24/03/2019 03:46
728 x 90

Bakıda keçirilmiş 6 əvvəlki qlobal forumun dünya təhlükəsizlik tarixinə töhfələri…

img

Aydın Mirzəzadə: “Bakıda dünyanın qlobal məsələləri müzakirə edilir”
Vaqif Abışov: “Qlobal Forumun ənənəvi olaraq keçirilməsində, əslində, məqsəd dünyada sülhə və təhlükəsizliyə nail olmağın yollarını beynəlxalq ictimaiyyətə göstərməkdir”

 

Son illər davamlı olaraq ölkəmiz müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla evsahibliyi edir. Martın 14-də Bakıda başlayan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr edilib. Martın 16-na qədər davam edəcək Forumda 450-dən çox qonaq iştirak edir.

Bakıda keçirilən sayca 7-ci olan Qlobal Forum dünyada sülh və təhlükəsizliyin təmin olunması baxımından praktik olaraq nə kimi faydalar verib?

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə VII Qlobal Forumun keçirilməsi olduqca əhəmiyyətlidir. A.Mirzəzadənin bildirdiyinə görə, bu Forumun keçirilməsi dünyada sülh və təhlükəsizliyin qorunması, daha da dayanıqlı olması üçün çox önəmlidir. Millət vəkili qeyd etdi ki, Azərbaycandan bütün dünyaya yayılan mesajlar, çağırışlar bəşəriyyətdə sülh və əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. “Bakı artıq çoxdan dünyanın diplomatik mərkəzlərindən birinə çevrilib. Bakıda dünyanın qlobal məsələləri müzakirə edilir və sözsüz ki, burada sülh və təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. Müxtəlif ölkələrdən gələn nüfuzlu dövlət və siyasət xadimləri bu problemin həlli ilə bağlı öz baxışlarını ortaya qoyurlar. Eyni zamanda, Azərbaycan təcrübəsi çox diqqətlə izlənir. Forumun artıq 7-ci dəfə baş tutması dünyanın diqqətini yenidən Bakıya yönəltməyə imkan verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Forumda iştirak etməsi və aktual məsələlərlə bağlı çıxış etməsi də Forumun diqqətini bu gün ciddi məsələlərə yönəltməyə imkan verdi. Ermənistanın Azərbaycanın torpaqlarının bir hissəsini indiyə qədər işğal altında saxlaması məsələsi dünyanın ağrılı məsələlərindən biri kimi bir daha vurğulandı. Qonaqlar Azərbaycanın dövlətçiliyinin, iqtisadiyyatının, sosial vəziyyətinin yaxşılaşdırılması təcrübəsilə tanış olmaqda maraqlıdırlar. Ümumən götürdükdə Qlobal Forumu həm Azərbaycanın, həm də dünyanın ictimai-siyasi həyatında çox ciddi bir hadisə hesab etmək olar” – deyə A.Mirzəzadə vurğuladı.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tarixçi-alim Vaqif Abışov da hesab edir ki, Azərbaycan bu Forumu keçirməklə dünyada sülh və təhlükəsizliyin qorunmasına böyük töhfələr verib. 

O qeyd etdi ki, ölkəmiz multikulturalizm və tolerantlıq kimi ali insani dəyərlərlə bütün dünya üçün təhlükəsizliyin ünvanı olduğunu bir daha sübut edir.

Alimin sözlərinə görə, Azərbaycanda keçirilən bütün beynəlxalq humanitar tədbirlərdən dünyaya sülh çağırışları yayılır. “Qlobal Forumun ənənəvi olaraq keçirilməsində, əslində, məqsəd dünyada sülhə və təhlükəsizliyə nail olmağın yollarını beynəlxalq ictimaiyyətə göstərməkdir. Bu mənada ki, Azərbaycanda sülh və təhlükəsizlik bütün mənalarda öz əksini tapıb. Ölkəmiz birgəyaşayışın örnəyini öz təcrübəsində göstərib. Məlumdur ki, tolerantlıq, dözümlülük olmasa, nə sülhə, nə də təhlükəsizliyə nail olmaq olar. Ermənistanın uzun illərdir torpaqlarımızı işğal altında saxlaması sülhün və dincliyin pozulmasına xidmət edir. Bu ölkə nəinki Qafqaz üçün, eləcə də dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bütün dünya Ermənistanın sülhü pozmağa xidmət edən əməllərini ifşa etməlidir”.

Tarixçi-alim vurğuladı ki, bu gün Azərbaycandan bütün dünyaya sülh və təhlükəsizliklə bağlı çağırışlar yayılır və bu da ölkəmizin nüfuzunu daha da artırır. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda multikultural və tolerant mühitin olmasını bir daha göstərdiyini deyən V.Abışov qeyd etdi ki, bu da Azərbaycanın sülhə, təhlükəsizliyə münasibətinin göstəricisi kimi beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə özünü göstərir.

İradə SARIYEVA

Son xəbərlər