18/03/2019 18:43
728 x 90

Avropa Parlamentindən Azərbaycana növbəti ərazi bütövlüyü dəstəyi...

“Bu yanaşma Azərbaycan tərəfinin təkidi və düzgün diplomatik səyləri əsasında özünə yer tapıb”

img

Yeganə Hacıyeva: “Zaman dəyişdikcə, Aİ  bu məsələyə sırf fərdi qaydada yanaşır”

 

Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib.

Avropa Parlamentinin martın 13-də qəbul etdiyi sənəddə deyilir: “Şərq tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, “Şərq tərəfdaşlığı” ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq”.

Xatırladaq ki, 2018-ci il dekabrın 12-də Avropa Parlamenti “Aİ-nin tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadiqliyi”nin təsdiqləndiyi qətnamə qəbul edib. Göründüyü kimi, Avropa Parlamenti son 4 ay ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sayca ikinci sənədi qəbul edib. Qəbul edilən sonuncu sənədin əhəmiyyətini necə dəyərləndirmək olar?

Avropa qurumları ilə yaxından əməkdaşlıq edən, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Aİ-nin qəbul etdiyi son sənəd olduqca əhəmiyyətlidir və Azərbaycanla münasibətlərin normal məcrada inkişafını səciyyələndirən mühüm amildir: “Martın 13-də Avropa Parlamenti keçirdiyi plenar iclasında böyük səs çoxluğu ilə “Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Avropa əleyhinə təbliğata strateji cavab tədbirləri” barədə mühüm qətnamə qəbul edib.

Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitəsinin sədri Anna Fotuqanın müəllifi olduğu qətnamə ilə üçüncü ölkələrdən yönəlmiş dezinformasiyalara qarşı tədbirlərin görülməsi üçün Avropa İttifaqının xarici siyasət xidmətinə tövsiyə qəbul edilib. Tövsiyədə göstərilir ki, belə dezinformasiyaların yayılması “Şərq tərəfdaşlığı” ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır.

Həmin gün plenar iclasda böyük səs çoxluğu ilə daha bir qətnamə qəbul edilib. “Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə tövsiyələr” haqqında qəbul edilmiş qətnamədə qeyd olunub ki, Avropa İttifaqının xüsusi nümayəndələrinin fəaliyyət dairəsi, onların mandatı və rolu Avropa İttifaqının xarici siyasət üzrə müəyyənləşdirilmiş qlobal strategiyasına uyğun olmalıdır. Bu strategiya Avropa İttifaqının xarici siyasətinin əsaslarını müəyyənləşdirən konsepsiya olaraq Avropa İttifaqı daxilində və ondan kənarda olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini Avropanın təhlükəsizliyinin əsas elementləri kimi qəbul edib.

Faktiki olaraq Avropa Parlamentinin bir plenar iclasında iki dəfə böyük səs çoxluğu ilə “Şərq tərəfdaşlığı” ölkələrinin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olduğu nümayiş etdirilib”.

Politoloqun sözlərinə görə Aİ-nin qəbul etdiyi son iki qətnaməni tərəflərin əməkdaşlığında yeni pillə də saymaq olar: “Təbii ki, bu yanaşma Azərbaycan tərəfinin təkidi və düzgün diplomatik səyləri əsasında özünə yer tapıb. Aİ-nin bundan öncəki mövqelərində Azərbaycanla bağlı yazılırdı ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü və xalqların öz müqəddəratını həll etmək təşəbbüsünü beynəlxalq hüququn çərçivəsində qəbul edir. Hazırkı sənəddə isə xalqların öz müqəddəratını təyin etmək bəndi yer almayıb. Qeyd edilir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüququn və ölkəmizin qanunlarının təsbit etdiyi qaydada tanıyır.

Bundan öncəki Assosiativ Sazişlə bağlı məsələdə Aİ-nin ehtiyat etdiyi əsas məqamlar olub. Onlar münaqişə tərəflərilə bağlı elə məqamlar ortaya qoyurdular ki, hazırda Azərbaycanın ürəyincə olan məsələ gələcəkdə Ermənistanın qurumla əməkdaşlığına maneə törətməsin. Bu yalnız Azərbaycan deyil, Ukrayna, Gürcüstan və başqa ölkələrə də aid edilirdi. Hansı ölkələrin ki, konflikti var, orada ərazi bütövlüyü şübhə altında idi. Aİ postsovet ölkələrilə əməkdaşlığa paket formasında baxırdı. Zaman dəyişdikcə, Aİ bu məsələyə sırf fərdi qaydada yanaşır. Bu konkretlik bizi sevindirir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər