18/03/2019 18:40
728 x 90

Lombardçıların və eksçeynclərin Paşinyana qarşı üsyanı başladı...

“Paşinyanın bu günə qədər maliyyə islahatlarına dəstək adı ilə etdiyi cəhdlər səmərə verməyib”

img

Elçin Mirzəbəyli: “Gedən proseslər Ermənistanda ciddi sosial partlayışların baş verməsinə zəmin yaradır”

 

Baş nazir Nikol Paşinyanın Ermənistanda aparmaq istədiyi islahatlar, həmişə olduğu kimi, cəmiyyətin etirazları ilə müşayiət olunur. O, Baş nazir olandan sonra bir sıra struktur və digər islahatlar keçirməyə cəhd göstərsə də, faktiki olaraq, səyləri alınmır. Çünki Paşinyanın aparmaq istədiyi islahatların real əsası yoxdur.

Ən azından, Ermənistanın mövcud maliyyə resursları buna imkan vermir. İslahat aparan ölkənin ya özünün maliyyə resursları olmalıdır, ya da xarici donorlardan vəsait cəlb etməlidir. Bunların heç birinə Ermənistan sahib deyil. Buna baxmayaraq, Paşinyan hakimiyyəti qanunvericiliyə bəzi dəyişikliklər etmək istəyir. Bu da əhalinin etirazlarına səbəb olur.

Vəziyyət o yerə gəlib çatıb ki, lombard işçiləri və valyutadəyişmə məntəqələrinin əməkdaşları artıq üsyana başlayıblar. Onlar İrəvanda hökumət binasının qarşısında aksiya keçirərək “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərə etiraz ediblər. Bundan əvvəl də, yəni martın 11-də lombard işçiləri və valyutadəyişmə məntəqələrinin əməkdaşları etiraz aksiyası keçiriblər. Etirazların kökündə o dayanır ki, “Dövlət rüsumu haqqında” Qanuna son dəyişiklikdən sonra vergilər 60 dəfə artırılıb. Belə ki, lombardlar üçün müəyyən olunmuş 100 min dramlıq vergi 6 milyon drama, mübadilə məntəqələri üçün nəzərdə tutulmuş 50 min dram vergi isə 3 milyon drama qədər artırılıb. Zəif iqtisadiyyata malik olan Ermənistan üçün bu cür vergi artımları çox böyük rəqəmdir.

Digər tərəfdən, Azərbaycanda da bir sıra islahatlar aparılır. Ancaq hələ indiyə qədər ölkədə aparılan islahatlara cəmiyyətin müxtəlif təbəqələri və ictimai təşkilatlar etiraz etməyiblər. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Ermənistanda Paşinyan iqtidarının gördüyü işləri islahat adlandırmaq olmaz: “O üzdən, cəmiyyət maliyyə islahatlarına ciddi müqavimət göstərir. Bütün bunlar təsadüfi deyil. Təkcə bu ilin bir ayı ərzində Ermənistanın valyuta ehtiyatları 1 milyard 250 milyon dollar azalıb. Reallıq onu göstərir ki, Ermənistanın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Bu isə, faktiki olaraq, Ermənistan dövlətinin maliyyə cəhətdən iflası deməkdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın xarici borcu 7 milyard dollardan artıqdır. Ermənistanın xarici borcu ölkənin valyuta ehtiyatlarını dəfələrlə üstələyir. Paşinyanın bu günə qədər maliyyə islahatlarına dəstək adı ilə etdiyi cəhdlər səmərə verməyib. Onun həm Rusiya, həm də Avropa İttifaqı ilə apardığı danışıqlar nəticə vermədi. Heç bir tərəf iqtisadi cəhətdən perspektivi olmayan ölkəyə vəsait ayırmaq niyyətində deyil. Gedən proseslər Ermənistanda ciddi sosial partlayışların baş verməsinə zəmin yaradır. Çünki Paşinyanın indiyə qədər verdiyi sosial vədlərin heç biri yerinə yetirilmədi. Bunun əvəzində kəmərbərkitmə siyasəti həyata keçirilir. Hökumət onsuz da acınacaqlı bir durumda olan Ermənistan vətəndaşlarının vəziyyətini iqtisadi baxımdan daha da acınacaqlı vəziyyətə gətirib. Ümumiyyətlə, Ermənistanı hansısa müstəvidə Azərbaycanla müqayisə etməzdim, o cümlədən, maliyyə müstəvisində. Çünki Azərbaycan nəinki regionda, həmçinin, dünyada iqtisadi müstəvidə mühüm rol oynayır. Azərbaycan nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyasında dünyaya mühüm töhfələr verir. Ermənistan bütün bunlardan uzaq bir ölkədir. Ən başlıcası, Azərbaycanda həyata keçirilən islahatlar sosial baxımdan sığortalanıb. İslahatların konseptual əsasları hazırlanıb. Hökumət hansı addımı nə zaman, necə atacağını kifayət qədər yaxşı bilir. Bununla yanaşı, Prezident İlham Əliyevin bilavasitə göstərişləri ilə müvafiq sosial proqramlar həyata keçirilir. Ardıcıl olaraq əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi ilə bağlı ciddi addımlar atılır. Azərbaycanda yeni-yeni sosial paketlər ortaya qoyulur. Ona görə də ölkədə aparılan islahatlar hansısa etiraza səbəb olmur. Ancaq Ermənistanda bunların heç biri yoxdur. Belə olan halda, Ermənistan cəmiyyətinin müxtəlif təbəqələri Paşinyanın gördüyü işlərə sərt reaksiya verir. Belə getsə, Ermənistanda kütləvi iğtişaşların baş verməsi qaçılmazdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər