan çəkinməklə bağlı tövsiyənin sırf Azərbaycana aid olduğunu qabartmağa çalışırlar. Düzdür, Azərbaycanın bəyanatlarında hərbi ritorika ola bilər. Amma bu heç də Ermənistan rəsmilərinin hədələrindən çox nəzərə çarpmır. Azərbaycanın danışıqlar fayda verməyəcəyi təqdirdə hərbi yolla torpaqlarını işğaldan azad edəcəyini deməyə tam haqqı və hüququ çatır. Amma bir işğalçı ölkənin isə belə bəyanatlar verməsi birbaşa danışıqları pozmağa və mövcud status-kvonu dəyişməz olaraq saxlamağa yönəlib. Bu səbəbdən də yaxşı olardı ki, həmsədrlər bəyanatlarındakı konkretliklə yanaşı, ünvanı da dəqiq göstərsinlər. Bu, tərəflərin və dünya ictimai rəyinin çaşqınlığa düşməsinin qarşısını almış olardı. Məsələn, ünvanlı olaraq qeyd olunardı ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmalıdır. Və ya Ermənistanın təklif etdiyi format dəyişikliyi düzgün deyil. Hətta Azərbaycanla da bağlı müəyyən iradların ünvanlı olması yaxşı olardı ki, Ermənistan üçün manipulyasiyaya yer qalmasın. Hər halda, ümid edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətində bu irəliləyişin də şahidi olacağıq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər