18/03/2019 18:37
728 x 90

ABŞ Dövlət Departamenti Ermənistanda qadın və uşaq siyasətini yıxıb sürüdü...

“ABŞ Dövlət Departamentinin hesabatında da belə faktların göstərilməsi...”

img

Əliməmməd Nuriyev: “Ermənistanda uşaqlara və qadınlara qarşı həyata keçirilən müxtəlif zorakılıq hallarını, cinayətləri hüquq-mühafizə orqanları heç qeydiyyata belə almırlar”

 

Ermənistanda insan hüquq və azadlıqlarının pozulması, uşaqlara və qadınlara qarşı zorakılıq hallarının kütləvi hal alması kimi məsələlər geniş yayılıb. Bu kimi faktlar vaxtaşırı olaraq beynəlxalq qurumların hazırladıqları hesabatlarda öz əksini tapır.

ABŞ Dövlət Departamenti ölkələr üzrə insan hüquqlarına dair illik hesabatını dərc edib. Dövlət Departamentinin illik hesabatında Ermənistanda qadınlara və uşaqlara qarşı zorakılığın geniş yayıldığı qeyd olunur. Sənəddə yer alan məlumata görə, məişət zorakılığı hallarına zorakılığa dair ümumi nizamnamələr çərçivəsində baxılsa da, məsul orqanlar məişət zorakılığı ilə bağlı ittihamlar üzrə effektiv araşdırma və cinayət işi aparmırlar. “Polis əməkdaşları, xüsusilə də İrəvan xaricində, belə hallarla bağlı tədbir görmək niyyəti göstərmir və qadınları şikayət verməkdən çəkindirirlər”-deyə sənəddə vurğulanır.

ABŞ Dövlət Departamentinin hesabatına görə, cinsi zorakılıq da daxil olmaqla, zorakılıq qurbanı olan uşaqlar üçün rəsmi göndəriş prosedurları mövcud olmayıb və İrəvanda uşaqlarla işləyən mütəxəssislər üçün bu göndəriş formaları məcburi hesab edilməyib.

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, bu halın geniş yayılması və cinayəti törədənlərin cəzasız qalması Ermənistan hakimiyyətində kriminal qruplaşmaların təmsil olunması ilə bağlıdır. “Ermənistanda bu gün də idarəçilikdə çox ciddi problemlər, xaos var. Burada müxtəlif qurumlar arasında ziddiyyətlər get-gedə dərinləşir. Eyni zamanda, Sarkisyanın komandası hələ də hakimiyyətin müxtəlif qollarında öz fəaliyyətini davam etdirir. Yeni gələn hakimiyyət də təcrübəsizdir. Əlbəttə, bütün bunlar bu kimi proseslərin davam etməsinə şərait yaradır. Yeri gəlmişkən deyim ki, hər zaman Ermənistanda cinayətkarlıq səviyyəsi yüksək və bu cinayətlərin üstünün açılması səviyyəsi isə çox aşağı olub. Ermənistanda klan hakimiyyətidir və Qarabağ klanı uzun müddət orada hakimiyyətdə təmsil olunub. Buna görə də onlar üçün əsas məsələ Ermənistanda cinayətkarlığın kökünü kəsmək, uşaqlara və qadınlara qarşı zorakılığın qarşısını almaq yox, var-dövlət toplamaq idi. Demək olar ki, bu ölkənin hüquq-mühafizə orqanları da kriminal qruplaşmalarla sıx əlaqədədir. Bu baxımdan, Ermənistanda uşaqlara və qadınlara qarşı həyata keçirilən müxtəlif zorakılıq hallarını, cinayətləri hüquq-mühafizə orqanları heç qeydiyyata belə almırlar. Əgər hüquq-mühafizə orqanları zorakılıqla bağlı şikayətləri qeydə alsalar, mütləq o cinayətlərin üstünü açmağa məcburdurlar. Onlar isə buna maraq göstərmirlər” - deyə Ə,Nuriyev qeyd etdi.

Ə.Nuriyev, həmçinin, vurğuladı ki, bu ölkənin iqtisadiyyatının çökməsi, işsizliyin tüğyan etməsi, əhalinin kasıblığı da Ermənistanda uşaqlara və qadınlara qarşı ən müxtəlif tərkibli cinayətlərin baş verməsini şərtləndirən amillərdən biridir. “Bu ölkədə iqtisadi vəziyyətin ağır olması, işsizlik kimi amillər müxtəlif cinayətlərin, eləcə də uşaqlara və qadınlara qarşı zorakılıq əməllərinin artmasına gətirib çıxarır. Çünki burada iş yerləri yoxdur və insanların yaşayışının təmin olunması məsələsi hökuməti maraqlandırmır. Bu da cəmiyyətdə gərginliyin artmasına səbəb olur, kriminal hadisələr baş verir və bundan da ən çox qadınlar və uşaqlar zərər çəkir. Biz Ermənistanda belə halların bundan sonra da şahidi olacağıq. ABŞ Dövlət Departamentinin hesabatında da belə faktların göstərilməsi, Ermənistanda baş verən bu kimi halların həmin sənəddə yer alması tam təbiidir. Çünki real situasiya bundan ibarətdir” - deyə müsahibimiz qeyd etdi.    

İradə SARIYEVA 

Son xəbərlər