18/03/2019 18:41
728 x 90

Qlobal Bakı Forumunun dünyada ən dəqiq təhlükəsizlik formulunu Azərbaycan Prezidenti gündəmə gətirdi…

“Dövlət başçısının verdiyi bu mesaj bəşəri əhəmiyyətlidir”

img

Əpoş Əliyev: “Bunu Azərbaycanın təcrübəsinə əsaslanaraq verdiyi və Forumun dünyaya təlqin etdiyi ən mühüm tezis kimi qəbul edə bilərik”

 

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Prezident İlham Əliyev qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir:

"Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyl gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq.

Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.

Azərbaycan nisbətən gənc, müstəqil ölkədir. Lakin biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin, qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin, koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyilə təmin edirik".

Göründüyü kimi, Azərbaycan Prezidenti ölkəmizin uğurla həyata keçirdiyi multikulturalizm siyasətini xüsusi olaraq vurğulayır və bildirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Bunu Bakıda keçirilən tədbirin dünyaya təlqin etdiyi ən mühüm mesajlardan saymaq olarmı?

AMEA-nın əməkdaşı, gənc alim Əpoş Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Qlobal Bakı Forumunun dünya üçün çox böyük əhəmiyyəti var: “Təsadüfi deyil ki, Bakı artıq sayca 7-ci belə Foruma evsahibliyi edir. Həmin Foruma olan böyük maraq iştirakçıların sayı və kimliklərinə nəzər saldıqda daha aydın görünür. Belə auditoriyadan verilən mesajlar bütün dünya üçün  aktuallıq kəsb edir. Məlumdur ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasıdır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modeli” kimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilib.

Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə dörd əsas məqamda göstərir: ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında”.

Gənc alimin sözlərinə görə, belə bir tribunadan verilən bəyanatlara böyük maraq olur: “ Həmin mesajlar dünya birliyi tərəfindən ciddi qəbul edilir. Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli olmadan qüdrətli səviyyəyə gəlib çatmaq mümkün deyil. Sosial-siyasi sabitlik iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə, təbii ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər humanitar məsələ və problemlər vaxtında, həm də beynəlxalq normalara uyğun həll olunmasa, gec-tez, ölkədə bu zəmində çox ciddi böhran yaşana bilər. Bu da, öz növbəsində, iqtisadi və siyasi proseslərə çox mənfi təsir göstərər. Bundan başqa, hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısının verdiyi bu mesaj bəşəri əhəmiyyətlidir. Eyni zamanda, bunu Azərbaycanın təcrübəsinə əsaslanaraq verdiyi və Forumun dünyaya təlqin etdiyi ən mühüm tezis kimi qəbul edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər