18/03/2019 18:40
728 x 90

Zurabişvilinin səfərində Ermənistanı pərt edən ciddi məqam - ərazi bütövlüyü barədə Bakıda dediyi sözlərdən dönmədi…

img

Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlayan Ermənistanın qonşu Gürcüstana da torpaq iddialarının olması heç kimə sirr deyil. Bundan başqa, Tiflis üçün Ermənistanın yaratdığı əsas problemlərdən biri də Azərbaycanın zəbt edilmiş ərazilərində yaradılan separatçı rejimin Abxaziya və Cənubi Osetiya kimi qondarma qurumlarla qurduğu əlaqələrdir.

Tiflis yaxşı bilir ki, Qarabağdakı separatçı rejim İrəvanın nəzarəti altındadır və bu da o deməkdir ki, əslində Abxaziya və Cənubi Osetiya ilə əlaqəni Ermənistan özü yaradır. Bütün bunlar Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı açıq şəkildə bəyan edilib. Zurabişvili vurğulayıb ki, Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir.

Gürcüstanın dövlət başçısı onu da bildirib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır: “Gürcüstanın işğal altında olan iki ərazisi var və biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır. Hesab edirəm ki, biz bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”. Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.

Ermənistanda məsələyə gürcü tərəfinin belə yanaşmasını İrəvan üçün növbəti diplomatik məğlubiyyət sayırlar. Qeyd edək ki, bu xüsusda Rusiyanın “Kommersant” qəzeti də maraqlı yazı yayıb. Qəzet yazır ki, Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi “bərabər uzaqlıqda” siyasətinə son qoya bilər. Bildirilir ki, İrəvanda Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatı xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi. Belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.

“Kommersant”ın bildirdiyinə görə, İrəvandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalımayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib. Xüsusən də Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib: onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması çox vacibdir. Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur: “Bu çox təəssüf doğuran və ağrılı haldır. Biz hesab edirik ki, burada (Ermənistanda – “Kommersant”) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

Erməni politoloq Hayk Martirosyan bildirir ki, “Kommersant”ın məsələyə yanaşması düzgündür və Ermənistanın növbəti dəfə Azərbaycana uduzduğunu göstərir: “Bunlar Paşinyanın səhv, yanlış xətt üzərində olmasından qaynaqlanır. Gürcüstan artıq bitərəf mövqe səgiləmir və Azərbaycanı Qarabağ məsələsində daha açıq müdafiə edir. Rusiyadan sonra biz Gürcüstanı da itiririk”. Onun fikrincə, ümumiyyətlə, Paşinyan Qarabağ məsələsində böyük səhvə yol verir və özünün təxəyyül məhsulları ilə daha çox qarışıqlıq yaratmağa davam edərək böyük bir səhv edir. Erməni politoloq bildirir ki, Paşinyan həddindən artıq səhv yoldadır: “Onun niyyətləri yaxşı olsa da, tutduğu yol pisliyə səbəb olacaq. Cəmiyyətin bu xətt üzrə hərəkətə səssiz qalması, kənardan müşayiət etməsi tarixi iflasa səbəb ola bilər. Keçmişdən qalmış həddindən artıq təhlükəli xəttin dayandırılması üçün hakimiyyətə təzyiq göstərilməsi vacibdir. Bu iqtidarı Qarabağ məsələsinə yanaşmada inqilabi dönüş etməyə məcbur etmək zəruridir. Əks halda, gələcəkdə Ermənistanı da itirə bilərik. Necə ki, tərəfdaşlırımızı itiririk”.

Nahid SALAYEV

Son xəbərlər