18/03/2019 18:41
728 x 90

“Etibarlı Ermənistan” NATO-nun hansı maraqlarına cavab verir?

Alyansın ofis rəhbərindən qəribə bəyanat...

img

Fikrət Sadıqov:Ermənistanın olmayan rolunu şişirtmək, buna hansısa rəng qatmaq NATO-ya hörmət gətirmir
“Bu, praqmatik düşüncədən uzaq bir yanaşmadır”

 

“Etibarlı Ermənistan NATO-nun maraqlarına cavab verir”. Bu fikirləri Cənubi Qafqaz üzrə NATO-nun əlaqələndirici ofisinin rəhbəri doktor Rosaria Puglis Ermənistanda NATO həftəsi ilə bağlı keçirilən konfransda bildirib.

NATO baş katibinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Ceyms Appaturay isə alyansın Ermənistanla ardıcıl əməkdaşlığa hazır olduğunu söyləyib.

Ermənistan dövlətinin nə dərəcədə forpost, marionet bir ölkə olduğunu hamıdan çox NATO bloku rəhbərliyi bilir. Ən azından, ona görə ki, alyans bu ölkənin hansı vəziyyətdə olduğuna dair daha ciddi məlumatlara malikdir. Hansı “etibarlı” Ermənistandan söhbət gedə bilər ki, həmsərhəd olduğu 4 ölkədən 3-nə ərazi iddiası var?! Ermənistanın ərazi iddiası irəli sürdüyü ölkələrdən biri də məhz NATO üzvü olan Türkiyədir. O Türkiyə ki, “soyuq müharibə” dövründə alyans üçün müstəsna əhəmiyyətə malik olub. İndinin özündə də Türkiyənin NATO üçün əhəmiyyəti heç də az deyil.

Ermənistan isə elə bir strateji mövqeyə malik deyil. Ermənistan Rusiyanın moderatoru olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya İqtisadi İttifaqında təmsil olunur. NATO-nun maraqlarına qarşı olaraq Ermənistan əsgərləri Rusiyanın rəhbərliyi altında Suriyada “sülhməramlı” fəaliyyət göstərirlər. Bunun ABŞ tərəfindən yaxşı qarşılanmadığını, hər halda, Rosaria Puglis də bilməmiş deyil. Bütün bu deyilənlərin fonunda, “etibarlı Ermənistan NATO-nun maraqlarına cavab verir” fikri nə deməkdir?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bəzi NATO təmsilçiləri ötən il Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin rolunu yersiz olaraq çox şişirdirlər: “Hesab edirəm ki, bu yanlış yanaşmadır. Ermənistanda NATO ilə bağlı hansısa tədbir keçirilirsə, bu heç də o demək deyil ki, sözügedən ölkə hansısa önəmli mövqeyə malikdir, yaxud da NATO buna görə Ermənistana hansısa güzəştlər etməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistanın hansısa strateji önəmi yoxdur. Eyni zamanda, yaxın və uzaq perspektivdə Ermənistanın NATO-ya üzv olmağa cəhd edəcəyi belə real görünmür. Sadəcə olaraq Ermənistanın yeni hakimiyyəti Rusiya, İran və Qərb arasında çabalayır. Bu onu göstərir ki, Ermənistanın NATO-ya hansısa fayda verəcəyini düşünmək yersizdir. Bütün bunları NATO-nun görməzdən gəlməsi təəssüf doğurur. Görünür, bu ənənəvi ikili yanaşmadan irəli gələn siyasətdir. Ermənistan heç vaxt etibarlı tərəf olmayıb və bundan sonra da olmayacaq. Ona görə də Ermənistanın olmayan rolunu şişirtmək, buna hansısa rəng qatmaq alyansa hörmət gətirmir. Bu, praqmatik düşüncədən uzaq bir yanaşmadır. Ola bilsin ki, bəzi NATO təmsilçilərinin Paşinyan hakimiyyətindən müəyyən gözləntiləri var. Ancaq mövcud reallıq onu göstərir ki, bununla bağlı gözləntilər əbəsdir və reallığa söykənmir. O üzdən, Rosaria Puglisin Ermənistan barəsində səsləndirdiyi fikirlərlə razı deyiləm”.

Vidadi ORDAHALLI

Son xəbərlər